NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

Azərbaycanın enerji diplomatiyası beynəlxalq arenada rolunu daha da gücləndirir

...

Aprelin 4-də Bakı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarına ev sahibliyi etdi. 2015-ci ilin fevral ayından etibarən keçirilən bu tədbir artıq 3-cü ildir ki, həm də “yaşıl enerji” məsələlərini əhatə edir.  Bu da ondan xəbər verir ki, Azərbaycan ənənəvi enerji sahələrində olduğu kimi, Avropaya “yaşıl enerji”nin ixracı ilə də bağlı etibarlı təməllər yaradır.

Azərbaycanın enerji diplomatiyası ölkənin beynəlxalq arenada mühüm rolunu daha da gücləndirən və geosiyasi müstəvidə təsirli vasitəyə çevrilərək ön plana çıxır.  Bu sahədəki ən önəmli təşəbbüs isə, şübhəsiz, Cənub Qaz Dəhlizi layihəsidir.  11-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası və 3-cü Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin toplantısının Bakıda keçirilməsi Azərbaycanın regional və qlobal enerji siyasətindəki strateji əhəmiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi.  Bu toplantılar yalnız enerji təhlükəsizliyi məsələlərini müzakirə etməkdən ibarət deyildi, onlar ölkələr arasında etimadın möhkəmləndirilməsi, strateji tərəfdaşlığın inkişaf etdirilməsi və çoxvektorlu enerji bazarının təməlini qoyan fundamental bir platforma kimi fəaliyyət göstərdi.

Prezident İlham Əliyevin konfransdakı çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın enerji diplomatiyasının həm iqtisadi, həm də siyasi və geosiyasi cəhətdən necə əhəmiyyətli bir vasitəyə çevrildiyini göstərdi.  Azərbaycanın geosiyasi mövqeyi bu gün enerji təhlükəsizliyinin təmin edilməsi və regional sabitliyin, beynəlxalq əlaqələrin gücləndirilməsi ilə bağlıdır.  Prezident İlham Əliyev öz çıxışında “Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir, Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də, daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir” – deyərək Cənub Qaz Dəhlizi layihəsinin coğrafi və siyasi cəhətdən daha da genişlənməkdə olduğunu vurğuladı.  Bu ifadə Azərbaycan üçün enerji təhlükəsizliyi məsələsinin yalnız regional bir məsələ olmadığını, Avropa və digər regionlarda strateji təsir yaratmaq baxımından mühüm bir vasitə olduğunu göstərir. 

Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpa olunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil. Bu tədbir, eyni zamanda Azərbaycanın malik olduğu  enerji  resurslarından səmərəli istifadə edərək  etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci toplantısındakı çıxışında qeyd etdi ki, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.

Məşvərət Şurası çərçivəsində regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın sistemli formatda davam etməsi enerji sahəsində çoxtərəfli diplomatiyanın inkişaf etdiyindən xəbər verir. Bu həmçinin  Azərbaycanın təkcə iqtisadi aktor kimi deyil, diplomatik lider kimi də çıxış etdiyini göstərir.

Dövlətimizin başçısı geniş məzmunlu çıxışında, ümumən, enerji məsələləri ilə bağlı beynəlxalq gündəmin vacib prioritetlərinə toxundu, mövcud istiqamətdə Azərbaycanın daşıdığı missiyanı təfsilatı ilə açıqladı, habelə ölkəmizin prioritetlərini sadaladı. Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz  nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikdir.

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 07.04.2025 13:00