NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Bacarıqlar Sammiti çərçivəsində keçirilən görüşlərdə Azərbaycanda sosial sahədə görülən işlər barədə məlumat verilib

...

Türkiyənin İstanbul şəhərində “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammitində iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Çin Xalq Respublikasının insan resursları və sosial təminat naziri Vanq Siyaopinqlə görüşdə Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əmək və sosial müdafiə üzrə əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin yaratdığı vurğulanıb. Ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramları, son illər əmək bazarı üzrə rəqəmsal idarəçiliyin qurulduğu diqqətə çatdırılıb. İki nazirlik arasında əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən olunması, birgə pilot layihələrin icrası, texniki kadr hazırlığı sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Anar Əliyevlə Sloveniyanın Baş nazirinin müavini, əmək, ailə, sosial işlər və bərabər imkanlar naziri Leka Meseçin görüşündə ölkələrimiz arasında əlaqələrin inkişafından bəhs olunub. Azərbaycan-Sloveniya İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ötən il Bakıda keçirilən iclasının protokolunda əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın həyata keçirilməsinin əks olunduğu qeyd edilib. Bu istiqamətdə atılacaq addımlar, eləcə də Sloveniyanın işçi qüvvəsi idxal edən ölkə olduğu nəzərə alınmaqla, Azərbaycandan işçi qüvvəsinin həmin ölkənin əmək bazarına çıxış imkanlarının araşdırılması məsələləri müzakirə olunub.

Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla görüşən Anar Əliyev iki ölkə arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğunu vurğulayıb. Görüşdə nazirliklər arasında əlaqələrin də yüksək səviyyədə davam etdiyi bildirilib. Keçən il Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Bakıda keçirilən ilk iclasının və iki nazirlik arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın Ankarada keçirilən 12-ci iclasının əhəmiyyəti vurğulanıb. Müntəzəm görüşlərin əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verdiyi qeyd olunub, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Anar Əliyev İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk ilə də görüşüb. 2023-cü ildə nazirlik ilə SESRIC arasında imzalanmış əməkdaşlıq sənədinin əlaqələrimizin institusional baxımdan gücləndirilməsində, birgə fəaliyyətin hüquqi və metodoloji çərçivəsinin müəyyən olunmasında önəmi qeyd edilib. Bu sənədə uyğun olaraq 2025-2027-ci illər üzrə Tədbirlər Planı əsasında aparılan işlər nəzərdən keçirilib, tədqiqatların aparılması sahəsində gələcək əməkdaşlıq müzakirə olunub.

Birləşmiş Krallığın məşğulluq naziri Dayana Conson ilə görüşdə Azərbaycanda aktiv əmək bazarı proqramlarının genişləndirilməsi istiqamətində atılan addımlar, əmək və məşğulluq sahələrində rəqəmsal həllərin geniş tətbiqi işləri barədə məlumat verilib. İki qurum arasında əməkdaşlıq üçün müqavilə-hüquq bazasının genişləndirilməsi, əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadilələrinin aparılması, habelə ölkəmizdən Birləşmiş Krallığın əmək bazarına müəyyən sektorlar üzrə tələb olunan işçi qüvvəsinin ixracı imkanlarının nəzərdən keçirilməsi məsələləri müzakirə edilib. Bu görüşün qeyd edilən sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Nəşr edilib : 29.04.2026 10:53