NAXÇIVAN :

14 Dekabr 2025, Bazar

Atasının izi ilə gedən Fatimə Bağırzadə qızıl medal qazandı

...

Ötən gün Türkiyənin Rizə şəhərindəki Yenişehir İdman Salonunda  keçirilən “Karadeniz və Hazar Ülkeleri Karate Şampiyonası” adlı yarışda Naxçıvan Muxtar Respublikasından 3 idmançı iştirak edib. Onlar arasında Fatimə Bağırzadə bütün rəqiblərinə qalib gələrək çempion olub. Biz də Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi  Fatimə ilə redaksiyamızda görüşüb təəssüratlarını öyrəndik.  O bildirdi ki, beş yaşından karate ilə məşğul olmağa başlayıb: “Bu idman növünə marağımın əsas səbəbi atamın karateçi olması və onun qazandığı diplomlar, medallar olub. Artıq bir neçə ildir ki, həm respublika daxili, həm də beynəlxalq turnir və çempionatlarda uğurla iştirak edir, qalib oluram. Hər yarışa gündəlik məşqlərlə, döyüşlərimi təhlil edərək və səhvlərim üzərində işləyərək ciddi şəkildə hazırlaşıram. Döyüş zamanı əsas üstünlüyüm ayaqla vurulan zərbələrdir. Yarışlardan əvvəl müəllimim mənə əvvəlki döyüş videolarımı izlədərək həm texniki, həm də psixoloji baxımdan dəstək olur. Qeyd edim ki, həm müəllimim, həm də şəxsi məşqçim uşaqlıqdan bu günə kimi atam Tariyel Bağırov olubdur. Fatimə qeyd edir ki, məktəbdə də  dərslərimi yaxşı oxuyuram. Nəticələrimə görə, şəkilim məktəbin şərəf lövhəsində yer alıb. Sinif rəhbərim və müəllimlərim məndən böyük uğurlar gözləyir və daim motivasiya verirlər. Gələcək hədəflərindən danışan Fatimə bildirdi ki, məqsədi dünya və Avropa çempionu olmaqdır. O, həmyaşıdlarına tövsiyə edir ki, idmanda uğur qazanmaq istəyirlərsə, yorulmadan, əzmlə və həvəslə məşq etsinlər. Bu zəhmətin bəhrəsini mütləq görəcəklər. Uğurun əsas sirri yüksək əzmkarlıq, döyüş ruhu və intizamdır. Qürurverici məqamlardan biri də odur ki, Fatimə 9 yaşında dünya karatesinin əfsanəsi olan Sensei Hitoşi Kasuya-nın seminarında iştirak edib və 1-ci dan qara kəmər ustalıq dərəcəsinə layiq görülüb. Hazırda 2-ci dan qara kəmər sahibidir.

Son uğurundan danışan müsahibimiz vurğuladı ki, Türkiyədə keçirilmiş Qara Dəniz və Xəzər Dənizi ölkələri çempionatına 10-11 yaş -50 kq çəki dərəcəsində iştirak edərək bütün rəqiblərimə qalib gəlib çempion oldum və Azərbaycan yığmasına yeganə qızıl medalı qazandırdım. Hazırda Naxçıvan Karate Klubunun idmançısıyam və məşqlərimi atam Tariyelin Bağırovun rəhbərliyi altında davam etdirirəm.

Bizdə Fatiməni təbrik edir bu yolda uğurlar arzulayırıq.

Bülbül QULİYEVA

Nəşr edilib : 10.08.2025 15:35