TDT-nin Baş katibi Azərbaycanda səfərdədir
22:35 22.05.2025
0
0
0
NAXÇIVAN :
22 May 2025, Cümə axşamı
“Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamının çox mühüm tarixi əhəmiyyəti vardır. İlk növbədə, mən ziyalılar adından ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çünki ölkəmizdə bütün sahələrlə yanaşı, tarix və mədəniyyət abidələrinə də böyük diqqət yetirilir. XII əsr abidəsi olan Möminə xatun türbəsi milli memarlığımızın çox mühüm abidəsidir. Şərq memarlıq abidələrinin incisidir. Əcəmi Naxçıvani tərəfindən yaradılmış Möminə xatun türbəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə, bütövlükdə, İslam aləminin şah əsərləri sırasında mühüm yer tutur”.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib.
Akademik bildirib ki, misilsiz gözəlliyə malik türbə, Azərbaycanda həmin dövrdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. İlk növbədə, təbii ki, bu Azərbaycan xalqının milli sərvətidir. Ulu Öndərimiz Heydər Əliyevin də qeyd etdiyi kimi, uzun illər yüksək səviyyədə diqqət və qayğı göstərilmədiyi halda Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı bu monumental, zərif və gözəllik nümunəsi olan abidə qürurla Naxçıvan şəhərində ucalır. Şübhəsiz ki, ölkə Prezidentinin Sərəncamı abidəyə ikinci həyat bəxş edəcək.
İsmayıl Hacıyev qeyd edib ki, XX əsrin 50-ci illərində bu abidə müəyyən mənada bərpa olunsa da, lakin prosesdə lazımi səviyyədə, əsas restavrasiya və bərpa prinsiplərinə əməl olunmayıb: “Bildiyimiz kimi, həyat yoldaşı Möminə xatun dünyasını dəyişəndə Azərbaycan Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz onun qəbri üzərində bir memarlıq abidəsinin tikilməsi haqqında qərar verib. Sonradan elə olub ki, Şəmsəddin Eldənizin özü də dünyasını dəyişib, türbənin sərdabə hissəsində dəfn olunub. Hətta belə bir versiya da vardır ki, sonradan abidəni tamamlayan, yəni 1186-cı ilin aprel ayında abidənin tamamilə tikintisi qurtarılan dövrdə Məhəmməd Cahan Pəhləvanın özü də vəfat edib və o da burada dəfn edilib.
Ümumiyyətlə, abidə, bir sözlə ifadə etsək, zərif, monumental abidədir. Yəni Şərq aləmində yaradılan abidələr sırasında Möminə xatun türbəsinin özünəməxsus yeri və rolu vardır ki, bu da Əcəmi Əbubəkr oğlunun dühasının böyüklüyündən xəbər verir. Lakin sovet ideologiyasının təsiri ilə ötən əsrin 50-ci illərində abidədə “bərpa işləri” aparılıb və sərdabə hissəsində baştağı tamamilə götürülüb SSRİ-yə, Moskvaya aparılmışdır. Dəqiq kim tərəfindən aparıldığı bilinməsə də, lakin faktiki olaraq Naxçıvandan çıxarılmışdır”.
“Minnətdarlıqla qeyd etməliyəm ki, ölkə Prezidentinin Sərəncamı ilə abidənin bərpası üçün 1 milyon manat maliyyə vəsaiti ayrılıb. Həmin abidənin restavrasiyasına xarici ölkələrdən gətirilən ən yüksək mütəxəssislər cəlb olunacaq. Və beləliklə, bərpa prosesi uğurla aparılacaq və necə ki 800 ildən artıqdır ki, bu abidə yaşayır və bundan sonra da öz əzəməti, gözəlliyi, monumentallığı ilə Azərbaycan xalqının milliliyini, mənəvi dəyərlərini dünyaya təqdim edəcək. Xüsusi bir cəhəti də vurğulamaq istəyirəm ki, heç də dövlətlərin hamısında belə bir abidə ucaltmaq imkanı yoxdur. O dövlətin ərazisində belə bir abidə ucalır ki, ilk növbədə, orada dövlətçilik ənənələri olsun. Hansı ki Atabəylər dövləti kimi mühüm bir dövlət var idi və Naxçıvan şəhəri 1146-1175-ci illərdə bu dövlətin paytaxtı idi. Və belə bir paytaxt şəhərdə abidə ucaldılmışdı. İkinci bir tərəfdən də mədəniyyət elə bir inkişaf səviyyəsində olmalıdır ki, belə bir abidə yaradılsın. Demək, Naxçıvanda mədəniyyətin inkişafı və dövlətçilik ənənələri imkan verib ki, 1186-cı ildə belə bir monumental abidə ucalsın. Abidə geniş şəkildə təhlil olunub. Abidə 10 üzlüdür. Hər üzündə Əcəminin yaratdığı nümunələr yer alıb. Bir üzdə olanla digər üzdəki bir-birini təkrar etmir. Bişmiş kərpicdən tikilməsi və kərpiclərin mürəkkəb, həndəsi quruluşla, sxemlə düzülməsi, yerləşdirilməsi imkan verib ki, abidə öz gözəlliyi, zərifliyi ilə diqqəti cəlb etsin. Bir daha ölkə Prezidentinə dərin minnətdarlığımızı bildirir və inanırıq ki, Möminə xatun türbəsi ən yüksək səviyyədə bərpa və restavrasiya olunaraq öz əvvəlki görkəminə qaytarılacaq” , – deyə İsmayıl Hacıyev əlavə edib.
Nail ƏSGƏROV
Digər xəbərlər