NAXÇIVAN :

10 Avqust 2026, Bazar ertəsi

Azərbaycan Çinlə enerji tərəfdaşlığını müzakirə edib - YENİLƏNİB

...

Azərbaycan və Çin arasında enerji tərəfdaşlığının inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Şərq qapısı" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazir Pərviz Şahbazovun Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyi qəbul etdiyi zaman aparılıb.

Görüşdə Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin həyata keçirilən və planlaşdırılan bir sıra layihələr müzakirə olunub.

Görüş zamanı "Universal International Holdings Limited" şirkətinin Qobustan rayonunda inşa etdiyi 100 MVt gücündə günəş elektrik stansiyası layihəsinin ölkəmizin bərpa olunan enerji potensialından səmərəli istifadəyə və enerji keçidi üzrə qarşıya qoyulan hədəflərə çatılmasına töhfə verəcəyi bildirilib.

Eyni zamanda, Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan ölkəmizdə elektrik enerjisi şəbəkəsinin tədqiqatına da toxunulub. Tədqiqatın nəticələrinin Azərbaycanın enerji sektorunun gələcək inkişafı baxımından mühüm rol oynayacağı qeyd edilib.

Bununla yanaşı, Çində keçiriləcək "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlıq da nəzərdən keçirilib.

13:17

Azərbaycan və Çin arasında "yaşıl enerji" layihələri ilə bağlı müzakirələr aparılıb.

"Şərq qapısı" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir vurğulayıb ki, Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşüb.

Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib: "Azərbaycanın yerli və beynəlxalq təşəbbüslərində, o cümlədən "yaşıl enerji" ilə bağlı layihələrdə Çin şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi apardıq".

Nəşr edilib : 10.08.2026 14:40