Su təsərrüfatının modernləşdirilməsi: qlobal prob...
20:35 16.01.2026
0
0
1
NAXÇIVAN :
16 Yanvar 2026, Cümə
İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə yeni hədəflər müəyyənləşdirilib. Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Elbrus İsayevlə söhbətimiz bu barədədir. Elbrus müəllimə ilk sualımız belə oldu:
– Yeni hədəflər, təbii ki, dövrün, zamanın diqtəsindən irəli gəlir. Bu gün Azərbaycan reallıqları fonunda bu hədəflər barədə nə deyə bilərsiniz?
– Azərbaycan xalqının milli maraqlarını tam şəkildə təmin edən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə daha yeni hədəflərə doğru irəliləyir. Ulu Öndər siyasətini, Azərbaycançılıq ideologiyasını öz fəaliyyətində əsas tutan cənab Prezidentin ölkəmiz üçündaha bir böyük layihəsi olan Qərbi Azərbaycana qayıdış ideyasıdır. Bu ideyanın ətrafında bu gün ölkənin bütün ictimaiyyəti, o cümlədən ziyalılar, Qərbi Azərbaycan əsilli soydaşlarımız çox sıx birləşərək müxtəlif elmi-tədqiqat, nəşr materialları hazırlmaqla yanaşı,tədbirlər, konfranslar, festivallar keçirməklə öz töhfələrini verirlər. 2022-ci ilin dekabr ayında Bakı şəhərində Qərbi Azərbaycan İcmasının binasının açılışı, bina ilə tanışlıq zamanı ölkə başçısının proqram xarakterli çıxışı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsasını təşkil edib. Ötən dövr ərzində Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif tədqiqat qrupları, araşdırma mərkəzləri fəaliyyətə başlayıb.Azərbaycan Pedoqoji Universitetində professor Mahirə Hüseynovanın rəhbərliyi ilə Qərbi Azərbaycan Araşdırma Mərkəzi yaradılıb və həmin mərkəz xətti ilə vaxtaşırı olaraq müxtəlif nəşrlər, jurnallar, kitablar nəşr olunaraq ictimaiyyətə təqdim edilir.
– Bildiyimizə görə,Naxçıvan Dövlət Universitetində də Qərbi Azərbaycan Araşdırma Mərkəzi yaradılaraq fəaliyyət göstərir.
– Əlbəttə ki, digər ali məktəblərimiz də Qərbi Azərbaycanı araşdırmaq, bu sahədə ziyalılarımızın vahid koordinasiya şəklində tədqiqatlarının birləşdirilməsi, ümumiləşdirilməsi və nəşri istiqamətində mühüm işlər aparırlar. Bu, tarixi faktdır ki, Qərbi Azərbaycan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Mərkəz də öz fəaliyyətini Qərbi Azərbaycanı hərtərəfli tədqiqata cəlb etmək istiqamətində qurub. Bu torpaqların azərbaycanlılara aid olmasını təsdiqləyən minlərlə tarixi sənədlər, xəritələr var. Bu tarixi sənədlər, xəritələr və təəssüf ki, abidələrin böyük əksəriyyəti dağıdılıb. Ermənilər uzun illər Qərbi Azərbaycanda məskunlaşdıqdan sonra oranın yerli insanları olan azərbaycanlıları oradan deportasiyaya məruz qoyublar. Bundan sonra isə bütün gücləri ilə çalışıblar ki, buranın, bütövlükdə, tarixini, mədəniyyətini tamamilə dəyişdirib özününküləşdirsin və dünya ictimaiyyətini çaşdırıb o torpaqların onlara aid olduğunu sübuta yetirsinlər. Bu işdə erməni icmalarına böyük dəstək göstərilib. Xüsusilə 1828-ci ildən sonra Rusiya-İran müharibəsi başa çatanda Azərbaycanın ən münbit torpaqlarına, konkret desək, Naxçıvana, İrəvana, Qarabağ bölgəsinə ermənilər yerləşdirilib. Hətta bütün rus çarları I Pyotr, Pavel, Nikolay, Yekaterina öz hakimiyyətləri dövründə ermənilərin xeyrinə müxtəlif fərmanlar imzalayıblar. Onlara müxtəlif imtiyazların verilməsi, müxtəlif dövlət vəzifələrinin etibar olunması məsələnin birinci tərəfini təşkil edirdi. Təbii ki, məsələnin ikinci tərəfində həmin ərazidə daimi yerləşmək məsələsi dayanırdı. Plan belə idi ki, o ərazidə bir xristian dövləti yaradılsın və o ərazidə yaşayan müsəlman, türk əhalisi oradan köçürülsün. Tarixin sonrakı dövrlərində bu məsələyə böyük dəstək göstərilib. Mövcud vəziyyətdən istifadə edən ermənilər mədəni abidələrimizə çox böyük zərər vermişdir. 1836-cı ildə Alban kilsəsinin ləğvindən sonra Alban mədəniyyətini də, bütövlükdə, ermənilər mənimsədilər və bu mədəniyyətə aid olan bütün nümunələri öz adlarına çıxmaqla özlərinin Qafqazda köklü xalq olmaqlarını sübuta yetirmək məqsədi güdürdülər. Onlara dəstək də verilirdi. Və Birinci Dünya müharibəsi başa çatandan sonra onlar yenə imperialist qüvvələrin dəstəyi ilə Cənubi Qafqazda Azərbaycan torpağında, Azərbaycan ərazisində özlərinə dövlət yarada bildilər. Oradakı yerli insanlar tamamilə köçürüldü. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1992-ci illərdə Azərbaycan kökənli insanlar öz ata-baba yurdlarından didərgin düşdülər. Azərbaycan tədqiqatçılarının əlində, müxtəlif ölkələrin arxivlərində çox ciddi tarixi sübutedici sənədlərimiz mövcuddur. Bunlar tarixi xəritələr, hərbi topoqrafik xəritələr, dünyanın müxtəlif ölkələrinin zəngin arxiv materiallarıdır. Belə ki, Avropanın, Amerikanın,Türkiyənin, Gürcüstanın, eləcə də Rusiya arxivlərində Qərbi Azərbaycan ərazisinin gerçək tarixi ilə bağlı kifayət qədər tutarlı elmi dəlillər, sübutlar mövcuddur. Amma bu gün Qərbi Azərbaycan mövzusunda sistemli şəkildə elmi tədqiqatların aparılması və əlimizdə olan,eyni zamanda arxivlərdən toplanmış materiallar hesabına yeni nəşrlərin meydana gəlməsi, əlbəttə ki, ortaya qoyulmuş milli ideyamıza, Qərbi Azərbaycana qayıdış ideyasına ziyalılarımızın böyük töhfəsidir.
– Əldə edilmiş tarixi faktların yer aldığı “Qərbi Azərbaycan irsi” kitabı bu istqamətdə görülən işlərin əyani ifadəsidir...
– Bu yaxınlarda işıq üzü görmüş “Qərbi Azərbaycan irsi” kitabının birinci cildi qısa müddət ərzində çəkilən zəhmətin bəhrəsidir. Kitabda Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar özünə yer alıb. Qeyd edim ki, bu kitab beş cilddən ibarət olacaq. Bundan sonrakı cildlərdə Qərbi Azərbaycan məscidləri, türbələri, minarələri və digər tarixi abidələrimiz haqqındakı tədqiqatlar oxuculara təqdim ediləcək. Yəqin ki, yaxın vaxtlarda biz növbəti cildlərin təqdimatının şahidi olacağıq. Kitabın orijinallığı ondan ibarətdir ki, rus və ingilis dillərinə tərcümə olunub və eyni zamanda professor Ədalət Vəliyevin də ideya müəllifi olduğu kitabda Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli və tədqiqatçı alim Səbuhi Hüseynovun apardığı araşdırmalar nəticəsində əldə olunmuş kifayət qədər tutarlı arxiv materialları yer alıb. Kitab ən son poliqrafik formada nəşr olunub. Dünyanın ən məşhur Çikaqo 17 nəşr üslubuna uyğun hazırlanmış kitabda yerləşdirilmiş xəritələr, müxtəlif qəbir abidələrimizin fotoları bir daha onu göstərir ki, Qərbi Azərbaycan ərazisində, sadəcə, insan hüquqları pozulmayıb, eyni zamanda köklü bir millətin mədəniyyətinə, onun tarixinə, abidələrinə, eyni zamanda mənəvi cəhətdən ən müqəddəs hesab olunan qəbir abidələrinə qarşı böyük bir vandalizm hərəkatı törədilib. Qəbir abidələri bir coğrafiyanın demoqrafik vəziyyətini izah edən ən tutarlı araşdırma, tədqiqat obyektidir. Ermənilər məhz ilk olaraq qəbir abidələrini dağıdıblar. Çünki o eldə, o ərazidə yaşayan insanların min illərə dayanan qəbiristanlıqları olub ki, həmin abidələr burada yaşayan insanların kimliyini təsdiq edir.
Qeyd edək ki, ermənilər XX əsrin əvvəllərində Azərbaycandan qoparılmış torpaqlar hesabına yaratdığı dövlət iləkifayətlənməyiblər. Onlar 90-cı illərin əvvəllərində yenidən buna cəhd göstərdilər, Azərbaycan ərazisində ikinci bir Ermənistan dövlətinin yaradılmasına çalışdılar. Təəssüf ki, Qarabağ və ətraf ərazilərdə onların işğal faktı, orada da yeritdikləri oxşar dağıdıcı siyasət də bunu təsdiq edir. Şükürlər olsun ki, Azərbaycan dövlətinin qüdrəti, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana yenidən qayıdışı buna son qoydu. Biz ümidvarıq və tam inanırıq ki, tezliklə Azərbaycan xalqının bugünkü əsas milli ideyası, əsas strateji hədəfi olan Qərbi Azərbaycana qayıdışın ləyaqətli şəkildə təmin olunduğunu görəcəyik. Bu, Azərbaycan xalqının tam hüququdur və ədalətə, sülhə töhfədir. Ona görə ki, bu gün heç bir dövlətin ərazisinə iddia etmədən, heç bir beynəlxalq hüquq normalarını pozmadan öz ata-babalarının yaşadığı,təhsil aldıqları, böyüdükləri kəndlərə, obalara qayıtmaq hər bir azərbaycanlının konstitusion hüquqlarıdır.
– Bu gün hər birimizin üzərinə düşən başlıca vəzifələrdən biri ictimaiyyət arasında, daha çox isə beynəlxalq ictimaiyyətdə Qərbi Azərbaycana qayıdışın elmi əsaslarla sübuta yetirilməsini təmin etməkdir. Bu istiqamətdə görülən işlər barədə məlumat verməyinizi xahiş edirik...
– Bunun üçün Qərbi Azərbaycan İcması xətti ilə vaxtaşırı olaraq həm ölkəmizdə, həm də müxtəlif xarici ölkələrdə müxtəlif formatlı tədbirlər keçirilir. O cümlədənNaxçıvan Muxtar Respublikasında da bu işə yüksək önəm verilir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə Naxçıvan Dövlət Universiteti artıq iki dəfə Naxçıvanda “Qərbi Azərbaycana Qayıdış” festival-konqresinə ev sahibliyi edib. Bu format təsadüfən seçilməyib. Biz bir neçə gün ərzində bu tədbir vasitəsilə Qərbi Azərbaycan həqiqətlərini praktik olaraq dünya ictimaiyyətinə çatdırmağı qarşıya məqsəd qoymuşuq. Festivalda Qərbi Azərbaycanın folklor, mədəniyyət nümunələri, kulinariya mədəniyyəti və müxtəlif məişət əşyalarını, şəxsi arxivlərdə saxlanılmış tarixi fotoların, sənədlərin nümayişi maraq doğurdu. Bu gün onlarla bağlı fundamental əsərlərin yazılması çox vacibdir. Çox sevindirici haldır ki, Qərbi Azərbaycan əsilli insanlar yaşadıqları tarixi torpaqlardan köçərkən çox çətin ağır şəraitdəQərbi Azərbaycana aid olan birsıra tarixi sənədləri, tarixi fotoları da özləri ilə gətirə biliblər.Onlar ciddi, elmi əsaslara söykənən elə sənədlər gətiriblər ki, bu gün tədqiqatçılar həmin sənədlərdən maksimum faydalana bilir.
Bu gün bizim fiziki olaraq Qərbi Azərbaycan ərazisinə gedib tədqiqat aparmaq imkanlarımız yoxdur. Bu kitabın orijinal tərəflərindən biri də məhz yeni nəşrdə həmin məlumatlardan istifadə olunub. “Qərbi Azərbaycan irsi” kitabının nəşri, bəlkə də, ən çox Naxçıvan Dövlət Universitetinin kollektivini sevindirir. Ona görə ki, biz artıq 2023-cü ildən etibarən universitetin tədris proqramına Qərbi Azərbaycan tarixini, mədəniyyətini, folklorunu, abidələrini öyrədən fənlər salmışıq. İnanırıq ki, bu kitabın verdiyi istiqamət yeni axtarışlara və tədqiqatlara işıq salacaqdır. Yeni gənc tədqiqatçılar Qərbi Azərbaycanla bağlı maraqlı şəxslər üçün bu kitabdan ciddi mənbə kimi istifadə etmək imkanları olacaqdır. Mən kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Dövlətimizin qayğısı və diqqəti ilə nəşr olunmuş kitabda müasir tədqiqat metodlarından istifadə edilib. Müqayisələr və təhlillər aparılıb. Kitabda verilən hər bir fikir, səsləndirilən elmi müddəanın arxasında çox ciddi mənbələr, təkzibolunmaz faktlar dayanır. Bu da xarici ekspertlər, tədqiqatçılar tərəfindən kitaba olan etibarı, inamı artırmaq baxımından çox önəmlidir. Çünki faktlar təkzibolunmaz faktlardır və içəridə kifayət qədər hər bir fikri təsdiq edən ciddi sübutlar, faktlar kitaba yerləşdirilib. Son olaraq deyim ki, ölkə başçısının müəyyənləşdirdiyi bu ideyanın ətrafında məhz elmi cəhətdən həmrəy olmağımızı təmin edə biləcəyik.
– Müsahibə üçün sağ olun.
Söhbətləşdi:
Aidə İBRAHİMOVA
Digər xəbərlər