Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşlar...
17:01 21.04.2025
0
0
0
NAXÇIVAN :
21 Aprel 2025, Bazar ertəsi
Son günlərdə dünya siyasi arenasında ölkəmizi də yaxından maraqlandıran hadisələr bir daha göstərdi ki, Azərbaycan Respublikası özünün milli dövlətçilik maraqlarını hər şeydən üstün tutaraq buna uyğun olmayan hər cür hadisəyə və siyasi gedişə qarşı öz kəskin münasibətini bildirməyə qadirdir. Milli dövlətçiliyimizin və suverenliyimizin daha da möhkəmləndirilməsi yolunda dövlət başçımız Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin bəhrəsi olaraq bu gün Azərbaycan heç kimdən, o cümlədən bir zamanlar yardım və humanitar-mədəni fəaliyyət adı altında ölkəmizdə məskunlaşmış hər cür xarici təşkilatdan asılı olmadığını bəyan edərək onların aid olduğu ölkələrə də müvafiq notasını təqdim edir. Ölkəmizdə ofisi ola-ola işğalçı Ermənistanla işbirliyi içində olmuş, separatçı cinayətkarlarla sıx əlaqələr yaratmış və dırnaqarası humanitar fəaliyyətinin pərdə arxasında ölkəmizə qarşı pozuculuq əməlləri ifşa olunmuş USAID – ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkəmizdə arzuedilməz elan olunaraq fəaliyyətinin dayandırılması və həmçinin Bakıda qeyri-qanuni fəaliyyəti üzə çıxmış “Rus evi”nin bağlanılması məhz milli maraqlarımızın sərt müdafiəsi istiqamətində atılmış növbəti uğurlu addımdır.
USAID-in ölkəmizdə mövcudluğuna son verilməsi onsuz da dünya miqyasında imici sıfra enmiş bu təşkilatın ikiüzlü siyasətini ifşa etməklə bu dırnaqarası yardım quruluşu təəssübkeşlərinə, xüsusən də Ermənistana və erməni lobbisinə qarşı da növbəti güclü zərbə oldu. Şübhə doğuran çirkli maliyyə əməliyyatları ilə ABŞ-də də qara siyahıya salınmış USAID təşkilatının ölkəmizdən çıxarılması ilə müstəqil Azərbaycan bir daha sübut etdi ki, nəyin nə zaman ediləcəyini yaxşı bilən dövlət başçısının qətiyyəti sayəsində istənilən missioner təşkilat daxil olmaqla hər kəslə münasibətlərə yenidən baxmağa qadir olan dövlətdir. Dövlət başçımızın da çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin iqtisadi gücünün artması, xarici borcumuzun faizlə miqdarının dəfələrlə azalması, valyuta ehtiyatlarımızın çoxalması ölkəmizin belə müstəqil siyasət aparmasına imkan yaradan amillərdəndir. Bu xüsusda ən böyük güc isə, şübhəsiz, ölkəmizdə hökm sürən sosial-siyasi sabitlik və dövlət-xalq birliyidir. Dövlət başçımız cəmiyyətimizin həssas olduğu məsələlərdə qətiyyət göstərərək bunları xarici siyasətdə də nümayiş etdirməklə bu birliyi daha da möhkəmləndirir, milli maraqlarımızı həmişə ön plana çəkir.
Bu gün Azərbaycan Cənubi Qafqazın lideri olub, 44 günlük müharibədən sonra məğlub Ermənistanla bağlanılacaq sülh müqaviləsi üzrə danışıqlarda öz qalib mövqeyindən bəhrələnən dövlətdir. Azərbaycan cəmiyyəti qəti şəkildə inanır ki, məhz Azərbaycanın diktəsi ilə irəliləyən bu prosesləri pozmaq, Ermənistanı hücum silahları ilə silahlandırıb danışıqlardan pay qoparmaq xəyalları ilə bu ölkəni iştahalandırmaq istəyən USAID kimi təşkilatların ölkəmizdən çıxarılması başqalarına da ibrət dərsi olmaqla yaxın gələcəkdə bütün belə maskalanmış missionerlərin, ümumiyyətlə, Cənubi Qafqazı tərk etməsinə bir vəsilə olacaq və bu bölgədə bütün xalqlar, nəhayət ki, rahat nəfəs alacaq. Başqa sözlə, bu gün hər kəs açıqca görür ki, istər silahlı müdaxilə, istərsə də USAID kimi yardım pərdəsi arxasında gizlənmiş təşkilatlar vasitəsilə Cənubi Qafqaza soxulmuş hər cür işğalçı ünsürlər, əslində, buradakı münaqişələrin bitməsinə deyil, onların daha da uzunmüddətli olmasına maraqlı olub, bunu bəzən özləri də etiraf edirlər. Bu isə 30 illik işğala son qoymuş ölkəmizə qarşı cinayət törətmiş erməni separatçılarının məhkəməsini keçirən güclü müstəqil Azərbaycanın hazırkı gündəminə, ümumiyyətlə, uyğun olmayıb, dövlət başçımızın qarşıya qoyduğu sülh, Qarabağın yenidən inşası və Zəngəzur dəhlizinin açılması məsələlərinə əngəl yaradır. Ona görə də ölkəmizə qarşı hər hansı destruktiv mövqe tutanlara qarşı edilən belə sərt çıxışlardan hər kəs, xüsusən də revanşist Ermənistan daha yaxşı nəticə çıxarmalıdır. Çünki Azərbaycan heç kimdən asılı olmayan müstəqil dövlətdir!
Teymur RZAYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər