NAXÇIVAN :

02 Iyul 2026, Cümə axşamı

Bakı dialoqu: Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni strateji mərhələ

...

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər Vətən müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, "yaşıl enerji" və regional sabitlik istiqamətlərində əməkdaşlığın genişlənməsi tərəflərin strateji maraqlarının üst-üstə düşdüyünü göstərir. Son dövrlərdə Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri də bu münasibətlərin intensiv inkişafının göstəricisi kimi qiymətləndirilir. Bu baxımdan, ötən ilin may və oktyabr aylarında keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantıları ikitərəfli gündəlikdə yer alan məsələlərin ətraflı müzakirəsi və əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynayıb. Eyni zamanda bu ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın ölkəmizə səfərləri zamanı keçirilən görüşlər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin əhəmiyyətini və strateji xarakterini bir daha nümayiş etdirib. İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirilən görüşlər isə münasibətlərin dərinləşməsi, yeni əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Geniştərkibli görüşdə Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğunu vurğulayaraq tərəflər arasında münasibətlərin möhkəm təməllər üzərində inkişaf etdiyini və Prezident İlham Əliyevin sülh gündəliyi üzrə liderliyinin yüksək qiymətləndirildiyini bildirdi. O, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, ticarət əlaqələrinin başlanması və nəqliyyat-tranzit əməkdaşlığını müsbət dəyərləndirərək Avropa İttifaqının sülh prosesinə hərtərəfli dəstək verməyə hazır olduğunu qeyd etdi. Görüşdə Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı rolu və Avropanın enerji təhlükəsizliyinə etibarlı tərəfdaş kimi verdiyi töhfə, xüsusilə qaz ixracının artması diqqətə çatdırıldı.

Prezidentlərin mətbuata bəyanatında enerji tərəfdaşlığının genişləndirilməsi, Cənub Qaz Dəhlizinin potensialının artırılması, bərpa olunan enerji layihələrinin inkişafı və Orta Dəhlizdən daha səmərəli istifadə məsələləri yer aldı. Eyni zamanda regional sülh və sabitlik diqqət mərkəzində oldu. Tərəflər qarşılıqlı etimada əsaslanan dialoqun, regional sülh və praktiki əməkdaşlığın genişləndirilməsinin Azərbaycan və Avropa İttifaqının uzunmüddətli maraqlarına xidmət etdiyini vurğuladılar.

Azərbaycan-Aİ: enerji, ticarət və yaşıl keçiddə əməkdaşlığın genişlənməsi

Avropa İttifaqı hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Belə ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqı ölkələri ilə formalaşır. Bununla yanaşı, Avropa İttifaqının Cənubi Qafqaz üzrə ümumi ticarət dövriyyəsinin, təxminən, 70 faizi də Azərbaycanın payına düşür. Bu göstəricilər ölkəmizin regionun əsas iqtisadi tərəfdaşı statusunu bir daha təsdiqləyir.

Enerji əməkdaşlığı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin əsas dayaqlarından biridir. 2022-ci il iyulun 18-də Bakıda imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"ndan sonra Azərbaycan Avropaya təbii qaz ixracını sürətlə artırmaqdadır. Hazırda Azərbaycanın qaz ixracının, təxminən, yarısı Avropa bazarına yönəldilir və Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Son dörd ildə Avropa İttifaqına qaz ixracının, təxminən, 65 faiz artması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əvəzsiz tərəfdaş olduğunu göstərir. Enerji sahəsində uğurlu əməkdaşlığın əsasını isə Cənub Qaz Dəhlizi təşkil edir. Təxminən, 3500 kilometr uzunluğunda olan bu beynəlxalq enerji infrastrukturu "Şahdəniz" yatağından hasil olunan qazı Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Avropa bazarına çatdırır. Milyardlarla dollar sərmayə hesabına reallaşdırılan layihə bu gün Avropanın enerji mənbələrinin şaxələndirilməsində ən mühüm layihələrdən biri hesab olunur. Azərbaycan paralel olaraq "yaşıl enerji" sahəsində də iddialı proqram həyata keçirir. BƏƏ-nin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri və digər beynəlxalq investorlarla imzalanmış müqavilələr çərçivəsində yaxın 5-6 il ərzində ölkədə 8 giqavat gücündə günəş və külək enerjisi istehsalı planlaşdırılır. Bu həm daxili tələbatın ödənilməsinə, həm də gələcəkdə "yaşıl enerji"nin Avropaya ixracına imkan yaradacaq. Xəzər dənizinin dibi ilə nəzərdə tutulan kabel və Qara dəniz sualtı elektrik kabeli kimi layihələr Azərbaycan-Avropa enerji əlaqələrinin gücləndirilməsinə və bərpa olunan enerji potensialının ixracına xidmət edir.

Azərbaycanın geostrateji mövqeyi nəqliyyat və logistika sahəsində də onun əhəmiyyətini artırır. Ölkəmiz Şərq-Qərb (Orta Dəhliz) və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir. Son illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükötürmə qabiliyyətinin artırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi və yeni logistika mərkəzlərinin yaradılması Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı indiki şəraitdə Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən perspektivli marşrutlardan biri kimi qiymətləndirilir. İyulun 1-də Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə mətbuata bəyanatında Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirdi, gələcəkdə bərpa olunan enerji sahəsində də strateji tərəfdaşlığın mümkünlüyünü vurğuladı. Sitat: "Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpa olunan enerji ilə bağlıdır. Biz xanım Prezidentlə, həmçinin Azərbaycanın günəş, külək və su elektrik enerji potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan, biz həmçinin strateji tərəfdaş ola bilərik".

Praqmatik siyasətin real nəticələri – regional sülh və əməkdaşlığın möhkəmlənən təməli

Prezident İlham Əliyevin həyata keçirdiyi məharətli diplomatiya, praqmatik siyasət nəticəsində Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranmaqdadır. Bu baxımdan, Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar artıq yalnız diplomatik müstəvidə deyil, praktik səviyyədə də öz nəticələrini göstərir. Ötən il avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması regionda uzunmüddətli sabitliyin formalaşmasında mühüm mərhələ hesab olunur.

Vaşinqton Zirvəsindən ötən bir ilə yaxın müddətdə Azərbaycan sülh gündəliyinə sadiqliyini konkret addımlarla nümayiş etdirir. Ermənistan istiqamətində yük tranzitinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması, eləcə də benzin və dizel yanacağının tədarükünə başlanılması qarşılıqlı etimadın möhkəmlənməsinə və iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir. Bu addımlar regionda yeni əməkdaşlıq mühitinin formalaşdığını göstərir. Eyni zamanda Avropa Komissiyasının sülh prosesinə dəstəyi və Azərbaycanın bu dəstəyi yüksək qiymətləndirməsi Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləyir. Məqsəd bölgəni uzunmüddətli əməkdaşlıq, inkişaf və sabitlik regionuna çevirməkdir. İyulun 1-də Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə mətbuata bəyanatında dediyi kimi: "Xanım Prezident, həmçinin mənə məlumat verdi ki, Avropa Komissiyası çox kömək edə bilər və bunu arzulayır. Bu baxımdan, biz hər hansı köməyi, hər hansı yardımı yüksək dəyərləndirərdik. Düşünürəm ki, bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək".

İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Bakıda keçirilən yüksək səviyyəli dialoqlar bir daha təsdiqlədi ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri artıq ənənəvi tərəfdaşlıq çərçivəsini aşaraq yeni strateji məzmun qazanır. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik xarici siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyinin təminatçısı, Orta Dəhlizin əsas həlqəsi, "yaşıl enerji" keçidinin etibarlı tərəfdaşı və Cənubi Qafqazda sülh gündəliyinin aparıcı təşəbbüskarı kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji baxışa söykənən bu əməkdaşlıq modeli həm Azərbaycanın milli maraqlarına xidmət edir, həm də Avropanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bunlar göstərir ki, Bakı dialoqu təkcə bugünkü əməkdaşlığın deyil, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gələcək inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi tarixə düşür.

Nail ƏSGƏROV

Nəşr edilib : 02.07.2026 09:41