Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin...
12:39 20.04.2025
0
0
0
NAXÇIVAN :
20 Aprel 2025, Bazar
Azərbaycan qadını hər zaman cəmiyyətimizin ön sıralarında olmuş, ailə şəfqəti, dövlət qayğısı ilə əhatə edilmiş və yüksək dəyər görmüşdür. Çünki vətənpərvər və mübarizdir – düşməninə qarşı qardaşı, yoldaşı ilə çiyin-çiyinə savaşar; sadiq və fədakardır – həyatını dəyərlərinə, övladlarına, ailəsinə və amalına fəda edir; nikbin və əzmkardır – bütün çətinliklərə dözməyi bacarır; müdrikdir – qarşısına çıxan hər tikana baxıb gülü, hər qaranlığa baxıb arxasından gələn işıqlı səhəri görür; mərhəmətlidir – incitməyi deyil, bağışlayıcı olmağı seçir, elə buna görə də xeyirxahlıq mücəssiməsidir əsl Azərbaycan qadını.
Dövlət müstəqilliyimizin bərpasından keçən 34 il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılmasına dəyərli töhfələr vermiş, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmaqla cəmiyyətdə böyük etimad qazanmışdır. Bu potensialın üzə çıxarılması və inkişaf etdirilməsi ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, nəticə olaraq müasir lider qadınların yetişməsi üçün mühüm stimul olmuşdur. Onların ən gözəl nümunəsi kimi Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırmışdır. Bu gün dünya miqyasında Azərbaycan mədəniyyətinin və tarixinin təbliğatçısı rolunu oynayan Mehriban xanım Əliyeva ailə dəyərlərinə yüksək qiymət verir: “Mən öz ailəmi çox sevirəm və ailə ənənələri ilə hesablaşıram. Əgər evdə qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və hörmət varsa, hesab edirəm ki, qalan bütün məsələlər yoluna qoyulacaq.”
Ailə dəyərlərinə bağlılığı ifadə edən bu fikir gənc nəslə ailənin müqəddəsliyi və qorunmasının zəruriliyi kimi mental dəyərlərin aşılanmasında mühüm əhəmiyyət daşıyır. Bu, əsl Azərbaycan xanımının həyat kodeksidir. Hansı ki tarixboyu bütün digər xidmətlərin fövqündə duran analıq missiyasını qoruyub saxlayıb. Bu müqəddəs missiyanı ləyaqətlə daşıyan müdrik analar Vətənə vəfa borcunu qanları ilə verərək and yerimizə çevrilən şəhidlərimizi, canlarından pay verməyi gözə alan fədakar qazilərimizi, elm, siyasət, diplomatiya, mədəniyyət, idman, texnologiya sahələrində zəkası, istedadı, qələmləri ilə dövlətçiliyimizə və xalqımıza sədaqətlə xidmət edən gənclərimizi yetişdirmişlər. Bugünkü qadınlarımız sırasında lider analar, şair analar, xeyriyyəçi analar da var, şəhid anaları da var, qazi anaları da. Onlara hər birimiz ehtiram göstəririk.
Respublikamızda xanımlara diqqət və qayğının ifadəsidir ki, hazırda müəllimlərin 80, həkimlərin 61, elmi işçilərin isə 50 faizi zərif cinsin nümayəndələridir.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, mühüm dövlət qurumlarında, seçkili orqanlarda, idman sahəsində onlar uğurla təmsil olunmaqdadır. Qadınların müxtəlif qurumlarda, o cümlədən ali qanunvericilik orqanlarında da iştirak faizi ildən-ilə artmaqdadır.
Müxtəlif məsul vəzifələrdə çalışan xanımlar, həmçinin millət vəkilləri, incəsənət, elm və pedaqoji sahənin yüzlərlə zərif, lakin fədakar nümayəndələri Azərbaycanda gender məsələsinin diqqət mərkəzində olduğunu göstərir.
Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul olunması da bunu təsdiq edir. Qadınların hər il müxtəlif orden və medallarla təltif edilmələri, onlara fəxri adların verilməsi bu zərif cinsin nümayəndələrinin əzmini, çalışqanlığını, mübarizliyini və gücünü artırır.
Zeynəb QULİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Digər xəbərlər