NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Arı mumunun faydaları

...

Qədim və orta əsrlərdə təbii yolla hazırlanmış müxtəlif dərmanlardan istifadə edilib. Lakin XIX əsrin ikinci yarısından başlayaraq kimya elminin və sənayesinin sürətlə inkişafı müəyyən mənada belə dərman məhlullarının hazırlanmasında ciddi dəyişikliyə səbəb olub. Bu isə tibb aləmində dərman maddələrinin təbii yolla hazırlanmasının inkişafını geridə qoyub. Buna baxmayaraq, zaman-zaman təbii yolla hazırlanan maddələr tərkibinin keyfiyyətinə görə həmişə öz aktuallığını saxlaya bilib.

Təbii yolla heç bir qatqı əldə edilmədən bu günümüzə gəlib çıxan məlhəmlərdən biri də arı mumudur. Arı mumundan kosmetologiyada müxtəlif kremlərin hazırlanması, əczaçılıq sənayesində, təbabətdə dərmanlar, tibbi şamların hazırlanmasında istifadə olunur.

Mumu çeynəmək dişlərin dibini möhkəmləndirir və dişlərdə yaranan kalsium çatışmazlığını önləyir. Nənələrimizdən eşitmişik ki, südəmər körpəsi olan anaların döşündə yaranan yaralara yumşaldılmış mum qoyub bağlayardılar. Bu həm yaranın sağalmasına kömək olur və yenidən körpəsini əmizdirərkən kimyəvi məhlul olmadığından körpəyə fəsad vermir. Bu cür məlhəm halında yanıq və ya digər yaraların sağaldılmasında da istifadə edilir. Mum əridilərək, donmaması üçün içərisinə bir neçə damcı zeytun yağı əlavə edilir, bir ədəd də yumurta sarısı qarışdırılıb məhlul halında yaralara çəkilir. Bal mumunu qida kimi istifadə etmək də bir çox xəstəliyə faydalıdır.

Keçmişdə elektrik enerjisi olmadığı üçün insanlar evlərini işıqlandırmaqdan ötrü mumdan hazırlanan şamlardan istifadə ediblər. Xanımlar həmin mumun hisindən yaranan müəyyən təbəqədən sürmələr hazırlayar, kosmetik vasitə kimi istifadə edərmişlər.

Qeyd edək ki, mumdan tibbi və kosmetoloji maddələr halında istifadə etməklə yanaşı, onun yaradıcı adamların fəaliyyətində də yer aldığını görmək olur. Belə ki,   heykəltaraşlar və rəssamlar əsərlərinin ərsəyə gəlməsi halında mumdan istifadə edirlər. Eyni zamanda bir çox sukeçirməz əşyaların hazırlanmasında da mum köməyə gəlir, bu xammaldan düzəldilmiş şamların hisindən mürəkkəblər də hazırlanır  əlyazmalarda istifadə olunur. Ayaqqabı təmiri ilə məşğul olan ustalar da iplərin möhkəmliyini təmin etmək və eləcə də tez çürüməsinin qarşısını almaq məqsədilə mumdan mütləq istifadə edirlər.

Sonda isə demək istəyirik ki, bal mumu haqqında elmi-tədqiqat işləri aparılaraq möcüzəvi xüsusiyyətləri haqqında çoxlu araşdırmalar ərsəyə gəlib. Bu araşdırmalardan mumun əhəmiyyəti ilə bağlı daha geniş məlumatlar almaq olar.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 27.11.2024 15:20