NAXÇIVAN :

03 May 2026, Bazar

Azyaşlıların oyun oynamağa vaxtı olmur

...

Dərslər çətindir, yoxsa biz çətinləşdiririk?

Testlər şagird və tələbələrin bilik səviyyəsini, məntiqi təfəkkürünü, tətbiqetmə bacarığını, həmçinin mövzuya nə dərəcədə yiyələndiyini obyektiv şəkildə qiymətləndirmək üçün hazırlanır. Son illər nəşriyyatların çoxalması ilə, demək olar ki, hər fənn üçün onlarla müxtəlif test vəsaiti çap olunur. Hər nəşriyyat öz versiyasını “daha yaxşı”, “daha dolğun” və ya “daha aktual” kimi təqdim edir. Bu da bir çox məktəblərdə və müəllimlərdə belə bir təsəvvür yaradır ki, sanki bütün testlər mütləq şəkildə alınıb istifadə olunmalıdır.

Əsas dərsliklər Təhsil Nazirliyi tərəfindən ödənişsiz şəkildə təqdim olunsa da, məktəblərdə uşaqlardan əlavə test vəsaitləri, iş dəftərləri və hazırlıq materialları almaq tələb edilir. Bu isə həm valideynlər, həm də şagirdlər üçün yeni bir yük yaradır. Diqqətçəkən məqam ondan ibarətdir ki, bir çox hallarda eyni mövzu həm dərslikdə, həm iş dəftərində, həm də test kitablarında təkrarlanır. Məsələn, Azərbaycan dili fənnində “İsim nədir?” mövzusu həm dərslikdə, həm iş dəftərində, həm də əlavə test vəsaitlərində eyni şəkildə yer alır. Bu, faktiki olaraq 2x2=4 prinsipini xatırladır – mövzu dəyişmir, cavab da eynidir, sadəcə, bir mövzu dolayı yollarla izah edilir.

Bundan əlavə, azyaşlı şagirdlərin üzərinə düşən fiziki yük də getdikcə artır. Birinci-dördüncü sinif şagirdlərinin çantaları bəzən o qədər ağır olur ki, uşaqlar çantanı yerdən qaldırmaqda çətinlik çəkir. Dərsliklər, iş dəftərləri, test topluları, müxtəlif əlavə materiallar – hamısı birlikdə uşağın fiziki inkişafına uyğun olmayan bir yük yaradır. Bu da həm qamət problemlərinə, həm də ümumi yorğunluğa səbəb ola bilir.

Uşaqların zehninin yenicə formalaşdığı bir vaxtda, oyun oynamalı olduqları zamanda onlara müxtəlif iş dəftərləri və test toplularının verilməsi həm psixoloji, həm də zehni cəhətdən yorur. Halbuki, aşağı siniflərin əsas məqsədi uşağın oxuma-yazma bacarığını, diqqətini və məktəbə adaptasiyasını təmin etmək olmalıdır.

Əvvəllər uşaqlar dərsdən sonra həyətdə oynayır, fiziki tərbiyə dərslərinə maraqla qatılır, həm sosial, həm də fiziki bacarıqlarını inkişaf etdirirdilər. İndi isə artan dərs yükü və çoxsaylı tapşırıqlar səbəbindən ara dərslərə belə vaxt çatmır. Uşaqlar məktəbdən evə yorğun qayıdır və əlavə tapşırıqlar da onların gününün böyük bir hissəsini zəbt edir. Nəticədə həm oyun vaxtı, həm də istirahət imkanı azalır.

Əlavə testlərin çoxaldılması bəzən məktəblərdə “Daha çox işləyək ki, nəticə artsın” düşüncəsindən irəli gəlir. Lakin həddindən artıq test işləmək həm uşağın stresini yüksəldir, həm də zehni yorğunluğa səbəb olur. Bir valideyn olaraq bu kimi hallar məni də narahat edir. Çünki bütün gününü testlər və iş dəftərlərindəki tapşırıqları həll etməklə keçirən uşağın zehni tamamən yorulur. Bu səbəbdən də gecə narahat yatan uşağı səhər oyadıb dərsə göndərmək də çətin olur. Nəticədə həm də uşağın məktəbə marağı azalır. Və tez-tez düşünürəm ki, görəsən “Təkrar biliyin anasıdır”, – deyən böyüklərimiz bunumu nəzərdə tutub?

Əfsanə TAĞIYEVA

Nəşr edilib : 08.12.2025 14:18