NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Azərbaycan – Gürcüstan münasibətləri qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelidir

...

Cənubi Qafqaz regionunda enerji və nəqliyyat siyasətinin konturları son onilliklərdə Azərbaycan və Gürcüstanın ortaq baxışı əsasında formalaşır. İki dövlət arasında inkişaf edən strateji tərəfdaşlıq yalnız regional miqyasda deyil, həm də Avrasiya platformasında əhəmiyyətli geosiyasi nəticələr doğurur. Bakı və Tbilisi arasındakı münasibətlər qarşılıqlı etimada əsaslanan səmərəli əməkdaşlıq modeli kimi çıxış edir.

Azərbaycan və Gürcüstan əsrlər boyu tarixi və mədəni baxımdan bir-birinə yaxın olmuş, bu gün isə dövlətlərarası münasibətlər çərçivəsində çoxşaxəli əməkdaşlıq həyata keçirirlər. Prezident İlham Əliyevin də vurğuladığı kimi, iki ölkə arasında siyasi dialoq müntəzəm və fəal xarakter daşıyır, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək ənənəvi hala çevrilib. Bu əlaqələrin strateji nüvəsini isə enerji və nəqliyyat sahələrində reallaşdırılan iri layihələr təşkil edir.

Azərbaycan-Gürcüstan əməkdaşlığı: xüsusilə enerji təhlükəsizliyi kontekstində qlobal əhəmiyyət qazanmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi mühüm layihələr bir tərəfdən Azərbaycanın enerji ehtiyatlarını dünya bazarına çıxarmaq imkanını genişləndirmiş, digər tərəfdən Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə vermişdir. Hazırda Azərbaycan təbii qaz ixracatını 12 ölkəyə çatdırmışdır və bu ixracın böyük bir hissəsi Gürcüstan üzərindən reallaşdırılır. Bu isə Gürcüstanın da enerji dəhlizindəki geostrateji mövqeyini daha da möhkəmləndirir.

Qarşılıqlı əməkdaşlıq nəticəsində tərəflər nəqliyyat-kommunikasiya sahəsində də uğurlu nəticələr əldə etmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Şərqlə Qərb arasında daha qısa və səmərəli alternativ nəqliyyat marşrutu yaradaraq Orta Dəhlizin mühüm tərkib hissəsinə çevrilmişdir. Bu dəhliz yalnız region ölkələri üçün deyil, həm də Çin, Orta Asiya və Avropa üçün strateji yük daşıma yolu hesab edilir. Azərbaycan və Gürcüstanın bu layihələrə verdiyi töhfə Cənubi Qafqazın nəqliyyat və logistika xəritəsini yenidən formalaşdırır.

Bununla yanaşı, iki ölkə arasında diplomatik təmasların intensivliyi də diqqətəlayiqdir. Dövlət başçılarının, xarici işlər nazirlərinin, parlament nümayəndələrinin qarşılıqlı səfərləri siyasi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. İmzalanmış 119 sənəd ısə əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirir.

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq təkcə enerji və nəqliyyat layihələri ilə məhdudlaşmır. Hər iki dövlət Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olmasında maraqlıdır. Münaqişələrin aradan qalxması fonunda bölgədə yeni əməkdaşlıq imkanları yaranır. Ortaq maraqlar üzərində qurulan bu münasibətlər, regionda uzunmüddətli sabitliyin və inkişafın əsas təminatçısıdır.

Nəticə etibarilə, Azərbaycan-Gürcüstan enerji və nəqliyyat tərəfdaşlığı təkcə iki ölkənin maraqlarına deyil, daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik və iqtisadi inteqrasiyaya xidmət edir. Bu model gələcəkdə digər regional və qlobal tərəfdaşlıqlar üçün də nümunə ola bilər.

Əziz QASIMOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 17.04.2025 14:21