NAXÇIVAN :

06 Oktyabr 2026, Çərşənbə axşamı

İşığını əsirgəmə...

...

(esse)

Bir həftədən artıq idi ki, evlərinin daimi qonağına çevrilmişdi. İş saatı başa çatdıqdan sonra az qala hər gün onların qapısını döyür, balaca pasiyentini müayinə edir, sistem köçürür, lazımi tapşırıqları verib ayrılırdı. Amma budəfəki gəlişi hər kəsin ürəyincə oldu. Ağsaçlı, nur çöhrəli həkim müayinəsini başa çatdırdıqdan sonra üzünü balaca pasiyentinə çevirdi. Eynəyinin arxasından parlayan gözlərini uşağın gözlərinə dikdi. Balaca sanki çoxdan gözlədiyi bircə cümləni eşitmək üçün onun baxışlarında cavab axtarırdı. Nəhayət, həkim gülümsədi: – “Narahat olma, sağalıbsan. Növbəti həftədən məktəbə gedə bilərsən”. Bu sözlər bir həftədən artıqdır, evdə hökm sürən nigarançılığı aradan qaldırdı. Həkim bu dəfə dərman və müalicə əvəzinə xoş bir xəbər, ümid və sevinc    gətirmişdi.

Səhəri necə açdığını özü də bilmədi. On günə yaxın davam edən fasilədən sonra məktəbə qayıdışı əlamətdar bir günə – müəllimlər gününə təsadüf etmişdi. Adəti üzrə formasını geyindi, çantasını çiyninə asıb məktəbə yollandı. Sinif otağına daxil olanda gözləri ilk müəlliminin gözlərinə sataşdı. Müəllim qollarını açıb sevimli şagirdini ağuşuna aldı, üzündən öpüb qulağına pıçıldadı: –  “Xoş gəlmisən, əziz şagirdim, gözəl balam. Sənsiz buralar olmasın”. Həmin sözlər bütün sinfin üzünə sevinc gətirdi. O vaxt bu sözlərin mahiyyətini başa düşə bilməzdi. Ancaq zaman ötdükcə anladı ki, ilk müəllimin insanın həyatında qoyduğu iz bəzən elə bir  cümlədən başlayır...
Mənim ilk müəllimimlə həqiqi tanışlığım da məhz həmin gün başladı. O zamana qədər üzündəki sərt ifadədən, ciddi duruşundan çəkinirdim. Ancaq ilk dəfə məni qollarının arasına alıb bağrına basanda və qulağıma o sözləri pıçıldayanda onun necə böyük ürəyə sahib olduğunu anladım. Mən onu elə həmin gün şəfqətli qollarının arasında tanıdım.
Ömrünü səməndər quşutək oda-közə vurub əridən, şagirdlərinin işıqlı sabahı naminə gözlərinin nurunu, saçlarının ağını qurban verən ən ali peşə sahibidir müəllim. Analarımızın şirin laylasından, nənələrimizin yaddaşımıza həkk etdiyi nağıllardan etibarən qəlbimizdə cücərən Vətən və millət sevgisi müəllimlərimizin zəhməti, qayğısı və sonsuz məhəbbəti sayəsində köksümüzdə əzəmətli bir ağac kimi boy atır, budaqlanır, bəhrəsini verir. Onlar bizə yalnız elm və bilik öyrətmir, həm də həyatı dərk etməyi, doğma torpağa, xalqa, milli dəyərlərə bağlı olmağı aşılayırlar. Həyatın ən çətin anlarında müəllimlərimizin öyüd-nəsihəti yolumuza işıq salır, tərəddüdlərimizə istiqamət verir. Onların mənalı ömür yolu, zəngin həyat təcrübəsi illər keçdikcə neçə-neçə şagirdin həyat amalına çevrilir. Daşıdıqları “müəllim” adı gözlərimizdə o qədər ucalır ki, zaman keçdikcə onların sözünü, davranışını, hətta atdıqları hər bir addımı belə özümüz üçün örnək hesab edirik.Və bir gün, bəlkə də, fərqinə varmadan anlayırıq: sən demə, müəllim adını daşıyan bu müqəddəs insanlar bizim həyatımızın gələcək qurucularından imiş. Onların verdiyi ilk dərslər, söylədiyi hər bir kəlmə, göstərdiyi hər bir istiqamət taleyimizin formalaşmasında silinməz izlər    buraxırmış.
Heç kimə sirr deyil ki, müəllimlərin fədakarlığı, zəhməti və sonsuz səbrinin sayəsində həyat və fəaliyyət yolumuzun ilk cığırları açılır. Bu cığırlar zamanla geniş yollara, böyük məqsədlərə və uğurlara aparır. Ona görə də müəllimə göstərilən ehtiram, əslində, insanın öz gələcəyinə, cəmiyyətinə və Vətəninə göstərdiyi ehtiramdır. Müəllim adı isə zaman keçdikcə köhnəlməyən, dəyəri azalmayan, əksinə, hər yeni nəsillə daha da ucalan müqəddəs bir addır. O, qaranlıq yolları işıqlandıran bir nurdur, çətinliklər qarşısında ürəklərimizə hərarət bəxş edən əbədi məşəl və qollarımıza güc verən böyük ürək sahibidir...
Həyat adlı bu dünyada hər kəs bir rolda olur. İllər yaş üstünə yaş gətirdikcə, ömürdən ötüb keçən zaman bizi kərpic-kərpic ucaltdıqca, pillə-pillə hördükcə həyatımıza onlarla, yüzlərlə insan daxil olur. Həmin insanlarla yol yoldaşlığı edə-edə illəri geridə qoyuruq. 50 yaş, 60 yaş... Bəzən talenin rast gətirdiyi insanları elə tale yollarında itiririk, bəzən itirdiklərimizi zamanla qazanırıq, qiymətini illər ötdükcə anlayırıq. Ancaq müəllim ömrü elə bir dəyərə malikdir ki, o, zaman və məkan anlayışının fövqündə dayanır. Hansı yaşda olursan ol, cəmiyyətdə hansı yeri tutursan tut, mövzu gəlib ilk müəllimə çatanda qəlbindən incə bir sızıltı qopur. Yenə o qayğısız uşaqlığın yadına düşür. İllər sanki əllərini tutub səni həmin günlərə aparır. Ömür kitabına həkk olunmuş xatirələr gözlərin qarşısında roman kimi səhifələnir. Parta arxasında keçirdiyin günlərin, əlindən tutub sənə yazmağı öyrədən o qadının ilk toxunuşu, ilk təbəssümü ömürlük yaddaşının ən şirin, əvəzsiz xatirəsinə çevrilir.
İndi nə zaman məktəbli illərinin fotolarına, əlifba bayramında çəkilmiş videokasetlərə baxsam, ilk müəllimimi böyük sevgi və məhəbbətlə yada salıram. Hətta mənə elə gəlir ki, fotolardan boylanan saf və qayğısız uşaqlığım məni bir anlıq da olsa, həmin illərə aparır. Sinif otağımıza daxil olanda neftlə silinmiş köhnə, səs-küylü döşəmələrdən ətrafa yayılan qoxu, lövhəni silmək üçün nənələrimizin evdə tikib hazırladığı siləcək, partalarımızın üzərinə sərilmiş, hər həftə yuyub təmizləmək növbəsi bir şagirdə qismət olan ağ örtüklər... Bunların hamısı həmin illərin gözlə görünən şirin xatirələri idi. 
...İllər keçdi. Biz böyüdük, məktəb həyatını başa vurduq, yollarımız ayrıldı. Lakin ilk müəllimimizin bizə aşıladığı dəyərlər yaddaşımızdan silinmədi. Bu gün də çətin situasiya qarşısında qalsam, xatırladığım azsaylı insanlar arasında ilk müəllimim də olur. Düşünürəm ki, o yanımda olsaydı, mənə yol göstərərdi, istiqamət verərdi. Çünki o, qaranlıqda yolumuza nur çiləyən bir işıq idi. Bir vaxtlar sinif otağında müəllim ziyasından şagirdlərinin qəlbinə süzülən həmin işıq illər keçdikcə başqa həyatlarda, başqa talelərdə yaşamağa davam edir. Günlərin birində ilk müəllimimlə yenidən qarşılaşsam, yəqin ki, illərin gətirdiyi bütün sözləri bir anın içində unutmuş kimi, sanki danışacaq heç bir sözüm yoxmuş kimi sakitcə əllərindən öpüb ona yalnız bunu deyəcəyəm: şagirdlərindən işığını əsirgəmə. Mən bu kəlmələrlə həm də ona illər əvvəl qulağıma pıçıldadığı sözləri xatırlatmağa çalışacağam: “Xoş gəlmisən, əziz şagirdim, gözəl balam. Sənsiz buralar olmasın”. Bilirəm ki, xatırlayacaq...

Məcid RƏŞADƏTOĞLU
 

Nəşr edilib : 05.10.2026 12:45