İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkan...
23:03 19.05.2026
0
0
0
NAXÇIVAN :
20 May 2026, Çərşənbə
Təhsil yalnız fərdi gələcəyin deyil, cəmiyyətin inkişafının da əsas sütunlarından biridir. Lakin bəzən maddi çətinliklər gənclərin ali təhsil yolunda qarşısına maneə kimi çıxır. Belə məqamlarda Təhsil Tələbə Krediti Fondu tələbələr üçün mühüm dəstək mexanizminə çevrilir. Hər il minlərlə gəncin müraciət etdiyi bu sistem həm imkanları, həm də yenilikləri ilə diqqət mərkəzindədir. Tələbələri maraqlandıran suallara cavab tapmaq məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun mətbuat katibi Gülnar Zeynalova ilə həmsöhbət olduq.
Gülnar xanım bildirdi ki, 2021-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu əyani və ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı xərclərinin qarşılanmasına dəstək göstərir. Fond tərəfindən təqdim olunan sosial və standart növ kreditlər minlərlə tələbənin təhsilini davam etdirməsinə şərait yaradır. Müəyyən olunmuş şərtlərə cavab verən bütün namizədlərə limit tətbiq olunmadan kredit ayrılır və müvafiq vəsait birbaşa təhsil müəssisələrinin hesabına köçürülür. Kreditlər ali təhsil, orta ixtisas təhsili, eləcə də peşə təhsili pilləsinin texniki və yüksək texniki peşə təhsili səviyyələrində normativ təhsil müddəti ərzində əyani və ödənişli əsaslarla təhsil alan, əvvəlki semestrlər akademik borcu olmayan tələbələr üçün nəzərdə tutulub.
– Cari tədris ilində neçə təhsil tələbə krediti rəsmiləşib?
2025-2026-cı tədris ilinin birinci semestri və hazırda davam edən ikinci semestri üzrə e-ttkf.edu.az elektron portalına ümumi 28 mindən çox təhsil tələbə kreditinə müraciət olunmuş və 25 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşib.
– Təhsil kreditinə, ümumilikdə, neçə nəfər müraciət edib?
Fond fəaliyyətə başladığı gündən bu günə qədər 99 mindən çox müraciət daxil olub və 82 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşib.
– Bu göstərici ötən tədris ili ilə müqayisədə neçə faiz artıb və ya azalıb?
2024-2025-ci tədris ilində rəsmiləşmiş kredit müqavilələri 20 mindən çox olduğu halda, 2025-2026-ci tədris ilində bu göstərici 25 minə yüksəlib. Bu isə təxminən, 20 faiz artım deməkdir.
Təhsil tələbə krediti tətbiq olunduğu gündən etibarən hər tədris ilində müraciət və rəsmiləşmə sayında artım müşahidə olunur. Bu səbəbdən cari tədris ili üzrə müraciətlərin sayı əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Nəzərə alsaq ki, müraciətlərin qəbulu cari semestrin sonuna qədər davam edəcək, bu, rəsmiləşdirilən kredit müqavilələrinin sayının daha da artmasına səbəb olacaq. Beləliklə, maliyyələşmə məbləği də əvvəlki illə müqayisədə 19,6 milyon manatdan 24 milyon manata yüksəlmişdir.
Fond yarandığı gündən bu günədək tələbələrə, ümumilikdə, 75 milyon manatdan çox maliyyə dəstəyi göstərib. Bunun 46 milyon manatdan çoxu standart, 28 milyon manatdan çoxu isə sosial növ təhsil tələbə kreditləri üzrə ayrılıb.
2025-2026-ci tədris ilində 25 minə yaxın müqavilə üzrə 24 milyon manatdan çox vəsait ayrılıb. Bu da orta hesabla bir tələbəyə, təxminən, 973 manat kredit məbləği düşdüyünü göstərir.
– Kreditlərin geri qaytarılma göstəriciləri necədir?
Tələbələr təhsil aldıqları müddətdə kredit ödənişi etmirlər. Məzun olduqdan sonra isə onlara 2 illik güzəşt müddəti verilir. Bundan sonra kreditin qaytarılması 10 il ərzində həyata keçirilir. Eyni zamanda yüksək akademik nəticə göstərən tələbələr üçün faiz güzəştləri tətbiq olunur. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərinə əsaslanır. Sosial kredit üzrə ÜOMG-si 71, standart kredit üzrə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldıqları sosial növ təhsil tələbə kreditinin 50 faizi, standart növ təhsil tələbə kreditinin isə 25 faizi hissəsinin geri ödənişindən azad olunurlar.
– Bəs Naxçıvan üzrə statistika necədir?
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin tələbələri üçün 2800-dən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir. Onlardan 970-i (34%) sosial növ, 1951-i (68%) qadın tələbələr üzrə rəsmiləşdirilib.
Ölkədə Təhsil Tələbə Krediti yüzlərlə gəncin təhsil yolunda mühüm dayaq nöqtəsinə çevrilməkdədir. Bu statistika Naxçıvanda da gənclərin ali təhsilə çıxış imkanlarının genişləndirilməsi istiqamətində atılan addımların real nəticəsini əks etdirir.
Günay HACIYEVA
Digər xəbərlər