NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

AMEA Naxçıvan Bölməsində Xaraba Gilan II Memorial Kompleksində 2025-ci ildə aparılmış arxeoloji ekspedisiyanın yekun hesabatı ilə əlaqədar tədbir keçirilib

...

AMEA Naxçıvan Bölməsində Xaraba Gilan II Memorial Kompleksində 2025-ci ildə aparılmış arxeoloji ekspedisiyanın yekun hesabatına həsr olunmuş tədbir keçirilib. "Şərq qapısı" xəbər verir ki, tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik İsmayıl Hacıyev Xaraba Gilan ərazisinin tarixi haqqında məlumat verib və bu ərazinin müxtəlif dövrlərdə mühüm tarixi proseslərin təsiri altında formalaşdığını qeyd edib. O bildirib ki, Bəhlul İbrahimlinin rəhbərlik etdiyi ekspedisiyada aparılan işlərin gedişini dəfələrlə yerində müşahidə edib. Akademik tədqiqatların relyef və iqlimin xüsusiyyətlərinə uyğun şəkildə həyata keçirildiyini, xüsusilə güclü küləyin sahədə aparılan işlərə müəyyən təsir göstərdiyini qeyd edib. O, arxeoloji qazıntılar zamanı istifadə olunan xüsusi avadanlıqların, o cümlədən tozkeçirməz eynəklərin prosesin təhlükəsiz və səmərəli təşkili baxımından mühüm rol oynadığını bildirib.
Akademik İsmayıl Hacıyev ekspedisiya rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlinin fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Bəhlul İbrahimlinin rəhbərlik etdiyi ekspedisiya işləri peşəkarlıq və məsuliyyətlə həyata keçirilib. Arxeoloq fəaliyyətinin ciddi zəhmət və ardıcıl çalışma tələb edən bir sahə olduğunu bildirib. 
Daha sonra Bəhlul İbrahimli “Xaraba Gilan II Memorial Kompleksində aparılan arxeoloji tədqiqatlar: uğurlar və perspektivlər” mövzusunda məruzə edib. O, Xaraba Gilan ərazisində mövcud olan hər iki Memorial Kompleksin xüsusiyyətlərini geniş şərh edib, Naxçıvanın qədim tarixindən danışıb. Alim Naxçıvanın tarixboyu üç dəfə monqol yürüşlərinə məruz qaldığını xatırladıb və baş vermiş hərbi-siyasi hadisələrin bu abidələrin taleyinə təsirsiz ötüşmədiyini bildirib.
Bəhlul İbrahimli qeyd edib ki, Xaraba Gilan abidələri ən ciddi dağıntılarla XIX əsrdə erməni hücumları zamanı üzləşib. O, qazıntılar zamanı aşkar olunmuş qəbirlərin tədqiqindən, qədim dəfn adətlərindən, ayaqlı tabutların konstruktiv xüsusiyyətlərindən bəhs edib. Bəhlul İbrahimli vurğulayıb ki, bəzi qəbirlərdən qadın saçları çıxıb və bunun xüsusi tədqiqat əhəmiyyəti var.
Ekspedisiya zamanı üzə çıxarılan pul kisələri, geyim elementləri və digər maddi mədəniyyət nümunələri barədə məlumat verən alim onların üzərindəki bəzəklərin astral və mifoloji izahlarını təqdim edib. Xüsusilə ara bəzəklərində rastlanmış svastikanın mənasına toxunub.
Bəhlul İbrahimli məruzə zamanı slayd təqdimatı da nümayiş etdirib, slaydlarda Xaraba Gilanın ümumi mənzərəsi, həmçinin ekspedisiya zamanı aşkar edilmiş tapıntıların fotoşəkilləri göstərilib. 
Tədbir iştirakçıları Bəhlul İbrahimlinin ekspedisiya fəaliyyətini yüksək qiymətləndirib, məruzə ilə bağlı müxtəlif suallar ünvanlayıb və alim onları cavablandırıb.

Nəşr edilib : 04.12.2025 19:00