Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb...
19:54 13.08.2026
0
0
0
NAXÇIVAN :
13 Avqust 2026, Cümə axşamı
Naxçıvan hər zaman lazımi dərəcədə müdafiə olunacaqdır
“Bu illər ərzində, əlbəttə ki, ilk növbədə, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, – özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir”.
Dövlət başçısının avqustun 11-də Naxçıvana səfəri zamanı dediyi bu fikirləri dinlədikcə fəxrlə yada salırıq ki, respublikamızda ilk milli ordunun yaradılması qərarını Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən verib. Bu gün də ordu quruculuğu, şəxsi heyətin döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü işlər uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin artırılması və təhlükəsizliyinin təmin olunması Azərbaycan dövlətinin strateji prioritetlərindəndir. Ərazi bütövlüyünün qorunması, hərbi infrastrukturun modernləşdirilməsi, Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və sərhəd mühafizəsinin gücləndirilməsi daim xüsusi diqqət mərkəzindədir. Naxçıvanın Türkiyə və İranla həmsərhəd olması, Ermənistanla isə uzun sərhəd xəttinə (224 km) malik olması onun müdafiəsini hərbi-siyasi baxımdan vacib edir. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Qürurla deyə bilərik ki, Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrin də maddi-texniki təminatı və hazırlıq səviyyəsi günün tələbləri nəzərə alınaraq gücləndirilib, yüksək döyüş hazırlığı baxımından müasir dünya ordularından heç də geri qalmayan Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın təhlükəsizliyinin qarantına çevrilib.
Tarixi əhəmiyyətə malik qərar
2013-cü ildə muxtar respublikanın hərbi təhlükəsizlik sistemini daha da gücləndirmək üçün tarixi əhəmiyyətə malik addım atıldı. Müasir dövrün reallıqlarını nəzərə alan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev təkcə ölkəmiz üçün deyil, ümumilikdə, Cənubi Qafqaz regionu və bütün Türk dünyası üçün mühüm strateji məkan kimi böyük əhəmiyyət kəsb edən Naxçıvanın müdafiə qabiliyyətinin artırılması məqsədilə Əlahiddə Ümumqoşun Ordunun yaradılması barədə qərar qəbul etdi. Ölkəmiz üçün böyük əhəmiyyətə malik olan bu dövlət sənədinin dəqiqliklə icrası nəticəsində Naxçıvanın müdafiə qabiliyyəti daha da artıb, bir mərkəzdən idarəetmə təkmilləşdirilib və nəticədə, daha effektiv müdafiə sistemi qurulub.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim diyara səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun yaradılması barədə danışarkən deyib: “Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın – muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”.
Beynəlxalq hərbi ekspertlərin ümumi rəyi belədir ki, istənilən ordunun döyüş qabiliyyətini, gücünü yalnız hərbi təlimlərdə və müharibədə müəyyənləşdirmək olar. Əlahiddə Ümumqoşun Ordunun istər hərbi təlimlərdə iştirakı zamanı nümayiş etdirdiyi döyüş qabiliyyəti, istərsə də təcavüzkar düşmənin təxribatlarına tutarlı cavab zərbələri onun gücünü və qüdrətini göstərir. Dəfələrlə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində Əlahiddə Ümumqoşun Ordu NATO kimi qüdrətli hərbi-siyasi təşkilatda ikinci yerdə qərarlaşan, Avropada isə analoqu olmayan Türkiyə Silahlı Qüvvələri ilə eyni səviyyədə güc nümayiş etdirib. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarının 2018-ci ildə Günnüt əməliyyatında, 2020-ci ildə Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq tarixə qızıl hərflərlə yazıldı. Onlar zəfər yolunu rəşadətlə keçib, müqəddəs yürüşü Şuşada tamamlayıb “dəmir yumruğ”un bir parçasına çevrildilər.
Hakim yüksəkliklərdə etibarlı müdafiə sistemi qurulub
Əməliyyat-taktiki baxımdan yüksək döyüş hazırlığına malik olan Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi qurub. Strateji yüksəkliklərdə belə bir müdafiə sisteminin yaradılması düşmənin hərəkət imkanlarını xeyli məhdudlaşdırır, istənilən təxribatlara adekvat cavab vermək imkanı yaradır. Əlahiddə Ümumqoşun Ordunun ətrafdakı ərazilərə maneəsiz nəzarət etməsi ona həm də istənilən hədəfi dəqiqliklə yox etmək imkanı verir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Naxçıvanın sərhədlərində güllə səsi eşidilmədi. Ermənistan mətbuatı bu gün Azərbaycanın əsas ərazisindən ayrı salınmış Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordudan söz açarkən diqqəti, ilk növbədə, təmas xəttindəki hakim yüksəkliklərə, orada qurulmuş müdafiəyə yönəldir. Çətin dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər torpaqlarımızı etibarlı surətdə qoruyurlar. Güclü maddi-texniki təminat və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır.
Bu gün sərhədlərdə xidmət üçün zəruri olan hər bir şərait yaradılıb. Postlar ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq yerləşdirilib, lazımi yerlərdə müxtəlif mühəndis-istehkam qurğuları yaradılıb, ön xəttin müdafiə qabiliyyəti xeyli gücləndirilib. Dayaq məntəqələri və postlar arasında yol və daim rabitə əlaqələri yaradılıb, onların hər biri müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub. Müşahidə zonasının daimi nəzarətdə saxlanması təmin edilib. Müasir müşahidə cihazları vasitəsilə qarşı tərəfin mövqeləri istənilən hava şəraitində müşahidə olunur.
Maddi-texniki təminatla yanaşı, yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin döyüş hazırlığına da ciddi diqqət yetirilir. Təmas xətti boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın durmadan möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqətdə saxlanılır, əsgər və zabitlər xidməti vəzifələri şərəf və ləyaqətlə yerinə yetirirlər. Sərhədlərin etibarlı qorunması, ordumuzun arsenalında olan silah sistemləri və hərbi-texniki vasitələrin gündən günə artırılıb, müasirləşdirilməsi qədim diyarın sakinlərində əminlik yaradır. İnsanlarımız Müzəffər Ali Baş Komandana inam, ordumuza güvən hissi ilə ömür sürür. Azərbaycan xalqı 30 illik yolu 44 gündə keçən, dünyaya öz güclü zəkası, siyasi gücü ilə dərs keçən, həm diplomatik, həm də döyüş meydanında düşmənə dərs verən Ali Baş Komandanı, güclü ordusu ilə qürur duyur.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər