Neftin qiyməti 92 dollardan aşağı enib
09:58 10.11.2026
0
0
0
NAXÇIVAN :
10 Noyabr 2026, Çərşənbə axşamı
Keçmişə qısa nəzər
Tarix 10 noyabr 1724-cü ildə gələcəkdə qanlı qarşıdurmalara və faciələrə zəmin yaradacaq bir qərarın imzalanmasına şahid oldu. 302 il əvvəl Rusiya imperatoru I Pyotr erməni əhalisinin Azərbaycan torpaqlarında məskunlaşdırılmasını rəsmiləşdirən xüsusi bir fərman imzaladı. Rusiya imperiyası yeni işğal etdiyi bu müsəlman ərazilərində özünə etibarlı etnik və dini dayaq (bufer zona) yaratmağa çalışırdı. Bu siyasət həm də gələcəkdə öz maraqlarını təmin etmək üçün türk dövlətləri arasında qarşıdurmalardan yararlanmaq məqsədi daşıyırdı.
Tarixi sənədlərdən aydın olur ki, qədim Azərbaycan torpaqlarından azərbaycanlıların çıxarılması və burada ermənilərin yerləşdirilməsi XIX əsrin əvvəllərində daha geniş vüsət alıb. 1813-1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri imzalandıqdan sonra azərbaycanlıların xeyli hissəsi İrəvan xanlığından qovulmuş və onların yerinə ermənilər köçürülmüşdür. Türkmənçay müqaviləsindən sonra general Lazerevin təşəbbüsü ilə İrandan ermənilər Zaqafqaziyaya, o cümlədən Azərbaycana köçürüldü. Tarixi faktlar sübut edir ki, təkcə 1828-ci ildə Naxçıvan əyalətinə İrandan 2551 erməni ailəsi gətirilib. Köçkünlər, əsasən, əliboş gəlirdilər və hökumət yerli əhalini məcbur edirdi ki, özlərinin münbit torpaqlarını, yaşayış evlərinin bir hissəsini onlara versinlər. Ermənilərin böyük yaşayış məntəqələrində yerləşdirilməsinə xüsusi diqqət verilirdi. Tarixi sənədlərdə göstərilir ki, 1826-1828-ci illər Rusiya-İran müharibəsi nəticəsində Rusiya Naxçıvan və İrəvan xanlıqlarını işğal edib və bu əraziləri süni yolla erməniləşdirməyə çalışıb. 1928-1932-ci, 1942 və 1963-cü illərdə Azərbaycan SSR-in, o cümlədən Naxçıvan ərazisinin topoqrafik xəritələri tərtib edilərkən milliyyətcə erməni və rus olan kartoqraflar Naxçıvanın ziyanına və Ermənistanın xeyrinə yönəldilən çoxlu təhriflərə yol verirdilər, beləliklə, vahid dövlət məkanında daşnak Ermənistanın yeni torpaqlar zəbt etmək siyasəti hiyləgər yollarla davam etdirilirdi. Belə ki, 1969-cu ilin may ayında Azərbaycan SSR Nazirlər Soveti Azərbaycanın və Naxçıvanın sərhəd kəndlərinin bir hissəsinin Ermənistana verilməsi haqqında qərar qəbul etdi.
Ulu Öndər bu siyasətin qarşısını aldı
Lakin bundan iki ay sonra Azərbaycanda hakimiyyətə gələn dahi rəhbər Heydər Əliyevin qətiyyəti nəticəsində həmin qərar həyata keçirilməyərək ləğv olundu. Ulu Öndər Azərbaycana qarşı edilən bir çox haqsızlıqların qarşısını vaxtında alaraq gələcəyin müstəqil Azərbaycanının təməlini atdı. Sovetlər dönəmində Naxçıvanın sərhəd kəndi olan Sədərəyin Ermənistanla sərhəd olan ərazisində yeni qəsəbənin salınması da dahi rəhbərin xidmətidir. Ulu Öndər sonrakı illərdə bu qəsəbənin salınma zərurətini və məqsədini xatırlayaraq bildirirdi ki, qəsəbənin məhz həmin geosiyasi və strateji mövqedə salınması təsadüfi deyildi. O bu addımın Azərbaycan torpaqlarının, xüsusilə Naxçıvanın sərhədlərinin təhlükəsizliyini təmin etmək və həmin strateji sərhəd zonasını möhkəmləndirmək məqsədi daşıdığını vurğulayırdı: “Vaxtilə 1977-1978-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər”.
Dahi siyasətçi Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Ermənistan və onun Moskvadakı havadarları ərazi və torpaq iddialarını reallaşdırmağa cəhd göstərirdi. 70 il davam edən sovet işğalı başa çatanda ermənilər öz çirkin planlarını davam etdirmək üçün sərhədlərimizə hücum etdilər. Həmin dövrdə yaranmış vəziyyətdən istifadə edərək torpaqlarımızın 20 faizini işğal altına saldılar. Otuzillik işğala və üç əsr əvvəldən başlayan ədalətsizliyə isə şanlı Ordumuz 2020-ci ildə cavab verdi. Və düşmən təslim aktına məhz həmin gün imza atmalı oldu. Buna Tanrının ədaləti də deyirik, yüz illərdir, ədalətsizliyə dözən bir xalqın səbrinin mükafatı da.
Ədalət öz yerini tapdı
Qazanılan şanlı Qələbədən sonra bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü ilin sentyabrın 20-də Zəfər yürüşünün davamı olan antiterror tədbirləri uğurla nəticələndi. Cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri Ali Baş Komandanın qətiyyətini, “dəmir yumruğ”un yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da, Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı, dövlət suverenliyimiz tam bərpa olundu.
Qalibiyyətdən sülhə
Ermənilərin Qafqaza köçürüldüyü tarixdən başlanan münaqişəyə Vətən müharibəsindəki qələbə son qoysa da, illərdir, yanan bu münaqişə ocağı yalnız bir şərtlə tam sönə bilər: iki dövlətin arasında sülh müqaviləsi bağlanarsa. Daim humanist və sülhsevər bir dövlət olan Azərbaycanın sülhpərvər mövqeyi, dünya dövlətləri ilə qurduğu yüksəksəviyyəli diplomatik, etibarlı əlaqələri regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında ölkəmizin üzərinə düşən rolu uğurla yerinə yetirdiyini sübut edən amillərdən biridir.
Son 5 ildə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması istiqamətində çox mühüm və tarixi əhəmiyyətli addımlar atılıb. Proses hərbi-siyasi bəyanatlar mərhələsindən konkret icra və hüquqi sənədləşmə müstəvisinə keçib. Ermənistan və Azərbaycan beynəlxalq məhkəmələrdə bir-birinə qarşı olan qarşılıqlı iddialardan əl çəkməyi və sərhəd məsələlərində üçüncü tərəflərin iştirakını istisna etməyi qəbul ediblər. Həmçinin ATƏT-in Minsk qrupunun ləğvi üçün müraciət də birgə imzalanıb. İki ölkə arasında hər hansı kənar vasitəçi olmadan birbaşa delimitasiya komissiyaları yaradılıb. Sərhədin müəyyən hissələrində (məsələn, Qazax istiqamətindəki 13 kilometrlik xətt üzrə) delimitasiya işləri uğurla başa çatdırılıb, sərhəd dirəkləri basdırılıb. Bu, münaqişə tarixindən bəri sərhədlərin sülh yolu ilə müəyyən edilməsi istiqamətində ilk real və böyük uğurdur.
Azərbaycan dövlətinin Müzəffər Sərkərdəsi Ulu Öndərin yolunu davam etdirərək, uğurlu siyasət apararaq dövlətimizi söz sahibinə çevirdi. Vətən müharibəsində cəmi 44 gündə qazanılan qələbə də bunu sübut etdi. Dövlətimizin başçısı qalib tərəf olmasına baxmayaraq, sülh çağırışı etdi. Bütün dünyaya Azərbaycan xalqının sülhsevər xalq olduğunu bəyan etdi. 10 noyabr 2020-ci ildə düşmənin ağ bayraq qaldıraraq kapitulyasiya aktına imza atdığı vaxtdan keçən dövrdə Qafqazda sülhün bərqərar olması üçün lazimi bütün addımları atdı. Əsrlər sonra Qafqaza gələn sülhün memarı olan Prezident İlham Əliyev Ulu Öndərin bütün arzularını yerinə yetirərək Azərbaycan xalqına edilən ədalətsizlikləri tarixin tozlu səhifələrinə atdı.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər