NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət mediasının işi ilə tanış olublar

...

Azərbaycan mediasının nümayəndələri Qırğızıstan tərəfindən təşkil olunmuş mediatur çərçivəsində "Kabar" Qırğızıstan Milli İnformasiya Agentliyini və Qırğızıstan Milli Teleradioyayım Korporasiyasını ziyarət ediblər.

"Şərq qapısı" Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Kabar" agentliyinə səfər zamanı jurnalistlərə agentliyin tarixi, strukturu, redaksiya siyasəti və s. barədə məlumat verilib.

Onlar, həmçinin ictimai-siyasi, iqtisadi və beynəlxalq hadisələrin işıqlandırılması ilə tanış olublar. Qeyd olunub ki, agentlik təkcə öz saytında materiallar dərc etməklə yox, həm də videopodkastlar, eləcə də sosial şəbəkələrin inkişafı vasitəsilə auditoriyasını aktiv şəkildə genişləndirir.

Daha sonra jurnalistlər Qırğızıstan Milli Teleradioyayım Korporasiyasını ziyarət ediblər. Azərbaycan media nümayəndələrinə milli telekanalları, radiostansiyaları və regional filialları birləşdirən respublikanın ən böyük dövlət media holdinqinin fəaliyyəti haqqında məlumat verilib. Qonaqlar korporasiyanın texniki imkanları və televiziya istehsalının təşkili ilə tanış olublar.

Ziyarət zamanı Qırğızıstan sənətçiləri konsert proqramı ilə çıxış edərək Azərbaycan və qırğız dillərində mahnılar ifa edib, həmçinin Azərbaycan milli rəqslərini nümayiş etdiriblər.

Səfərlər Azərbaycan media nümayəndələrinin Qırğızıstanın turizm, mədəniyyət və informasiya potensialı ilə tanış olmasına yönəlmiş mediatur proqramının bir hissəsi olub.

Qırğızıstanın aparıcı media strukturlarına səfərin hər il iyulun 22-də qeyd olunan Azərbaycan Milli Mətbuat Günündə baş tutması isə rəmzi xarakter daşıyır.

Nəşr edilib : 22.07.2026 16:19