NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Azərbaycanın qlobal enerji bazarlarındakı mövqeyi güclənir

...

Bakıda “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın regionun enerji təhlükəsizliyindəki rolunun əhəmiyyətindən xəbər verir.  Ölkəmizin ev sahibliyi etdiyi bu mühüm tədbirə 24 tərəfdaş ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb.

Avropada Azərbaycan qazına tələbat sürətlə artır. Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, Avropaya idxal olunan qazın marşrutlarının və mənbələrinin şaxələndirilməsini asanlaşdırmaq məqsədi daşıyan nəhəng beynəlxalq layihədir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Trans-Adriatik xəttinin işə düşməsi ilə Azərbaycan qazı Avropa bazarına ilk dəfə daxil olub. Bu gün Cənub Qaz Dəhlizi sayəsində Azərbaycan qazı Avropanın dörd bir yanına uğurla çatdırılır. 

Ölkə başçısının dediyi kimi: Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür”.

Görüş zamanı Avropa İttifaqı və Azərbaycan Respublikasının enerji sahəsində strateji tərəfdaşlığa sadiqliyi bir daha vurğulanıb. Bu tərəfdaşlıq sərfəli, sabit və etibarlı təbii qaz təchizatı ilə yanaşı, bərpa olunan enerji mənbələrinin təşviqi, enerji səmərəliliyinin artırılması və ətraf mühitin mühafizəsini əhatə edir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin, həmçinin Mərkəzi Asiyanın zəngin “yaşıl enerji” resurslarını Avropaya çatdırmağa yönəlmiş bir sıra “yaşıl enerji” dəhlizi layihələri müzakirə edilib. Bu layihələrin regionda enerji əlaqəliliyinin artırılması və dayanıqlı enerjiyə keçidin təşviqi məqsədi daşıdığı qeyd olunub.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərdən aydın olur ki, Azərbaycanın “yaşıl enerji” potensialından səmərəli istifadə gündəlikdə duran əsas məsələdir. Hazırda Azərbaycan mütəxəssisləri enerjinin tədarükü və saxlanması sahəsində ən optimal variantlar üzərində işləyirlər. Tədbirdə Prezident İlham Əliyev enerji siyasəti və beynəlxalq əməkdaşlıqla bağlı mühüm mesajlar verərək bir sıra reallıqları diqqətə çatdırıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səmərəli fəaliyyətindən danışan dövlətimizin başçısı qlobal enerji təhlükəsizliyi məsələlərində Azərbaycanının mühüm rolunu vurğulayaraq bildirib ki, ölkəmiz “yaşıl enerji” ilə ənənəvi enerjinin paralel inkişafını təmin etməyi hədəfləyir. Günəş və külək enerjisinə yatırımlar nəticəsində 2030-cu ilə qədər 6 giqavat gücündə “yaşıl enerji” istehsalı planlaşdırılıb. Şərqi Zəngəzur və Qarabağda artıq 270 meqavat gücündə su elektrik stansiyaları fəaliyyətə başlayıb və bu rəqəmin beş il ərzində 500 meqavata çatdırılması nəzərdə tutulur.

Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji siyasətində strateji bir mərhələ olmaqla yanaşı, bu sahədə yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynayır və  ölkəmizin həm regional, həm də qlobal enerji bazarlarındakı artan mövqeyini bir daha təsdiqləyir.

Gülxarə TARVERDİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 09.04.2025 10:04