Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında d...
11:01 05.10.2026
0
0
0
NAXÇIVAN :
05 Oktyabr 2026, Bazar ertəsi
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrlə bağlı iclas keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev çıxış edərək Dövlət Proqramının əsas məqsəd və prioritetləri barədə məlumat verib.
Bildirilib ki, proqram mineral-xammal bazasının genişləndirilməsi, faydalı qazıntı yataqlarının potensialının qiymətləndirilməsi, yeni perspektivli sahələrin müəyyənləşdirilməsi və mineral ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutur.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası zəngin mineral-xammal potensialına malikdir. Ərazidə qızıl, gümüş, mis, molibden, kobalt, volfram, manqan, qurğuşun, sink və digər metal faydalı qazıntılarla yanaşı, müxtəlif qeyri-filiz faydalı qazıntı yataqları və təzahürləri mövcuddur.
İclasda “Parağaçay”, “Qapıcıq” molibden və “Gümüşlü” polimetal yataqlarında aparılan geoloji qiymətləndirmə işləri, həmçinin Ordubad rayonunun Ağdərə-Nəsirvaz sahəsində həyata keçirilən kəşfiyyat işləri barədə məlumat verilib. Bildirilib ki, sözügedən yataqlarda, ümumilikdə, 3800 p.m. qazma işləri aparılıb. Ağdərə-Nəsirvaz sahəsində isə 4 quyu qazılıb, 194 kern nümunəsi götürülüb və ərazinin perspektivli olduğu müəyyənləşdirilib.
Həmçinin “AzerGold” QSC tərəfindən Ortakənd sahəsində 199 kəşfiyyat quyusu üzrə 35 542,87 p.m. qazma işlərinin həyata keçirildiyi, yataqda qızıl resursunun 246 min unsiya hesablandığı və ilk istehsalın 2029-cu ildə başlanmasının planlaşdırıldığı bildirilib.
Qeyd olunub ki, 2023-2024-cü illərdə muxtar respublikada 55 qeyri-filiz yatağı üzrə təftiş qiymətləndirmə işləri aparılıb, 6 sahə isə yataqlaşdırılaraq dövlət balansına alınıb. 2023-2026-cı illərdə qeyri-filiz faydalı qazıntı yataqlarının istismara verilməsi məqsədilə 17 auksion keçirilib və nəticədə, dövlət fonduna 1,1 milyon manatdan çox vəsait daxil olub.
Sonda Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, geoloji tədqiqatların genişləndirilməsi və Naxçıvanın mineral-xammal potensialından səmərəli istifadə imkanları müzakirə olunub.
Digər xəbərlər