Naxçıvanda idman infrastrukturu: xərclər, probleml...
20:27 12.10.2026
0
0
4
NAXÇIVAN :
12 Oktyabr 2026, Bazar ertəsi
Beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, yeni iqtisadi tərəfdaşların müəyyənləşdirilməsi və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın xarici siyasətində bu yanaşma Asiya ölkələri ilə münasibətlərin inkişafında da aydın görünür. Respublikamızın müxtəlif regionlarla tərəfdaşlığın möhkəmləndirilməsinə yönələn xarici siyasəti fonunda oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlər üçün yeni perspektivlər vəd edir. Prezident İlham Əliyevin Hun Manetlə Bakıda keçirdiyi görüş və aparılan müzakirələr Azərbaycan-Kamboca əlaqələrinin yeni məzmunla zənginləşdirilməsi, siyasi dialoqun iqtisadi əməkdaşlıqla tamamlanması və mövcud potensialın konkret nəticələrə çevrilməsi baxımından mühüm addımların atılması ilə yadda qaldı. Bu təmaslar iki ölkə arasında münasibətlərin yalnız diplomatik çərçivədə deyil, ticarət, investisiya, nəqliyyat, təhsil və digər sahələr üzrə də genişləndirilməsi üçün yeni imkanlar açır.
Azərbaycanla Kamboca arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olması siyasi əlaqələrin möhkəm təməl üzərində qurulduğunu göstərir. Hazırkı mərhələdə əsas məqsəd isə formalaşmış siyasi etimadı konkret iqtisadi nəticələrə çevirmək, tərəfdaşlığın əhatə dairəsini genişləndirməkdir.
Azərbaycanın ev sahibliyi edəcəyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammiti isə regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın sədrliyinin yekdilliklə dəstəklənməsi ölkəmizin suverenliyə və müstəqil siyasətə əsaslanan mövqeyinə beynəlxalq hörmətin göstəricisidir.
Siyasi dialoqdan iqtisadi tərəfdaşlığa
Bakı görüşündə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi tərəflərin münasibətləri praktiki məzmunla zənginləşdirmək niyyətini nümayiş etdirir. Ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun yaradılması barədə razılaşma bu istiqamətdə mühüm addımdır. Mexanizmin səmərəli fəaliyyəti qarşılıqlı bazar imkanlarının araşdırılmasına, sahibkarlar arasında əlaqələrin qurulmasına və yeni layihələrin müəyyənləşdirilməsinə şərait yarada bilər. Bakıda keçirilən biznes forumu və Kamboca tərəfinin Azərbaycan işgüzar dairələrini ölkəsinə dəvət etmək niyyəti də iqtisadi münasibətlərin genişləndirilməsinə marağın göstəricisidir.
Azərbaycanın qeyri-neft sektorunun inkişafı və xarici iqtisadi əlaqələrinin şaxələndirilməsi baxımından Kamboca ilə əməkdaşlıq yeni imkanlar yaradır. Bununla yanaşı, real nəticələrə nail olmaq üçün qarşılıqlı ticarətin qarşısındakı maneələrin müəyyənləşdirilməsi, investisiya mühitinin öyrənilməsi və şirkətlər arasında birbaşa əlaqələrin davamlı xarakter alması vacibdir. Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manetlə mətbuata bəyanatında da bu məqama xüsusi toxundu və iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğuladı: “Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək. Ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq”.
Cənub-Şərqi Asiya istiqamətində əlaqələrin genişlənməsi
Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən coğrafi mövqeyi və beynəlxalq nəqliyyat-logistika əlaqələrinin inkişafında iştirakı ölkənin müxtəlif regionlarla əməkdaşlığını genişləndirmək üçün əlverişli imkanlar yaradır. Kamboca ilə münasibətlərin inkişafı da Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində əlaqələrinin möhkəmləndirilməsi baxımından diqqətəlayiqdir. Liderlərin görüşündə hava əlaqələrinin genişləndirilməsi, mülki aviasiya sahəsində əməkdaşlıq və müvafiq sazişin imzalanması imkanlarının müzakirəsi iqtisadi və turizm təmaslarının inkişafı üçün əhəmiyyətlidir. Nəqliyyat bağlantılarının yaxşılaşdırılması işgüzar səfərləri asanlaşdıra, ticarət əlaqələrinin genişlənməsinə və qarşılıqlı turizm imkanlarının artmasına töhfə verə bilər.
Kambocanın Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etmək səylərini dəstəkləməsi də siyasi əməkdaşlığın mühüm istiqamətlərindəndir. Bu dəstək Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə institusional əlaqələrinin genişləndirilməsi və beynəlxalq platformalarda əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Humanitar əlaqələr də ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması bu sahədə tarixi təcrübənin mövcudluğunu göstərir. Qarşılıqlı təhsil imkanlarının genişləndirilməsi, təqaüd proqramlarının davam etdirilməsi və tələbə mübadiləsi xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edə bilər. Eyni zamanda Azərbaycanın “ASAN xidmət” modelinin Kambocada maraq doğurması dövlət idarəçiliyi və rəqəmsal xidmətlər sahəsində təcrübə mübadiləsi üçün imkanlar açır.
Razılaşmalardan konkret nəticələrə doğru
Bakı dialoqu çərçivəsində üç sazişin imzalanması Azərbaycan-Kamboca münasibətlərinin hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Əməkdaşlığın gələcək səmərəsi isə əldə olunmuş razılaşmaların icrasından, iqtisadi təşəbbüslərin reallaşdırılmasından və biznes dairələrinin fəallığından asılı olacaq.
Mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə mübadiləsi də tərəflər arasında əməkdaşlığın humanitar istiqamətlərindən biri kimi diqqət çəkir. Hər iki ölkənin bu problemlə üzləşməsi bilik və praktiki bacarıqların paylaşılması, mütəxəssislərin hazırlanması və birgə təlimlərin təşkili üçün ortaq zəmin yaradır. Bu, münasibətlərin yalnız iqtisadi deyil, humanitar və təhlükəsizlik məsələlərini də əhatə etdiyini göstərir. Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi: “Biz, həmçinin təəssüf ki, hər iki ölkə üçün ümumi problem olan bir məsələni müzakirə etdik. Bu, mina problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır”.
Ümumilikdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana səfəri ikitərəfli münasibətlərin mövcud potensialının reallaşdırılması və siyasi dialoqun daha geniş iqtisadi əməkdaşlığa çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, nəqliyyat bağlantılarının inkişafı, təhsil və dövlət xidmətləri sahəsində təcrübə mübadiləsi qarşıdakı dövrün əsas istiqamətləri olacaq. Bu sahələrdə ardıcıl və məqsədyönlü fəaliyyət Azərbaycanla Kamboca arasında qarşılıqlı faydaya əsaslanan uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə şərait yaradacaq.
Nail ƏSGƏROV
Digər xəbərlər