Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru ilə müsahibəsinə baxış
Dünən dövlət başçımız Prezident cənab İlham Əliyev rusiyalı jurnalist Dmitri Kiselyova verdiyi müsahibədə güclü və müstəqil Azərbaycanın dövləti başçısı kimi bugünkü dünyada və yaxın regiondakı geosiyasi vəziyyətin, həmçinin yaxın və uzaq keçmişdəki siyasi hadisələrin dərin təhlilinə əsaslanaraq ölkəmizin gələcək mövqeyini ortaya qoymaq baxımından bir daha diqqətçəkən məqamlar ifadə etdi. Bu, ölkəmizin şimal qonşusu və sıx iqtisadi-mədəni əməkdaşlığı olmaqla yanaşı, həm də aralarında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanmış Rusiyanın gələcəkdə Azərbaycandan nə gözlədiyini bir daha bilmək baxımından da diqqəti cəlb edirdi. Rusiyalı jurnalistin “Azərbaycanla Rusiya arasında müttəfiqliyin nə demək olduğu?” – sualına dövlət başçımızın bir çox cəhətdən xarici siyasət prioritetləri üst-üstə düşən tarixən iki qonşu dövlətin müttəfiq olmasının da hər sahədə faydalı olacağını, Rusiyanı narahat edən məsələlərin eyni ilə Azərbaycan Respublikası üçün də aktual olduğunu bildirməsini burada xüsusilə qeyd etmək lazımdır. Şübhəsiz, iki tərəfdən hər gün, təxminən, 3 min nəfərədək hərbçinin həlak olduğu dağıdıcı Rusiya-Ukrayna müharibəsi uzandıqca regiondakı vəziyyətin hər kəs üçün yaratdığı təhlükə, mümkün NATO-Rusiya qarşıdurması zamanı yaranacaq fəlakət ssenarisinin ön görülməsi və yeni seçilmiş ABŞ dövlət başçısının hələ də tam şəffaf olmayan xarici siyasət prioriteləri fonunda etibarlı tərəfdaş və müttəfiq kimi Azərbaycanın mövqeyini onun dövlət başçısının dilindən dinləmək bu gün bir çoxlarına çox vacib olan məqamdır. Şübhəsiz, Azərbaycandan min kilometrlərlə uzaqda olsa da, nədənsə bizi hələ də istəməyən bir neçə dövlətlə müqayisədə dostlarımızın sayı dəfələrlə çoxdur və bu gün ölkəmizin tutduğu inkişaf yolu, müstəqil xarici siyasətin bir çoxları üçün təhlil obyekti olması da tamamən obyektivdir.
Təkcə ölkəmizdə və rusdilli auditoriyada deyil, eləcə də bütün dünyada maraq doğuran bu müsahibədə dövlət başçımız cənab İlham Əliyev ilk olaraq qardaş Türkiyə ilə olan yüksəksəviyyəli hərtərəfli münasibətlərimizə toxunaraq bunun iki dövlət arasında tarixi doğmalıq və hərbi-strateji sahədə əməkdaşlıqdan, həm də zərurətdən yarandığını vurğulaması diqqəti cəlb edir. Bu zərurəti yaradan isə Prezidentimizin dəfələrlə vurğuladığı kimi, şübhəsiz, qlobal təhlükəsizlik arxitekturasının zəifləməsi və hətta işləməməsi, eləcə də təcavüzkar Ermənistanın 30 ildən artıq müddətdə ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq üçün həyata keçirdiyi müdafiə doktrinasıdır. Azərbaycan məhz ona qardaş olan dövlətlərlə bunu edərək işğala son qoydu və tam suverenliyini bərpa etdi. İndi ermənilərə havadar çıxıb hər yerindən onları tutan rüsvayçı Fransa və onun kimi bəzi ölkələrin xoşuna gəlməsə də, Azərbaycanın öz suverenliyini bərpa etməsi onun tam hüququdur və Qarabağın da Azərbaycanın tərkib hissəsi olmasını Ermənistan belə rəsmən qəbul etmişdir. Odur ki, hazırda davam edən sülh müqaviləsi üzərində aparılın danışıqları axsatmaq üçün Fransa, Hindistan və ABŞ-nın Ermənistanı hücum silahları ilə silahlandırma dəstəyi, əslində, onları növbəti fiaskoya aparan qızışdırıcı əməldən başqa bir şey deyildir. Çünki Azərbaycanın kifayət qədər olan hərbi büdcəsi belə aqressiv hərəkətlərə qarşı ordumuzu həmişə hazır olmağa imkan yaradır.
Halbuki hələ Qarabağdakı birgünlük antiterror əməliyyatına qədər Azərbaycan tərəfi buradakı erməni icması ilə reinteqrasiyaya həmişə açıq olmuş, bunu müxtəlif kanallarla bəyan etmişdir. Lakin əksəriyyətinin cinayət əməllərinə bulaşdığı üçün bir daha Qarabağda qala bilməyəcəyi səbəbindən ermənilərin könüllü olaraq buranı tərk etməsindən sonra da Azərbaycanın Ermənistandan deportasiya olunmuş 300 min azərbaycanlının yenidən öz doğma torpaqlarına qayıtmasını tamamilə qanuni hesab edən dövlət başçımız məğlub ölkə ilə bağlanılacaq sülh müqaviləsində bunun vacibliyini xüsusilə qeyd etməklə, əslində, yeni siyasi parametrləri də rusiyalı jurnalist timsalında dünyaya bəyan etdi. Çünki 30 illik işğalın və müharibənin vurduğu yaraları sağaltmaq üçün ictimai konsensus bu gün olduqca vacibdir və bu mütləq nəzərə alınmalıdır. Azərbaycan isə hazırda Qarabağ və Şərqi Zəngəzurda dinc quruculuq və qayıdış işləri ilə məşğuldur və sevindirici haldır ki, ölkəmizin digər dostları ilə birgə hazırda bu yenidənqurma işlərində Rusiya tərəfi də rəsmi simvolik dəstək göstərir, rus şirkətləri ilə bu işlərdə iqtisadi əməkdaşlıq aparılır.
Müasir dünyanı narahat edən iqlim dəyişikliyi və davamlı enerji təminatı məsələləri dövlət başçımızın da daimi olaraq gündəliyindədir. Belə ki, bu ilin noyabrında dünyanın diqqət mərkəzində olmuş, Bakının ev sahibliyindəki COP29 iqlim konfransında da qeyd olunduğu kimi, Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə sənayesinin səbəb olduğundan on dəfələrlə artıq töhfə verən və bu sahədə beynəlxalq birliyin öndə gedən ölkələrindən biri kimi həmişə diqqət mərkəzində olub və dövlət başçımız da hər çıxışında öz mövqeyini qəti olaraq bildirməkdədir. Günəşli ölkəmizin ehtiyaclarından dəfələrlə artıq nəhəng həcmdə təmiz, bərpa olunan enerji potensialına malik olması, bunu istehsal edib, Avropaya ixrac etmək barədə dövlət başçımızın planları rusiyalı jurnalistin “Azərbaycanda atom elektrik stansiyası lazımdırmı?” – sualına qarşı ən yaxşı yumşaq cavab idi. Amma Prezidentimizin də vurğuladığı kimi, iqtisadiyyatın bir sahəsi kimi Azərbaycanın da nüvə energetikasına maraq göstərməsi üçün kifayət qədər iqtisadi və intellektual potensialı vardır. Bu, ümumiyyətlə, dövlət başçımızın “yaşıl iqtisadiyyata” və dünyanın gələcəyinə baxışı kimi rusiyalı jurnalistin auditoyasının uzun müddət unuda bilməyəcəyi bir yanaşma oldu.
Bəli, Azərbaycan dünyada ədalətin tərəfindədir. O ədalət ki pulu çox, ordusu güclü olanın digər zəif xalqlar üzərində yüz illər əvvəl olduğu kimi ağalığı bir daha olmasın, insanlar yaşadığı torpağın sərvətlərindən özləri bəhrələnə bilsinlər. Bu mənada, Afrikanı, Asiyanı, Yaxın Şərqi, Cənubi Amerikanı, Okeaniyanı piroq dilimi kimi bölməyə adət etmiş kolonialist Qərbin keçmişinin və sanki onların acığına bu gün də qonşudan torpaq payı qoparmaqdan zövq duyanların əksinə olaraq Azərbaycan yalnız Uca Ədalətin təntənəsi üçün yaşayıb, mübarizə aparıb və öz gələcəyini qura bilən az saylı ölkələrdən biridir. Ermənistanı özünə tabe etmiş, Gürcüstanı yenidən qarışdıraraq Cənubi Qafqazı yenidən alovlandırmaq istəyən güclərə qarşı apardığı balanslı siyasətin bəhrəsini görən dövlət başçımız da Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunu uğurla davam etdirərək bu gün qaynar müharibə ocaqlarına səsləndiyi sülh çağırışları ilə həmişə siyasətin gündəmini müəyyən etməyə davam edir. Çünki Azərbaycan heç kimdən asılı olmadan müstəqil siyasət yürüdən ölkədir.
Əli CABBAROV
Digər xəbərlər