NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Azərbaycan milli mətbuatının 150 illik yubileyində Naxçıvanda fəaliyyət göstərən jurnalistlər “Tərəqqi” medalı ilə təltif edilib

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən milli mətbuatın inkişafında xidmətlərinə görə bir qrup media işçisi “Tərəqqi” medalı ilə təltif edilib. Mükafata layiq görülənlər sırasında Naxçıvan Muxtar Respublikasında medianı təmsil edən Hüseyn Əsgərov, Xaliq Babayev, İlkin Rzayev, Qahirə Hüseynova, Faiq Musayev yer alır. 
“Şərq qapısı” qəzeti olaraq biz də “Tərəqqi” medalı ilə təltif olunan həmkarlarımızın təəssüratlarını öyrəndik.
“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmaq mənim üçün böyük şərəfdir”. 
“Şərq qapısı”na müsahibəsində  bu sözləri "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini Xaliq Babayev söyləyib.
"Bu mükafat yalnız şəxsi fəaliyyətimin deyil, eyni zamanda çalışdığım kollektivin, Naxçıvan televiziyasının inkişaf yoluna verilən dəyərin ifadəsidir. Artıq 11 ildir ki, televiziya sahəsində fəaliyyət göstərirəm və bu müddətdə daim peşəkarlığa, milli maraqlara və məsuliyyətə sadiq olmuşam. Bu cür qiymətləndirmə gələcək fəaliyyətimə daha böyük ruh verir. Naxçıvan televiziyası hazırda peyk yayımı ilə ölkənin informasiya məkanında önəmli mövqeyə sahibdir. Texnoloji yeniliklər, yaradıcı yanaşma və komanda ruhu bu inkişafın əsas dayaqlarıdır. Milli mətbuatın 150 illiyi kimi əlamətdar bir zamanda belə yüksək mükafata layiq görülmək mənim üçün həm qürurverici, həm də mənəvi cəhətdən dəyərli hadisədir. Bu münasibətlə ölkə başçısına sonsuz minnətdarlığımı bildirir, bütün media nümayəndələrini təbrik edirəm”, – deyə Xaliq Babayev bildirib. 
“Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə ölkə başçısının 2025-ci il 21 iyul tarixli Sərəncamı bu sahədə çalışan şərəfli peşə sahiblərinin bayram sevincini bir qədər də artırdı". 
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərov söyləyib:
"Bu sevincə şərik olanlardan biri də mənəm. Ölkə Prezidenti tərəfindən əməyim yüksək qiymətləndirilərək “Tərəqqi” medalı ilə təltif edilməyim böyük qürur hissi doğurur. Bu hissləri sözlə ifadə etmək çətindir. Məni bu yüksək mükafata layiq gördüyü üçün Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu gün media sahəsinə göstərilən diqqət və qayğı hər bir jurnalistin daha məsuliyyətlə çalışmasına stimul verir. Mənim üçün bu təltif həm də onunla əlamətdardır ki, bu il 70 illik ömrümün və 50 illik mətbuat fəaliyyətimin tamam olduğu ilə üst-üstə düşür. İlk yazım “Nəticə çıxaracaqlarmı?” 1971-ci il 27 fevral tarixdə “Şərq qapısı” qəzetində dərc olunmuşdu. Bu yazıya görə kəndimizdəki kolxoz sədrinə töhmət verilməsi mənim üçün jurnalistikaya bağlanmağımda həlledici oldu. Milli mətbuatımızın təməlini qoyan Həsən bəy Zərdabinin 1875-ci ildə nəşrə başladığı “Əkinçi” qəzeti maarifçilik missiyası ilə çıxış edərək cəhalətə və xurafata qarşı mübarizə aparıb, milli şüurun formalaşmasında böyük rol oynayıb. O, milli mətbuatın çırağını yandırdı, sonrakı nəşrlər isə bu çırağı məşələdək böyütdü. Bu gün yaradılan şəraitdən faydalanaraq bütün media nümayəndələrini peşə bayramları münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram", – deyə Əməkdar jurnalist bildirib. 
“Azərbaycan milli mətbuatının 150 illiyində belə bir yüksək mükafata, “Tərəqqi” medalına layiq görülmək mənim üçün həm şərəf, həm də məsuliyyətdir” .
“Şərq qapısı”na müsahibəsində "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin Proqram, efirə buraxılış və əlaqələndirmə departamentinin rəhbəri İlkin Rzayev deyib.  
"Bu etimada görə Prezident İlham Əliyevə ailəm və Naxçıvan televiziyasının kollektivi adından dərin minnətdarlığımı bildirirəm. Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat ənənələrini bu gün müasir jurnalistikanın tələblərinə uyğun şəkildə davam etdirmək bizim başlıca məqsədimizdir. Bir neçə gün öncə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan mediası milli maraqları qorumaqda və əsassız ittihamları faktlarla ifşa etməkdə ciddi nailiyyətlər qazanır. Bu bizim üçün fəaliyyət istiqamətimizin təsdiqi və stimuldur. Naxçıvan televiziyası üçün də son illər mühüm mərhələ olub. Prezidentin Fərmanı ilə peyk yayımı üçün lisenziya verilməsi və “MEDİAFEST-2025” çərçivəsində ilk peyk yayımının təşkili bizim üçün yeni imkanlar açdı. Qarşıya qoyulan hədəflərə çatmaq üçün kollektivimizlə birlikdə var gücümüzlə çalışacağıq. Dövlətimizin göstərdiyi bu yüksək etimada daim layiq olacağıq", – deyə İlkin Rzayev qeyd edib.
“Şərq qapısı” qəzeti olaraq biz də həmkarlarımızı ürəkdən təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Aidə İBRAHİMOVA
Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 21.07.2025 22:25