NAXÇIVAN :

06 Fevral 2026, Cümə

“Azərbaycan təsviri incəsənətində Mirzə Qədim İrəvaninin yaradıcılığı” mövzusunda elmi-praktiki konfrans keçirilib

...

Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş  “Azərbaycan təsviri incəsənətində Mirzə Qədim İrəvaninin  yaradıcılığı” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Əməkdar rəssamı, millət vəkili Ülviyyə Həmzəyeva açaraq konfransın  mahiyyətindən  danışıb tədbir iştirakçılarına uğurlar arzu edib. Daha sonra konfrans iştirakçıları ilə birgə sərgiyə baxış keçirilib.          

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev  çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin ölkə miqyasında qeyd olunması Azərbaycan dövlətinin milli-mədəni irsə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. O bildirib ki, Mirzə Qədim İrəvani Azərbaycan realist təsviri sənətinin banilərindən biri kimi milli rəssamlıq məktəbinin əsasını qoymuşdur. Akademik əlavə edib ki, Mirzə Qədim əsərləri ilə Azərbaycan təsviri incəsənətinin inkişafında mühüm mərhələ açmışdır. 
Sonra Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bildirdi ki, sənətkarın yaradıcılığından bəhs edən bu orijinal sərginin təşkili böyük təşəkkürə layiqdir. Bu gün sərgi ölkə başçısının imzaladığı Sərəncamın icrası məqsədilə gerçəkləşib. Mirzə Qədim İrəvaninin yaradıcılığı bütövlükdə Azərbaycan rəssamlıq sənətinə verilən dəyərin ifadəsidir. Bu cür dövlət tədbirləri bizə həm yaradıcı insanların sənəti ilə yaxından tanış olmaq, həm də İrəvaninin  yaradıcılığını dərindən öyrənmək imkanı yaradır. Bu, eyni zamanda Qərbi Azərbaycana qaydış  konsepsiyasının mühüm tərkib hissəsidir. Biz sülh və ədalət yolu ilə bu torpaqlara qayıdacağıq. Rektor çıxışı zamanı  sərgi iştirakçılarına yaradıcılıq uğurları arzulayıb.    

Tədbirdə Milli Məclisin deputatı Tamam Cəfərova  və Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya da  iştirak edib.  
Konfransda, həmçinin Mirzə Qədim İrəvaninin yaradıcılığı və sənət irsi ilə bağlı məruzələr dinlənilib.

Nəşr edilib : 09.10.2025 15:28