NAXÇIVAN :

14 Mart 2025, Cümə

Azərbaycan qadınları sosial və mədəni həyatın fəal iştirakçılarıdır

...

Azərbaycan qadınları tarixboyu ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamışlar. Qədim dövrlərdən bəri onlar ailənin əsas sütunu olmaqla yanaşı, cəmiyyətin inkişafında da fəal iştirak ediblər. Ziyalı qadınlar milli maarifçiliyin formalaşmasında çox dəyərli iz qoymuşlar. XIX-XX əsrlərdə qadınlar maariflənmə hərəkatının aparıcı gücü kimi çıxış ediblər. Xurşidbanu Natəvan, Nigar Şıxlinskaya, Sara Aşurbəyli kimi görkəmli qadınlar Azərbaycan tarixində dərin izlər qoymuş, təhsil, elm və incəsənət sahələrində böyük nailiyyətlər qazanmışlar.

Azərbaycan qadınları 1918-ci ildə müsəlman Şərqində ilk dəfə seçki hüququ qazanaraq cəmiyyətin siyasi həyatında aktiv rola sahib oldular. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin qadın haqlarına verdiyi dəyərin göstəricisi idi. 1918-ci il 19 noyabr tarixdə qəbul edilən Seçki Məcəlləsinə əsasən qadınlar kişilərlə bərabər şəkildə seçmək və seçilmək hüququ əldə etdilər. Bu, Azərbaycan qadınlarının siyasi həyatda fəallığını artırmaqla yanaşı, onların idarəetmədə iştirakına da imkan yaratdı. Müasir dövrdə qadınların seçki prosesində rolu daha da genişlənib və parlamentdə, icra hakimiyyətlərində, müxtəlif dövlət qurumlarında fəal şəkildə təmsil olunurlar.
Azərbaycan qadınları ölkənin mədəniyyətini, ana dilini və milli-mənəvi dəyərlərini qoruyub saxlamaqla böyük missiya daşıyırlar. Onlar ailədə, təhsil sistemində və ictimai fəaliyyətlərində bu dəyərlərin nəsildən-nəslə keçməsini təmin ediblər. Qadın müəllimlərin, şairlər və ziyalıların milli irsin qorunub saxlanılmasında müstəsna rolu danılmazdır. Tarixən qadınlarımızın maariflənməyə verdiyi töhfələr nəticəsində elm, incəsənət və mədəniyyət sahələrində ciddi irəliləyişlər qeydə alınmışdır. Azərbaycan qadını bu gün də milli kimliyi qorumaq, mədəniyyətimizi və dilimizi inkişaf etdirmək üçün yorulmadan çalışır.
Azərbaycan qadınları sosial və mədəni həyatın fəal iştirakçılarıdır. Onlar incəsənət, musiqi, idman və digər sahələrdə böyük nailiyyətlər əldə ediblər. Müasir dövrdə qadınlar sosial təşəbbüslərin və xeyriyyəçilik fəaliyyətlərinin öncüllərindən olmuş, müxtəlif layihələrə rəhbərlik edərək cəmiyyətin rifahına töhfə vermişlər. 
1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər, hüquqlara malik olduğunu təsbit edir. Eyni zamanda Ailə Məcəlləsi, Əmək Məcəlləsi və digər qanunvericilik aktları qadınların hüquqlarını qoruyur. Azərbaycan, həmçinin qadın hüquqlarının qorunmasını nəzərdə tutan beynəlxalq konvensiyalara qoşulmuşdur.
Azərbaycan qadınları elmdə, iş dünyasında və siyasi həyatda fəal rol oynayırlar. Azərbaycan qadınları Birinci və İkinci Qarabağ müharibələrində tibb işçisi, döyüşçü və jurnalist kimi iştirak edərək vətənpərvərlik göstərmişlər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “yumşaq güc” siyasətinin simvolu kimi humanitar sahədə çoxsaylı layihələr reallaşdırıb. O, təhsil, səhiyyə, mədəniyyət sahələrində qadınların fəallığını artıran siyasət aparır, Heydər Əliyev Fondunun prezidenti olaraq xeyriyyəçilik və mədəniyyətin qorunması sahəsində geniş fəaliyyət göstərir.
Bu gün qadınlar hökumət strukturlarında, QHT-lərdə, biznes və sosial layihələrdə aktiv iştirak edirlər. Onlar elm, incəsənət, səhiyyə, hərbi sahələrdə uğurlar qazanaraq ölkənin tərəqqisinə töhfələrini verirlər. Azərbaycanın bir çox qadını BMT, UNESCO və digər beynəlxalq təşkilatlarda ölkəni layiqincə təmsil edirlər.
Azərbaycanda gender siyasəti qadın və kişilərin bərabər hüquqlarını təmin etməyə istiqamətlənir. 2006-cı ildə qəbul edilən “Gender bərabərliyinin təmin edilməsinə dair” Qanun bu sahədə mühüm addımlardan biri oldu. Dövlət proqramları çərçivəsində qadınların hüquqlarının qorunmasını və onların liderlik mövqelərinə yüksəlməsini də xüsusi qeyd etməliyik. Çünki dövlət siyasətinin ayrılmaz hissəsi olan qadın hüquqlarının qorunması böyük əhəmiyyət daşıyır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə fəaliyyət göstərir. Azərbaycanın müxtəlif regionlarında qadınların sosial və iqtisadi hüquqlarını gücləndirmək üçün proqramlar həyata keçirilir.
8 Mart – Beynəlxalq Qadınlar Günü qadınların cəmiyyətdəki rolunun vurğulandığı və onların fəaliyyətinə diqqət yetirildiyi bir gündür. Onların sosial, iqtisadi və siyasi həyatda qazandıqları uğurlar bu bayram günündə xüsusilə diqqət çəkir.


Gülxarə ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 07.03.2025 17:00