NAXÇIVAN :

18 Mart 2025, Çərşənbə axşamı

Azərbaycanın beynəlxalq arenadakı rolu: XII Qlobal Bakı Forumunun mesajları

...

Dünya siyasətində baş verən dəyişikliklər fonunda Azərbaycanın beynəlxalq aləmdəki rolu getdikcə güclənir. XII Qlobal Bakı Forumu bu prosesin bariz nümunələrindən biri kimi diqqət çəkdi. “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda baş tutan forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı ölkənin xarici siyasətdəki mövqeyini və qarşıya qoyduğu strateji hədəfləri aydın şəkildə nümayiş etdirdi.

Qlobal Bakı Forumu son illərdə beynəlxalq gündəlikdə olan mühüm məsələlərin müzakirə edildiyi aparıcı platformalardan birinə çevrilib. Forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya miqyaslı siyasətçiləri, ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək aktual qlobal problemlərin həlli yollarını müzakirə etmək üçün əlverişli şərait yaradır. Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, forumun iştirakçıları COP29 çərçivəsində də mühüm rol oynayıb və beynəlxalq miqyasda Azərbaycanın təşəbbüslərinə dəstək veriblər.

Azərbaycanın qlobal enerji siyasətindəki mövqeyi həmin forumda müzakirə olunan əsas məsələlərdən biri oldu. Prezident İlham Əliyev çıxışında ölkənin bərpaolunan enerji mənbələrinə keçid prosesindən və bu istiqamətdə atılan strateji addımlardan danışdı. Azərbaycan neft və qaz ehtiyatlarına malik olsa da, “yaşıl enerji” siyasətini prioritet kimi müəyyənləşdirərək 2030-cu ilə qədər bərpaolunan enerji istehsalının ölkənin ümumi enerji istehsalına bərabər səviyyəyə çatdırılmasını hədəfləyir. Bu yanaşma Azərbaycanın beynəlxalq səviyyədə etibarlı enerji tərəfdaşı kimi tanınmasını daha da möhkəmləndirir.

COP29 çərçivəsində əldə edilən ən mühüm nailiyyətlərdən biri Paris Sazişinin 6-cı maddəsi ilə bağlı konsensusun əldə edilməsi oldu. Bu, karbon bazarının işlək vəziyyətə gətirilməsinə və “yaşıl enerji” layihələrinin maliyyələşdirilməsinə təkan verdi. Bakıdakı COP29 tədbirində bərpaolunan enerji layihələri üçün maliyyə dəstəyinin 100 milyard dollardan 300 milyard dollara qaldırılması qərarı qəbul edildi ki, bu da Azərbaycanda keçirilən COP29 tədbirinin tarixi hadisələrindən biri oldu.

Azərbaycanın enerji resursları təkcə milli iqtisadiyyatın deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinin əsas faktorlarından biridir. Forumda qeyd olundu ki, Azərbaycan bu gün 12 Avropa ölkəsi də daxil olmaqla, 10-dan artıq ölkəyə təbii qaz ixrac edir. Avropa Komissiyası tərəfindən ölkəmiz etibarlı enerji tərəfdaşı kimi tanınır və Azərbaycanın neft-qaz layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Bununla yanaşı, “yaşıl enerji” ixracı məsələsi də gündəmdə idi. Prezident İlham Əliyev bu məsələdə Azərbaycanın balanslaşdırılmış siyasət yürütməsinin və tərəfdaşları ilə güclü əlaqələr qurmasının vacibliyini vurğuladı.

Son illərdə Cənubi Qafqazın geosiyasi əhəmiyyəti daha da artmışdır. Forumda müzakirə edilən əsas məsələlərdən biri də bölgədə sabitliyin və davamlı sülhün təmin olunması idi. Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülh danışıqları davam edir və ölkəmiz bu prosesdə prinsipial mövqe sərgiləyir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasına çalışır və sülh müqaviləsi ilə bağlı aparılan müzakirələrdə əsas prinsipial bəndlər razılaşdırılıb.

Bununla yanaşı, forum çərçivəsində Ermənistanın revanşist meyillərinin qarşısının alınmasının vacibliyi də müzakirə mövzusu oldu. Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, Ermənistan yeni münaqişəyə hazırlaşmamalıdır və regional stabilliyə töhfə verməlidir. Forum çərçivəsində vurğulandı ki, Azərbaycanın hərbi gücü və siyasi iradəsi ölkənin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsinə imkan yaratdı.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də şaxələndirilmiş və balanslaşdırılmış beynəlxalq tərəfdaşlıq siyasətidir. Prezident İlham Əliyev forumda qeyd etdi ki, ölkəmiz 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd illik sədrlik müddətində mühüm təşəbbüslərə imza atdı və pandemiya dövründə 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərdi. Azərbaycan həm Qlobal Cənub, həm də Qlobal Şimal ölkələri arasında körpü rolunu oynayaraq beynəlxalq münasibətlərdə mühüm aktora çevrilmişdir.

XII Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirən mühüm tədbirlərdən biri oldu. Forumun əsas mesajları enerji təhlükəsizliyi, “yaşıl keçid”, geosiyasi stabillik və sülh prosesinə yönəldi. Azərbaycan qlobal çağırışlara çevik cavab verməklə beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirməkdədir. Bakı Forumunun nəticələri göstərdi ki, Azərbaycan beynəlxalq səviyyədə həm diplomatik, həm də iqtisadi baxımdan nüfuzlu və etibarlı tərəfdaş kimi çıxış edir.

Əziz QASIMOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 17.03.2025 18:12