NAXÇIVAN :

02 May 2026, Şənbə

"AnewZ" TV Naxçıvanda sənədli film çəkib

...

"AnewZ" TV tərəfindən bu ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum – WUF13) çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) əməkdaşlığı ilə bir sıra sənədli filmlər hazırlanır. Bu filmlərdə Azərbaycanın şəhər mühitinin inkişafı istiqamətində həyata keçirilən mühüm layihələr, şəhərlərin zəngin mədəni irsi, tarixi ənənələri və bu dəyərlərin müasir dövrdə qorunub saxlanılması və inkişaf etdirilməsi prosesi vizual şəkildə əks olunur.

"Şərq qapısı" xəbər verir ki, Naxçıvanla bağlı çəkilən sənədli filmdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımov, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Pərvin Həsənov və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Vəsilə Allahverdiyeva müxtəlif mövzular üzrə çıxış ediblər.

Çıxışlarla yanaşı, filmdə muxtar respublikanın memarlıq incilərindən sayılan Əlincə qalası, Möminə xatun türbəsi, Hüseyn Cavid məqbərəsi, memar Əcəmi və Cəlil Məmmədquluzadənin abidələri, eləcə də digər mühüm tarixi və memarlıq abidələri nümayiş etdirilir.

İngilis dilində nümayiş olunan sənədli film zamanı Naxçıvanda şəhərsalmanın inkişafı, memarlıq, biznes imkanları, yeni iş yerlərinin yaradılması və digər aktual məsələlərə geniş yer verilib.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 01.05.2026 16:45