NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Azərbaycan və Gürcüstanın müdafiə nazirləri hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər

...

Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hər iki ölkə nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə İrakli Çikovani Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarımızın mühüm rol oynadığını xüsusi vurğulayıb.

Qonşu və qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik Zakir Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin davamlı olaraq inkişaf etdiyini qeyd edib. Azərbaycanın müdafiə naziri bildirib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.

Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Nəşr edilib : 10.09.2024 13:53