NAXÇIVAN :

26 Avqust 2026, Çərşənbə

Azərbaycanın sənayeçilər assosiasiyası Tacikistan müəssisələri ilə əməkdaşlıq edəcək

...

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Beynəlxalq Qida Sənayesi Forumunda iştirak edib.

AZPROMO-dan bildirilib ki, tədbir çərçivəsində qurumun icraçı direktoru Yusif Abdullayev plenar iclasda, agentliyin nümayəndəsi isə “Qida sənayesinin investisiya potensialı və istehsalda yeni texnologiyalar” mövzusunda panel sessiyasında çıxış ediblər.

Plenar iclasda forumun qida emalının inkişafı, ixracın genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycanda qida sənayesi qeyri-neft-qaz sektorunun şaxələndirilməsi üzrə prioritet istiqamətlərdən biridir və ölkəmizin kənd təsərrüfatı xammal bazası, nəqliyyat infrastrukturu, sənaye zonaları və aqroparkları bu sahədə yeni əməkdaşlıq imkanları yaradır.

Sessiyada Azərbaycanın qida sənayesinin investisiya potensialı, istehsalda yeni texnologiyaların tətbiqi və ixrac imkanları barədə məlumat verilib. Müzakirələr zamanı Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı məhsullarının emalı, istehsal texnologiyalarının tətbiqi, eləcə də qarşılıqlı tədarük imkanları üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi yanında “Xurokvori” Dövlət Unitar Müəssisəsi və “Kishvari Sabz” MMC ilə əməkdaşlığa dair iki sənəd imzalayıb.

Agentliyin nümayəndələri, həmçinin forum çərçivəsində təşkil olunan sərgiyə baxış keçiriblər.

Nəşr edilib : 26.08.2026 11:52