NAXÇIVAN :

05 Oktyabr 2026, Bazar ertəsi

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

...

Bu gündən Antalya şəhərində 77-ci Beynəlxalq Astronavtika Konqresində (IAC 2026) işə başlayıb.

"Şərq qapısı" xəbər verir ki, beş gün davam edəcək tədbir müraciətlərin sayına görə bütün zamanların rekordunu rəsmi olaraq qıraraq Türkiyənin qlobal kosmik diplomatiya və akademik tədqiqatlardakı mühüm rolunu nümayiş etdirir. Rəsmi olaraq 108 ölkədən 8330-dan çox məruzənin təqdim ediləcəyi konqresə 10 mindən artıq nümayəndə ilə yanaşı, kosmik agentliklər, aviasiya və kosmik sənaye sektorunun rəhbərləri, dünyaşöhrətli alimlər və astronavtların qatılması gözlənilir.

Azərbaycan isə 317 məruzə ilə konqresə ən çox müraciət edən ölkələr arasında Türkiyə və Çindən sonra üçüncü sıradadır.

Beynəlxalq Astronavtika Federasiyası (IAF) tərəfindən qlobal kosmik ictimaiyyəti bir araya gətirməl məqsədilə hər il keçirilən tədbir bu il Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası, Türkiyə Kosmik Agentliyinin (TUA) ev sahibliyi və SAHA İstanbulun həmtəşkilatçılığı ilə təşkil olunub.

Türkiyənin aparıcı 10 universitetinin iştirakı ilə ölkə üzrə həyata keçirilən akademik səfərbərliyin nəticəsi olaraq, ev sahibi Türkiyə qəbul edilən 753 məruzə xülasəsi ilə ölkələr üzrə sıralamada birinci yerdədir. Türkiyənin ardınca Çin (322), Azərbaycan (317), Amerika Birləşmiş Ştatları (228) və İtaliya (220) gəlir.

IAC 2026 ölkələri kosmosun dinc, təhlükəsiz və davamlı istifadəsi ətrafında bir araya gətirən müstəsna qlobal platforma rolunu oynamağı hədəfləyir. Bu il “Dünyanın daha çox kosmosa ehtiyacı var” mövzusunda keçirilən tədbirin rəmzi olaraq Antalyanın Aralıq dənizi sahillərində yaşayan “Turkuaz” adı verilən karetta dəniz tısbağaları seçilib. IAC 2026 yalnız kosmik tədqiqatların və texnologiyaların inkişafını deyil, həmçinin qadınlar, gənclər və kosmik sahədə inkişaf etməkdə olan ölkələr üçün daha çox imkanların yaradılmasını və inklüzivliyin artırılmasını, eləcə də davamlı qlobal inkişafın dəstəklənməsini müdafiə edir.

IAC 2026 beş gün ərzində çoxsaylı tədbirləri, panelləri və şəbəkələşmə imkanlarını əhatə edən genişmiqyaslı qlobal proqrama ev sahibliyi edəcək. Proqram çərçivəsində NASA, ESA, JAXA, CNSA, ISRO və TUA-nın yüksəksəviyyəli rəhbərlərinin dərin kosmos tədqiqatlarının, Ay missiyalarının və kommersiya kosmik stansiyalarının gələcəyini müzakirə edəcəyi Kosmik Agentliklərin Rəhbərləri Baş Sessiyası keçiriləcək. Tədbir, həmçinin kosmosun idarəolunması, kosmik hüquq və beynəlxalq siyasətlərin qanunvericilik aspektlərinin müzakirə ediləcəyi yüksəksəviyyəli dəyirmi masa formatında IAF Nazirlər və Parlament Üzvlərinin Beynəlxalq Görüşünə (MMOP) ev sahibliyi edəcək.

Yüksəksəviyyəli zirvələrlə yanaşı, tədbir bir sıra mühüm görüşlər üçün də qlobal platforma rolunu oynayacaq. SAHA İstanbulun əməkdaşlığı ilə keçiriləcək Qlobal Şəbəkələşmə Forumu (GNF) və Sənaye Sərgisində aviasiya və kosmik sənayenin aparıcı şirkətləri və startapları kommersiya innovasiyalarını, dövlət-özəl sektor tərəfdaşlıqlarını və ən qabaqcıl texnologiyalarını nümayiş etdirəcək. Bundan əlavə, “IAC 2026” Kosmik Nəsil Konqresi (SGC), BMT/IAF seminarları və gələcəyin kosmik liderlərini dəstəkləmək istiqamətində xüsusi təlim proqramlarını əhatə edən Yeni Nəsil və STEM təşəbbüsləri ilə gələcəyə xüsusi diqqət yetirəcək.

Elm və texnologiyadan əlavə, iştirakçılar Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçiriləcək “Anadoludakiler” Mədəniyyət və Əl Sənətləri Sərgisini də ziyarət etmək imkanı əldə edəcəklər. Sərgidə Anadolunun minilliklərə söykənən davamlı istehsal mədəniyyəti, ənənəvi əl sənətləri və yerli irsi təqdim olunacaq.

Nəşr edilib : 05.10.2026 12:00