NAXÇIVAN :

22 Oktyabr 2026, Cümə axşamı

Bakı Beynəlxalq Kitab Sərgisi: “Füzuli qəzəllərindən seçmələr” kitabı təqdim edilib

...

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Fəridə Əzizovanın “Füzuli qəzəllərindən seçmələr” kitabının təqdimatı olub.

Akademiyadan  bildirilib ki, təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanın dünya füzulişünaslığının əsas mərkəzlərindən biri olduğunu bildirib. O qeyd edib ki, Məhəmməd Füzulinin yaradıcılığı dünyanın müxtəlif ölkələrində, xüsusilə Türk dünyasında tədqiq olunsa da, şairin irsinin öyrənilməsi və bu sahədə fundamental əsərlərin meydana gəlməsi baxımından Azərbaycan xüsusi mövqeyə malikdir.

AMEA prezidenti Füzuli irsinin tədqiqinə mühüm töhfələr vermiş akademiklər Həmid Araslı, Məmməd Cəfər Cəfərov, AMEA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə və digər alimlərin xidmətlərindən bəhs edib. O vurğulayıb ki, yeni nəşrin əsas xüsusiyyətlərindən biri Füzulinin qəzəllərinin müasir Azərbaycan dilinin prinsiplərinə uyğunlaşdırılaraq yeni nəslə daha anlaşıqlı şəkildə çatdırılmasıdır. Bu yanaşma klassik irsin bədii-estetik mahiyyətini, dil və üslub xüsusiyyətlərini qorumaqla onun müasir oxucuya təqdim edilməsi baxımından əhəmiyyətlidir. O, Füzulinin hər bir beyt və misrasının dərin məna yükünə malik olduğunu diqqətə çatdırıb, şairin qəzəllərini müasir dilə uyğunlaşdırarkən məna qatlarının, poetik incəliklərin, vəznin və sənətkarlıq xüsusiyyətlərinin qorunmasının xüsusi elmi və yaradıcı yanaşma tələb etdiyini bildirib, kitabın müəllifi professor Fəridə Əzizovanın əməyini yüksək qiymətləndirib. Akademik İsa Həbibbəyli professor Fəridə Əzizovanın bu nəşrdə Füzuli irsini yeni yanaşma əsasında müasir oxucuya çatdırmaq missiyasını uğurla həyata keçirdiyini vurğulayıb.

Kitabın bədii tərtibatından da bəhs edən AMEA prezidenti üz qabığında və nəşrin daxilində yer alan təsvirlərin Füzulinin lirik qəhrəmanının obrazını, şairin sənət dünyasını və estetik xüsusiyyətlərini qrafik təsvirlər vasitəsilə canlandırdığını bildirib.

Tədbirdə çıxış edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli nəşrin elmi və ədəbi əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, Məhəmməd Füzulinin yaradıcılığının əsrlər boyu sevilməsi və bu gün də aktuallığını qoruyub saxlaması şairin ölməzliyinin göstəricisidir. Teymur Kərimli Füzuli irsinin müasir oxucuya çatdırılmasının milli mədəniyyətin və mənəvi dəyərlərin yaşadılması baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Füzuli oxucunu öz səviyyəsinə endirməyi deyil, onu öz düşüncə və sənət səviyyəsinə yüksəltməyi hədəfləyən böyük sənətkardır. Şairin yaradıcılığını dərindən anlamağın xüsusi hazırlıq və intellektual səviyyə tələb etdiyini bildirib.

O, akademik İsa Həbibbəylinin kitaba yazdığı “Ön söz”ü də yüksək qiymətləndirərək onu klassik ədəbiyyatımızın zənginliyini əhatə edən, elmi məzmunu ilə seçilən kiçik həcmli monoqrafik araşdırma kimi səciyyələndirib. Teymur Kərimli “Füzuli qəzəllərindən seçmələr” kitabının geniş oxucu auditoriyası ilə yanaşı, gələcəkdə Füzuli irsini araşdıracaq gənc alimlər, doktorantlar və tədqiqatçılar üçün də dəyərli elmi mənbə olduğunu diqqətə çatdırıb. Nəşrin klassik Azərbaycan ədəbiyyatının öyrənilməsinə və Füzuli yaradıcılığının yeni elmi yanaşmalar əsasında tədqiqinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Təqdimat mərasimində, həmçinin Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli və İraq türkmənlərinin tanınmış nümayəndəsi, yazıçı-şair, Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi çıxış ediblər. Onlar nəşrin Azərbaycan ədəbiyyatşünaslığı və Füzuli irsinin müasir oxucuya çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar. Çıxışlarda Füzuli yaradıcılığının bədii-estetik xüsusiyyətləri, şairin zəngin poetik irsinin tədqiqi və əsərlərinin yeni nəsillər tərəfindən dərindən mənimsənilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda professor Fəridə Əzizova bildirib ki, nəşrdə müasir Azərbaycan dilinə uyğunlaşdırılmış mətnlər oxucuların, xüsusilə gənc nəslin Füzuli yaradıcılığını daha dərindən anlamasına və klassik ədəbiyyata marağının artmasına xidmət edəcək.

Nəşr edilib : 22.10.2026 14:34