"Euronews": Türkdilli ölkələr saxta xəbərlərlə müb...
22:40 07.12.2025
0
0
0
NAXÇIVAN :
07 Dekabr 2025, Bazar
Azərbaycan dövlətinin apardığı xarici siyasət kursunda Türkiyə və Pakistanla əlaqələr həm xalqların tarixi keçmişinə, mədəni bağlara sədaqət, hörmət baxımından, həm də dəyişən dünya nizamı fonunda birgə addımların atılması üçün olduqca əhəmiyyətli yer tutur. Hazırkı mürəkkəb geosiyasi vəziyət bu ölkələrin bir-biri ilə daha sıx təmasda olmalarını, münasibətlərini müxtəlif sahələr üzrə genişləndirmələrini şərtləndirir. Hər üç müstəqil respublika liderinin qətiyyəti həm ikitərəfli, həm də üçtərəfli platforma üzərindən faydalı əməkdaşlıqlar üçün geniş perspektivlər açır. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin üçtərəfli görüşü də bu baxımdan olduqca vacib rol oynadı. Görüş zamanı Azərbaycanın, Türkiyənin və Pakistanın daim bir-birinin yanında olduqları qeyd edildi, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdiyi bildirildi. Liderlər Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.
Türkiyə və Pakistan Azərbaycanla dost, qardaş dövlətlər olmaqla yanaşı, respublikamızın həm siyasi, həm də iqtisadi baxımdan ən yaxın strateji tərəfdaşlarıdır. Bu iki respublika 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdir. Azərbaycanın bu dövlətlərlə tarixdən, milli-mənəvi dəyərlərdən güc alan diplomatik əlaqələri ötən 34 ildə inkişaf edib, dərinləşib, yeni keyfiyyət göstəriciləri ilə zənginləşib. Təsadüfi deyil ki, həm Türkiyə, həm də Pakistan Azərbaycanın haqq işini hər zaman qətiyyətlə müdafiə edib, Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıblar. Bu məqamda bir fakta da diqqəti çəkmək lazımdır ki, hələ 1993-cü ilin aprelində Ermənistan tərəfindən Kəlbəcərin işğal edilməsi məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılanda Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik etmişdi. Və həmin vaxtdan etibarən ölkəmizə olan rəğbətin və hörmətin ifadəsi olaraq İslamabad hökuməti daim Ermənistanı işğalçı dövlət kimi pisləyərək onunla heç bir əlaqənin qurulmasına razı olmayıb. Eyni dəstəyi Azərbaycan da qardaş respublika üçün nümayiş etdirib, Kəşmir məsələsində daim İslamabadın haqlı mövqeyini gündəmə gətirib. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi status alması üçün müraciətinə, COP29-a ev sahibliyi missiyasına dəstəklə Pakistan ölkəmizə olan sonsuz hörmət və ehtiramını bəyan edib.
Bu gün Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin dərinləşməsində, iqtisadi, mədəni əlaqələrin gücləndirilməsində İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, o cümlədən ötən il Azərbaycanın üzv olduğu D8-in rolu böyükdür. 44 günlük Vətən müharibəsi günlərində də Türkiyə və Pakistan dövləti Azərbaycanın haqlı mövqeyini bir daha qətiyyətlə müdafiə etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsinin başlandığı ilk saatlardan dünyaya ünvanladığı “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” mesajı Azərbaycana böyük qardaş dəstəyi kimi savaşın gedişatına siyasi baxımdan mühüm təsir göstərdi.
Hərbi parad: Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürü
Vətən müharibəsindən sonrakı dönəmdə də Azərbaycan həm Türkiyə, həm də Pakistanla bütün sahələr üzrə münasibətlərini daha yüksək mərhələyə daşıyıb. Dünyada silahlı qüvvələrinin gücünə görə ilk onluqda yer alan Pakistan və Türkiyə müharibədən qalib çıxmış Cənubi Qafqazın lider dövləti Azərbaycanı həm də hərbi sahədə əməkdaşlıq yaxınlaşdırır. Bu sahədə üçtərəfli əməkdaşlıq, sözsüz ki, regional və beynəlxalq səviyyədə sülhə, təhlükəsizliyə xidmət kimi qəbul olunur. Qarşılıqlı səfərlər zamanı aparılan dialoqlar, müxtəlif sərgilər, təlimlər vasitəsilə təcrübənin öyrənilməsi, əldə olunan razılaşmalar əlaqələrin güclənməsinə təkan verir. 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin qarşısındakı əsas hədəflərindən biri məhz müdafiə qabiliyyətinin artırılması, hərbi infrastrukturun, müasirləşdirilməsi, arsenalın ən yeni silah və texnikalarla zənginləşdirilməsidir ki, bu nöqteyi-nəzərdən də Türkiyə və Pakistanla əməkdaşlıq müstəsna əhəmiyyət daşıyır. Məhz bu baxımdan hər üç liderin iştirakı ilə noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad da hərbi sahədə əməkdaşlığın dərinləşdiyini göstərməklə dünyaya və regiona təhlükəsizlik nöqteyi-nəzərdən mühüm mesajlar ötürdü. Prezident İlham Əliyev çıxışı zamanı paradı üç ölkənin xalqlarının, ordularının birliyinin təzahürü kimi dəyərləndirdi. Sitat: “Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”.
Tarixi zəfərdən bir il ötməmiş, daha dəqiq desək, 2021-ci il iyunun 15-də böyük qələbənin rəmzi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq ikitərəfli əlaqələri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə qaldırıblar. Hazırda həmin müttəfiqlik nəinki bu iki qardaş respublikalara, sərhədləri aşaraq bütün regiona, Türk dünyasına, Avrasiyaya əhəmiyyətli töhfələr verir. Bu töhfələr həm enerji, həm nəqliyyat-logistika, həm də hərbi, müdafiə sahələrini əhatə edir. Məhz Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında olduğu kimi, cari il noyabrın 8-də baş tutan, Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Türkiyə hərbçilərinin, şəxsən Rəcəb Tayyib Ərdoğanın iştirakı iki qardaş respublikaların birliyinin, strateji müttəfiqliyinin növbəti əyani təzahürüdür.
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının son dövrləri barədə danışan zaman qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin ötən il iyulun 12-də İslamabadda Pakistanın “Milli Aerokosmik Elm və Texnologiya Parkı”ndakı hərbi sərgi ilə tanışlığı iki ölkə arasında hərbi və texnoloji sahədə əlaqələrin güclənməsi yönündə mühüm addım olub. Eyni zamanda cari il fevralın 24-də Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumu çərçivəsində müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə bu istiqamətdə birgə istehsal müəssisəsinin yaradılması üzərində işlərin aparıldığı bildirilib. Hərbi əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri 2024-cü ildə Azərbaycanın Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir. Məhz Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Türkiyə hərbçiləri ilə yanaşı, ilk dəfə Pakistan hərbçilərinin keçidi, bu respublikadan alınan silahların, texnikaların nümayişi, şəxsən Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı və çıxışı zamanı dediyi “Pakistan, Azərbaycan və Türkiyə – ürəkləri bir döyünən üç qardaş bu gün burada çiyin-çiyinə dayanaraq belə möhtəşəm tədbiri birlikdə, hamılıqla qeyd edirlər” sözlər hərbi əməkdaşlığın dərinləşdiyini göstərən, eyni zamanda regionda mövcud sülh və təhlükəsizliyə yönələn təhdidlərə qarşı ünvanlanan çox mühüm mesaj təsiri bağışlayır.
Bəli, bu gün Azərbaycan, Türkiyə və Pakistan dövlətləri münasibətlərini tarixi ənənələrə sədaqətlə, müasir çağırışlara uyğun, hər üç ölkənin xoşbəxt sabahları, xalqların rifahları naminə qarşılıqlı hörmət və etimad prinsiplərini əsas tutaraq dərinləşdirirlər. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında ən vacib məqam isə, sözsüz ki, hərbi sahəyə dair əməkdaşlıqdır və bu müstəvidə birgə fəaliyyət həm respublikaların hərtərəfli müstəqil siyasət yürütməsi, həm də regionda davamlı sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmini baxımından mühümdür. Əminliklə demək olar ki, liderlərin qətiyyəti və məharətli diplomatiyası sayəsində bu formatın effektivliyi, faydalılıq əmsalı yaxın gələcəkdə özünü daha bariz şəkildə göstərəcək.
Nail ƏSGƏROV
Digər xəbərlər