Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqli...
19:38 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Saleh Həsənov “Şərq qapısı”na açıqlamasında bildirib ki, Azərbaycan hökuməti, istixana qazı emissiyalarını 2030-cu ilə qədər 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq öhdəliyini götürüb. Bu öhdəlik Paris Sazişinə uyğun olaraq yerinə yetiriləcəkdir. COP29 konfransı zamanı Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlılıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edəcək.
Konfransın keçirilməsi Azərbaycanın qlobal iqlim siyasətində mühüm rol oynamaq və öz öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli bir fürsət olacaqdır. Bu tədbir zamanı iqlim dəyişikliyi ilə mübarizə sahəsində qabaqcıl təcrübələr və ən son texnologiyalar təqdim ediləcək, eyni zamanda yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı təşviq ediləcəkdir.
Müsahibimiz deyir ki, Azərbaycanın tədbirə ev sahibliyi etməsi, ölkənin ekoloji problemlərlə mübarizədə qlobal səylərə verdiyi töhfəni artırmaq və regional lider kimi mövqeyini gücləndirmək məqsədi daşıyır. COP29 konfransı, həmçinin Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək və iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdə ölkənin rolunu artıracaqdır.
Avqust ayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentnin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin, eyni zamanda dövlət və hökumət nümayəndələrinin iştirakı ilə Naxçıvanda COP29-la bağlı konfrans keçirildi. Həmin konfransda iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində Azərbaycanda həyata keçirilən ardıcıl tədbirlər və yerlərdə bu sahədə görülən işlər müzakirə olundu, COP29 gündəliyindən irəli gələn məqsədlər və onların muxtar respublikada yerinə yetirilməsi ilə bağlı hesabatlar dinlənildi. COP29 layihəsi Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. Bu, ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini artıracaq və iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edəcəkdir.
“COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin əvvəlindən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.
Belə ki, istehsal, eyni zamanda ictimai-iaşə obyektlərində ilin əvvəlindən noyabr ayına qədər 54 qaz-toztutucu qurğu quraşdırılıb, 550 hektarda görülməsi nəzərdə tutulan yaşıllaşdırma tədbirlərinin 500 hektara yaxını icra olunub. Eyni zamanda biomüxtəlifliyin qorunması istiqamətində də müvafiq işlər görülüb. Qeyd edim ki, nazirlik tərəfindən balıq populyasiyasının artırılması, fauna növlərinin tarixi areallarına reintroduksiyası məqsədilə su anbarlarına 250 min ədəd sazan balığının körpələri buraxılıb, 40 kəklik, 15 turac və 2 ördək təbiətə buraxılıb. Naxçıvanda istixana qazı emissiyalarını azaltmaq öhdəliklərinin yerinə yetirməsi üçün ilkin mərhələdə elektrik mühərrikli nəqliyyat vasitələri üçün 10 elektrikdoldurucu stansiya quraşdırılması, alternativ və bərpaolunan enerji mənbələrinin sayının artırılması istiqamətində yeni günəş elektrik stansiyasının qurulması planlaşdırılır. Tullantıların düzgün idarə olunması istiqamətində də nazirlik tərəfindən bir sıra işlər icra olunub.
Saleh Həsənov qeyd etdi ki, Naxçıvanda ilk dəfə təhlükəli tullantılar və məişət tullantıları poliqonu yaradılacaq. Sonrakı mərhələdə məişət tullantılarından isə elektrik enerjisinin alınması planlaşdırılıb. Artıq hər iki poliqon üçün layihə smeta sənədləri hazırlanıb, təhlükəli tullantılar poliqonuna texnika və qurğuların alınması üçün satınalma prosesi keçirilib, qurğular ilin sonunadək təhvil alınacaqdır. Növbəti illərdə poliqonların tikintisinə başlanılacaq.
Bülbül QULİYEVA
Digər xəbərlər