NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Azərbaycan faşizm üzərindəki qələbələri ilə fəxr edən ölkədir

...

Oktyabrın 8-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edən dövlət başçımız Prezident cənab İlham Əliyevin nitqi bir daha Azərbaycanın ortaq coğrafiya və ortaq tarixi paylaşdığı ölkələr arasında özünün parlaq keçmişindən və bugünkü haqlı mövqeyindən bəhs edə bilən nadir ölkələrdən biri olduğunu bəyan etdi. Şərqi Avropa və Yaxın Şərqdə davam edən müharibələr fonunda cəmisi 4 il əvvəl erməni işğalından azad olunmuş Laçın şəhərinin bərpa edilərək 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsini hamının gözü qarşısında, ən əsası isə bu gözəl Azərbaycan şəhərini işğal edərək onu viran qoymuş Ermənistanın hazırki rəhbərinin də iştirak etdiyi bu mühüm şurada bəyan etməsi ölkəmizin bu regiondakı sülh və birgə əməkdaşlıq missiyasından xəbər verdi.

2020-ci ildə ermən faşizminə öldürücü zərbə vurmuş ölkəmizin İkinci Dünya müharibəsidə də faşizm üzərində qazanılmış parlaq qələbədəki böyük payından danışan dövlət başçımız bəşəriyyətin ümumi düşməni olan bu xəstəliyə qarşı mübarizədə həm azərbaycanlı döyüşçülərin rəşadətini, həm də respublikamızın enerji resurslarının əvəzolunmaz rolunu bir daha dövlət başçılarının diqqətinə çatdırdı. Bir aydan sonra Bakının dünyanın ən böyük beynəlxalq tədbirlərindən birinə COP29 iqlim konfransına ev sahibliyi edəcəyini və 200-ə yaxın ölkənin bu konfransın ölkəmizdə keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirən Prezident İlham Əliyev işğal sonrası apardığı quruculuq tədbirlərinin geniş miqyasına baxmayaraq, “yaşıl iqtisadiyyata” keçid istiqamətində də qətiyyətini bir daha ifadə etdi.

Bu mənada, istər 44 günlük müharibədə, istərsə də ondan sonrakı dövrdə öz ərazi bütövlüyünün təmin olunmasında və konkret quruculuq işlərində dost MDB ölkələrindən dəstək görmüş Azərbaycanın tarixi müttəfiqlik əlaqələrinə sadiq qalaraq bu əməkdaşlığı daha da dərinləşdirmək istəyi konstruktivlik baxımından əhəmiyyət daşıyırdı. Bunun əksinə, Moskvada velosiped sürməsindən həzz alan erməni baş nazir isə çıxışında ölkəsinin hələ də bağlı saxladığı kommunikasiyaların açmağa niyyətli olduğunu bəyan etsə də, nədənsə hələ də sülhə hazır olmaması da özünün qarmaqarışıq nitqində açıqca seçilirdi.

Nəticədə, məğlub dövlət kimi ənənəvi olaraq konstruktiv sülh danışıqlarını çıxmaza doğru çəkib hələ də qonşu torpaqlarında gözü qalan Ermənistanın  əlini  açıb kömək dilənməkdən başqa yolu qalmayıb. Görünən odur ki, belə getsə gələcəkdə nə zamansa ermənilər Paşinyanın Moskva çayı boyunca çəkilmiş velosiped zolağında da heykəlini qoyub, bu ərazilərin də xəyal etdikləri “Böyük Ermənistan”a aid olduğu barədə iddia qaldırıb Fransadan da kömək istəyəcəklər.  

Bütün bunlar məğlub ölkə rəhbərliyinin, onun revanşist cəmiyyətinin gündəliyini bərk məşğul etsə də, sağlam düşüncəli dünyanın gündəmində iqlim dəyişikliyinə qarşı mübarizə, məhəlli münaqişələrin irimiqyaslı müharibələrə çevrilməməsi üçün birgə səylər aparılması və faşizmin bir daha baş qaldırmaması üçün beynəlxalq koalisiyanın daha da gücləndirilməsi dayanır. Regionun lider dövləti Azərbaycanın bu məsələlərin həllində də paylaşmağa hazır olduğu təcrübəsi isə hər kəsə ümid verir.

Əli  Cabbarov

Nəşr edilib : 10.10.2024 10:38