NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Bakı – şəhərsalma və mədəni yaddaşın sintez mərkəzi

...

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası fonunda mədəni-sosial baxış

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası müasir şəhər anlayışının texniki infrastruktur və mühəndislik fəaliyyəti ilə məhdudlaşmadığını, onun dərin mədəni, sosial və estetik qatlara malik olduğunu ortaya qoydu. Bu gün Bakı şəhəri yaşayış məkanı olmaqla yanaşı, insan həyatının sosial, mədəni və iqtisadi fəaliyyətlərinin formalaşdığı çoxfunksiyalı bir məkan kimi insan sivilizasiyasının inkişaf istiqamətini formalaşdıran, tarixi yaddaşı qoruyan və gələcəyə daşıyan canlı mədəni sistem kimi qəbul olunur. Bu baxımdan, şəhərsalma “şəhər qurmaq” mərhələsindən “şəhər düşünmək” mərhələsinə keçərək daha kompleks və çoxqatlı məna kəsb etmişdir.

Qlobal urbanistik proseslərdə dayanıqlı inkişaf, ekoloji tarazlıq, mədəni irsin qorunması və insan mərkəzli planlaşdırma bu gün şəhərsalmanın əsas prioritetlərinə çevrilmişdir. Müasir təcrübə göstərir ki, uğurlu şəhər modeli binaların və yolların inşası ilə yanaşı, həm də sosial ədalətin təmin olunması, mədəni identikliyin qorunması və estetik harmoniyanın yaradılması ilə formalaşır. Bu səbəbdən şəhərsalma forumları artıq texniki müzakirə platforması olmaqdan çıxaraq müxtəlif mədəniyyətlərin, ideyaların və urbanistik yanaşmaların dialoq məkanına çevrilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı çərçivəsində keçirilən Ümumdünya Şəhərsalma forumları qlobal şəhərsalma prosesində ən mühüm platformalardan biri hesab olunur. Burada şəhərlərin gələcək inkişaf strategiyaları, yeni urbanistik modellər və insanın həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş yanaşmalar müzakirə edilir. Bakıda keçirilən 13-cü Sessiya da bu qlobal əməkdaşlıq və təcrübə mübadiləsinin davamı kimi çıxış edərək şəhərsalmanın həm texniki, həm də humanitar ölçülərini bir araya gətirmişdir.

Bakının şəhər strukturu bu kontekstdə xüsusi maraq doğurur. O, müxtəlif tarixi dövrlərin üst-üstə yığıldığı mədəni bir mətn kimi oxunur. Şəhərin inkişafı Şərq və Qərb sivilizasiyalarının kəsişməsində formalaşdığı üçün onun memarlıq elementləri müxtəlif dövrlərin estetik və düşüncə xüsusiyyətlərini əks etdirir. İçərişəhərin qədim daş memarlığı ilə müasir şəhər siluetinin şüşə və metal konstruksiyaları arasındakı qarşılaşma tarixi davamlılığın və mədəni transformasiyanın təbii ifadəsidir. Burada zaman xətti deyil, qat-qatdır, hər yeni mərhələ əvvəlkini silmir, əksinə, onu yeni məna ilə tamamlayır.

Şəhərin dənizkənarı bulvarının genişlənməsi urbanistik inkişaf göstəricisi, insanın məkanla münasibətinin yenidən formalaşması kimi hesab olunur. Bu dəyişiklik Bakı ilə Xəzər dənizi arasında formalaşan təbii, mədəni və estetik bağı daha da gücləndirir. Beləliklə, Bakı yalnız fiziki urbanistik sistem deyil, oxunan, şərh edilən və mədəni baxımdan dərk olunan bir şəhər mətnidir.

Azərbaycanın müxtəlif regionlarında formalaşmış memarlıq irsi də ümumi şəhərsalma mədəniyyətimizin ayrılmaz hissəsidir. Şamaxı, Gəncə, Şəki, Qəbələ və xüsusilə Naxçıvan şəhərləri milli estetik düşüncənin və tarixi yaddaşın maddi ifadəsi kimi çıxış edir. Naxçıvan memarlıq məktəbi bu baxımdan xüsusi yer tutur. Çünki burada formalaşan memarlıq dili sadə formaların arxasında dərin fəlsəfi məna daşıyır. Möminə xatun türbəsi tarixi abidə kimi həm də orta əsr Azərbaycan memarlığının kosmik harmoniyasını ifadə edən mühüm sənət nümunəsidir. Onun struktur dəqiqliyi və ornament sistemi memarlığın düşüncə forması olduğunu göstərir.

Azərbaycan şəhərlərinin memarlıq irsi xalqın dünyagörüşünü, estetik zövqünü və sosial təşkilatlanma prinsiplərini əks etdirən mədəni yaddaş sistemidir. Bu irs keçmişin izi, müasir urbanistik inkişafın istiqamətini müəyyən edən canlı bir qaynaqdır.

Bu kontekstdə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması şəhərsalmanın ən mürəkkəb, ən simvolik mərhələlərindən biri kimi çıxış edir. Uzun illər dağıdılmış ərazilərin yenidən dirçəldilməsi fiziki bərpa, mədəni və mənəvi dirçəliş prosesidir. Şuşanın bərpası Azərbaycan mədəni kimliyinin yenidən formalaşmasının simvoluna çevrilir, Ağdamın yenidən qurulması isə dağıntılardan həyatın və şəhər mədəniyyətinin yenidən doğuluşunu ifadə edir.

Müasir şəhərsalma modelində inkişaf və qoruma arasında balans əsas prinsip kimi çıxış edir. Bakıda həyata keçirilən “Ağ şəhər” və “Sea Breeze” kimi layihələrlə yanaşı, İçərişəhərin tarixi mühiti ciddi şəkildə qorunur. Bu, şəhərsalmanın yalnız tikinti prosesi deyil, həm də gələcəyə ötürülən mədəni məsuliyyət olduğunu göstərir.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal mədəni və urbanistik məkan kimi artan nüfuzunun göstəricisidir. Bakı bu gün yalnız paytaxt deyil, həm də tarix, memarlıq, mədəni yaddaş və müasir inkişaf ideyalarının qovuşduğu canlı şəhər modelidir.

Gülxarə ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 20.05.2026 16:47