NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Azərbaycanın və Monqolustanın xarici işlər nazirlikləri arasında ikinci siyasi məsləhətləşmələr aparılıb

...

Fevralın 3-5-də xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycanın Hökumət missiyası Monqolustanda səfərdə olub.

"Şərq qapısı" xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı xarici işlər nazirinin müavini Elnur Məmmədov Monqolustanın xarici işlər naziri xanım Batmunx Battsetseq, yol və nəqliyyat naziri Delqersixan Borxuu, Monqolustan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Odbayar Erdenetsoqt ilə görüşüb.

Görüşlərdə Monqolustan tərəfi Azərbaycanın Hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran, o cümlədən yüksək səviyyəli səfərlərin mübadiləsi, sərmayə, logistika imkanları, yaşıl enerji, humanitar və digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Monqolustan Xarici İşlər Nazirliyi arasında ikinci siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Monqolustan xarici işlər nazirliyinin dövlət katibi Munxtşiq Lxanajav rəhbərlik ediblər. Siyasi məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, yüksək səviyyəli səfərlər mübadiləsi, həmçinin beynəlxalq təşkilatlar, müqavilə-hüquq, iqtisadi-ticarət, energetika, mədənçilik, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Sənaye Nazirliyi və “AzərGold” nümayəndələri üçün Monqolustanın müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri ilə görüşləri təşkil edilib. Azərbaycan nümayəndələri üçün bir neçə sahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, müxtəlif sahələri əhatə edən əməkdaşlıq perspektivləri haqqında məzmunlu müzakirələr aparılıb.

Səfər zamanı missiya üzvləri üçün bir sıra sənaye zonalarına turlar təşkil edilib.

Nəşr edilib : 05.02.2025 11:40