NAXÇIVAN :

22 Oktyabr 2026, Cümə axşamı

Dəstərdən süzülən təbii taxıl ətri bizi uşaqlıq xatirələrimizə, isti ocaq başına aparır

...

Kənd həyatının və əsrlər boyu formalaşan məişət mədəniyyətimizin ən dəyərli hissələrindən  biri  də dənli bitkilərin emalı və qış tədarükü adətləridir. Keçmişdə nənə-babalarımızın hər payız böyük zəhmət və sevgi ilə həyata keçirdiyi yarma çəkmə prosesi həm də ailələri ocaq başına toplayan mənəvi bir ritual idi. Taxılın emalı zamanı dənələrin əzilmədən, tam un halına düşmədən lazımi ölçüdə yarılması üçün  nənələrimiz  müxtəlif ənənəvi alətlərdən istifadə edərdilər. 

Bu alətlərin başında iki ağır, iç səthi dişli dairəvi daşdan ibarət olan əl dəyirmanı – dəstər gəlirdi. Üst daşın ortasındakı oyuğa buğda tökülür, taxta əlcək vasitəsilə fırladılaraq dənələr tam un olmadan iri və ya xırda yarma şəklində xırdalanırdı. Bir çox bölgələrdə isə yarma çəkmək üçün daha yüngül və fərqli dişli əl daşı olan kirkədən geniş istifadə olunurdu. 

Əsl kənd yarmasının ərsəyə gəlməsi böyük səbir və ardıcıl mərhələlər tələb edirdi. Yarma çəkilməzdən əvvəl buğda təmizlənib yuyulur, sonra qazanda yüngülcə qaynadılır. Qaynadılmış buğda təmiz bezlər üzərinə sərilərək günəş altında yaxşıca qurudulur. Küləyə verilib kəpəyi təmizləndikdən sonra hazır dənələr dəstərin gözünə tökülərək yarma şəklində çəkilir. Son mərhələdə isə çəkilən məhsul müxtəlif sıxlıqlı ələklərdən və xəlbirlərdən keçirilirdi. Beləliklə, iri yarma, şorbalar üçün xırda yarma və yarma unu bir-birindən ayrılırdı.

Böyük miqdarda məhsul tədarük olunduqda isə kənd sakinləri taxılı su dəyirmanlarına aparar, dəyirmançının ustalığı ilə xüsusi yarma çarxından keçirərdilər.

Nənə-babalarımız dəstər və dibəklərdən buğda ilə yanaşı, gündəlik mətbəxdə işlədilən müxtəlif dənli məhsulların emalında da geniş istifadə edərdilər. Arpa dənələri xörəklərə qatmaq və ya arpa yarması almaq üçün dəstərdən keçirilərdi. Təbii qarğıdalı dənələri dəstərdə çəkilərək xüsusi irilikdə yarma alınar, bundan xəşil bişirilərdi. Sacda qovurulmuş buğda dəstərdə yüngülcə əzilərək uşaqlar üçün ləzzətli kənd çərəzinə çevrilərdi. Şorba və sulu xörəklər üçün noxud və mərci dəstərdə yüngülcə çəkilərək ləpə halına gətirirlər, iri qaya duzları, qurudulmuş göyərtilər və ədviyyatlar isə daha kiçik əl dəstərlərində, həvənglərdə  incəldilərdi.

Müasir texnologiyanın işimizi asanlaşdırdığı bir dövrdə, iki daşın bir-birinə toxunması ilə çıxan o ahəngdar səs və təzə çəkilmiş buğdanın ətri milli yaddaşımızın, zəhmətə olan hörmətimizin ən canlı simvolu olaraq hələ də  qalır. İllər keçsə də, dəstərdən süzülən o təbii taxıl ətri bizi uşaqlıq xatirələrimizə, nənələrimizin isti ocaq başına aparır. Əl əməyinin və səbrin qatıldığı bu qədim ənənəni öyrənmək, onu gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur. Bu saf kənd adətləri yaşadıqca milli kimliyimiz və mədəni zənginliyimiz də öz təbiiliyini qoruyub saxlayacaq.

         Elnurə CƏFƏROVA

Nəşr edilib : 22.10.2026 14:25