Sabah Bakıya və rayonlara yağış yağacaq
12:57 05.10.2026
0
0
0
NAXÇIVAN :
05 Oktyabr 2026, Bazar ertəsi
27 sentyabr – bizi böyük Zəfərə aparan o tarixi gündən altı il ötür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz illərdir, düşmən tapdağında olan torpaqlarımızı azad etdi. Ordumuz bizə qələbə sevincini yaşatmaqla yanaşı, gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Bu gün azad və suveren ölkənin vətəndaşları kimi cənnət Qarabağı ziyarət edir, şəhidlərimizi rəhmətlə anır, döyüşçülərimizin şücaəti ilə qürur duyur, həmin dövrdəki xalq-ordu birliyini şükranlıqla xatırlayırıq. İllər ötdükcə Vətən müharibəsinin tarixi əhəmiyyəti daha aydın görünür: xalqımızın 30 illik həsrətinə son qoyulması, Azərbaycan tarixində yeni qəhrəmanlıq səhifəsinin yazılması, regionda sülh və sabitliyin təmin olunması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönüşü…
Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Laçında, Xocalıda, Xankəndidə dalğalanır.
“Böyük Qayıdış” proqramının uğurlu icrası nəticəsində düşmənin 30 ildə darmadağın etdiyi, xarabazara çevirdiyi yurd yerləri qısa zamanda yenidən dirçəlir. Artıq gənc nəsil azadlığına qovuşmuş torpaqların, şəhər günlərinin şahidinə çevrilir. Sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhəri günləri Xankəndidə atəşfəşanlıqla qeyd olundu. Zəfər əzmi ilə abadlaşan şəhər və kəndlərimiz həm də dünyaya sülh mesajı verir. Sülh insanlığa, qurub-yaratmağa, humanizmə xidmət edir. Qarabağa səfər edən rəsmilər və turistlər də dağıntılar üzərində ucalan yeni şəhərləri görür, burada aparılan genişmiqyaslı quruculuq işlərinin şahidi olurlar.
Vətən müharibəsinin tariximizdəki yeri yalnız azad edilmiş ərazilərlə, döyüş əməliyyatlarının nəticələri ilə ölçülmür. Bu Zəfərin arxasında yüzlərlə igid Vətən övladının keçdiyi döyüş yolu, yaşadığı ağır və qürurlu anlar dayanır. Naxçıvanın hərbçiləri də 44 günlük müharibədə göstərdikləri şücaətlə bu tarixi Zəfərin iştirakçıları oldular. Onların döyüş xatirələri bu gün də yaddaşlarda yaşayır, gənc nəsil üçün örnəyə çevrilir.
Müharibədən illər keçsə də, həmin günlərdə yaşananlar döyüşçülərin yaddaşından silinməyib. Bu xatirələrdə həm Zəfərin qüruru, həm itkilərin ağrısı, həm də Vətən qarşısında məsuliyyət hissi var. Həmin döyüş yolunu keçmiş hərbçilərlə söhbətimizdə onların yaşadıqları günlərə, döyüş xatirələrinə və bu gün gənc nəslə ötürdükləri təcrübəyə nəzər saldıq.
Döyüşdən gələn təcrübə
Bu döyüş yolunu keçmiş hərbçilərdən biri kapitan Adil Cumayevdir. İki ildir, Naxçıvan Əlahiddə Ümumqoşun Orduda xidmət edən zabit Vətən müharibəsində bölük komandiri kimi döyüşüb. Bu gün isə həmin illərdə qazandığı təcrübəni gənc zabit və əsgərlərlə bölüşür: “Kəlbəcər və Suqovuşan istisna olmaqla bütün ərazilərdə olmuşam. Ərazilərin minalardan, partlamamış mərmilərdən, naməlum döyüş sursatlarından təmizlənməsində müharibə vaxtı və müharibədən sonra iştirak etmişəm. Güclü ordu güclü dövlət deməkdir. Azərbaycan regionda kifayət qədər tanınmış, inkişaf etmiş bir ölkədir. Lokal xarakterli antiterror əməliyyatından sonra bütün ərazilər azad oldu, sakinlər öz doğma torpaqlarına köçürlər. Bu gün başımız dik gəzə bilir, zəfər dolu anlarımızdan qürurla bəhs edirik.
Müharibədə silah-sursat önəmlidir, amma, birinci növbədə, şəxsi heyətin ruhu, döyüşə inamı əsasdır. Bizi irəli aparan da məhz zəfərə olan inamımız idi. Xocalıda, Şuşada, Xocavənddə işığı yanan evlərdən gələn uşaq səsləri, ucalan məktəb binaları, sağlamlıq və mədəniyyət ocaqları qəlbimizi riqqətə gətirir”.
Müsahibim qeyd edir ki, düşmənin illər ərzində yaratdığı mifik səddi ordumuz peşəkarlıqla yardı: “İstehkamçı olaraq bizim işimiz müharibənin başlanğıcında mina sahələrindən keçidlərin açılmasını təmin etmək idi. Bunun üçün güc və vasitələrimiz var idi. Yaranmış vəziyyətə uyğun olaraq əllə mina sahələrinə keçidlər açılır, qoşunların fəaliyyəti təmin edilirdi”.
Adil Cumayev göstərdiyi şücaətə görə “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. O, 2022-ci ildə “Qisas” əməliyyatında, 2023-cü ildə isə antiterror əməliyyatlarında iştirak edib. Bu gün kapitan bütün qüvvəsini gənc zabit və əsgərlərin bacarıqlarının artırılmasına yönəldir.
Döyüş ruhu zəfərə aparan yoldur
Kapitan Vasif Cavadzadə də müharibədən sonra xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Orduda davam etdirir. Heyəti ilə birlikdə Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən Vasif Cavadzadə deyir ki, döyüş ruhu zəfərə aparan əsas yoldur: “Biz bilirdik ki, əvvəl-axır torpaqlarımızı qaytaracağıq. Şəxsi heyətin mənəvi-psixoloji ruhundan hiss edirdik ki, məqsədimizə doğru irəliləyirik. Komanda verilməmişdən əvvəl qırıcı təyyarələrin səsini eşidəndə bildik ki, düşmən hücuma keçib. Aviasiya bombaları töküb həmlə edəndən sonra ağır artilleriya hərəkətə keçdi. Ərazi çətin, sıldırım qayalıq idi. Bir neçə döyüş yoldaşımızın şəhid olması xəbərinə rəğmən ruh yüksəkliyimizi itirmədik. Yüksəklikləri, postları aldıqca irəliləyirdik.
Ermənilər bizim atəş mövqelərimizi hədəfə alırdılar. Dərələrdən qalxan avtomobilləri vururdular ki, təminat gəlməsin. Sürücülərimiz mərmi yağışı altında həmin vəziyyətdə təminatı gətirirdilər. Biz müharibə vaxtı xalqımızın birliyini də gördük. O anları heç vaxt unutmarıq. Mülki insanların ərzaq təminatından tutmuş isti geyimə qədər göndərdikləri bizim üçün böyük mənəvi dayaq idi. Xalq-ordu birliyi qələbəni tez bir zamanda təmin etdi.
Sentyabr ayı gələndə hər dəfə yenidən dönüb geriyə boylanıram. Zəfər dolu anları, irəlilədikcə düşmən tapdağından azad etdiyimiz şəhərləri, kəndləri qürurla xatırlayıram. Bir də itirdiyimiz döyüş yoldaşlarımızı – baş leytenant Sahil Məmmədovu, Qənbər Qənbərlini, Elşad Həsənovu və adını sadalamadığım onlarla qardaşımızı. Tabeçilik münasibətindən başqa, aramızda qardaşlıq, doğmalıq yaranmışdı. Şəhidlərimiz heç vaxt unudulmayacaq”.
Kapitan Vasif Cavadzadə 2022-ci ildə Daşkəsən istiqamətində Bala Göyçə əməliyyatında, 2023-cü ildə Ağdərə istiqamətində antiterror əməliyyatında şücaət göstərib. Kəlbəcər rayonu, Zod istiqamətində erməni təxribatının qarşısının alınmasında iştirak edib. Xidməti dövründə “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018) yubiley medalı, müharibədən sonra isə “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə”, “Şücaətə görə”, “Qüsursuz xidmətə görə” III dərəcəli və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
İtkilərimiz nəticəsiz qalmadı
Digər müsahibim baş leytenant Amid Cəfərovdur. O, Vətən müharibəsi başlayan zaman 4-cü kursda təhsil alırdı: “Vətən müharibəsi başlayanda 4-cü kursa yeni keçmişdik. Döyüş yolumuz Füzuli istiqamətindən başladı. Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd istiqamətində döyüşlərdə iştirak etdik. Hamıda bir ruh yüksəkliyi var idi. Biz o torpaqları görməsək də, çoxdan gözlədiyimiz məqam idi. Düzdür, müharibədə yaxın yoldaşlarımızı itirdik. Orada olan birlik, torpaqlarımızın azadlığı uğrunda yaranmış düşmənə qarşı mübarizə əzmi hələ də yaddaşımdadır.
Şəhid yoldaşlarımızın qanı bahasına azad olmuş torpaqlara ayaq basanda, üzərindən neçə il keçməsinə baxmayaraq, həmin anlar, keçirdiyim hisslər hələ də gözümün qarşısında canlanır. Məzuniyyət vaxtı Şuşaya, Laçına, Ağdama gedirəm. Çox yaxın dostum, silahdaşım leytenant Vüsal Muradov Daşaltı istiqamətində şəhid olmuşdu. Həmin yerdə onu ehtiramla anıram. Bu mənim üçün ağırdır. Amma bizim itkilərimiz nəticəsiz qalmadı. 30 ilə yaxın əsarətdə qalan torpaqlarımızı düşməndən azad etdik. Bu gün azad və suveren bir dövlətdə yaşayır, qalib orduda xidmət edirik. Bu bizim üçün fəxrdir.
Ərazilər erməni faşistləri tərəfindən dağıdılmış, evlər yandırılmışdı. Qısa müddətdə Qarabağın, Şərqi Zəngəzurun belə bir xarabalıqdan gözəl mənzərəyə çevriləcəyini təsəvvür etmirdik. Bu gün həmin torpaqlara ayaq basdıqca görürük ki, güllə yağışından solan yerlərdə indi güllər açıb. Dövlət başçımızın iradəsi, dövlətimizin gücü sayəsində”.
Eyni amal və məqsəd uğrunda şücaət göstərmiş döyüşçülərimizin xatirələri, 44 günlük müharibəyə dönüb baxarkən hələ də təsirini itirməyən hiss və düşüncələri, bəzən üz cizgilərində, bəzən baxışlarında özünü büruzə verən o cəsur ruh, yoldaşlıq və birlik hissi, zəfər əzmi ilə şərəflə davam etdirilən yol təhlükəsiz gələcəyimizin, etibarlı müdafiəmizin qarantıdır.
Bütün bunlar Azərbaycanın təhlükəsiz gələcəyinə, etibarlı müdafiəsinə və güclü ordusuna olan inamı daha da möhkəmləndirir. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, döyüşçülərimizin keçdiyi şərəfli yol isə gələcək nəsillər üçün örnək olacaq.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər