NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Ailə münasibətlərinə dair icra sənədlərinin vaxtında və düzgün icrası uşaq hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir

...

İcra və probasiya qurumlarının icraatında aliment və uşaqla ünsiyyət tələbinə dair çoxsaylı icra işləri var. Həmin işlərin əksəriyyətinin icrası müntəzəm olaraq təmin edilir. Bu  prosesdə bəzi problemlərlə də qarşılaşırıq. Məsələn; nikahı pozulan valideyn uşaqları üçün aliment ödəməli olduğunu anlasa da, bir çox halda qərarın icrasına əməl etmir. Bildiyimiz ki, aliment təyin edilərkən tərəflərin sosial və maliyyə durumu mühüm amil kimi götürülür. Buna görə alimentin miqdarı ailədən-ailəyə dəyişir. Bir acınacaqlı məqam var ki, öz uşağına az miqdarda aliment vermək üçün maaşını az göstərənlər də  az deyil.

Alimentlə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar qanunvericilikdə bütün lazımi tədbirlər nəzərdə tutulsa da, bəzi hallarda həmin tədbirlər gözlənilən nəticəni vermir. Hər bir halda valideyn məcburiyyət tədbirləri olmadan belə imkanı çatan vəsaiti övladından əsirgəməməlidir.

Valideyn uşağı dünyaya gətirirsə, qayğısına  da qalmalıdır. O, qanuni yolla qazanc əldə etməli və uşağını saxlamalıdır. Dövlət yeni iş yerləri açır, aztəminatlı ailələrin müdafiəsi ilə bağlı tədbirlər görür. Əgər valideyn fiziki cəhətdən sağlamdırsa, işləyib alimenti verməlidir. Ölkəmizdə kifayət qədər sərbəst iş yerləri var. İşləyib aliment ödəmək üçün valideyndə sadəcə, istək lazımdır. Hətta Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və  (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” qərarı ilə işləyənlərin və  ya başqa formalarda rəsmi gəlir əldə edənlərin hansı gəlirlərindən aliment tutulması müəyyənləşdirilib. Qanunlarımız alimenti ödəməyən valideynlərə qarşı kifayət qədər sərtdir və uşağın normal şəraitdə böyüməsi üçün həm dövlət qurumları, həm də biz ədliyyə işçiləri əlimizdən gələni edirik.

Qanunvericiliyə əsasən müvafiq şərtlər daxilində qadınlarla yanaşı, kişilərə də aliment ödənilməlidir. Uşaq kimdə qalırsa, qarşı tərəf aliment ödəməlidir. Uşağı saxlamaq hər iki valideynin borcudur. İcraatda uşaqların atanın himayəsində qalması ilə bağlı icra sənədləri də vardır. Ancaq müşahidələr göstərir ki, uşaqlar, əsasən, anaya verilir. Bəzən elə hallarla qarşılaşırıq ki, ana uşaqlarını atıb xaricə ölkəyə gedir. Belə olan halda uşaqlar atanın himayəsində qalır. Müəyyən hallarda isə uşaqların yaşı 10-dan yuxarı olur və ataları ilə qalmaq istəyirlər. Ona görə də məhkəmənin qərarı ilə uşaq atada qalır. Beləliklə də, aliment anadan alınıb ataya ödənilməlidir. Qanuna əsasən aliment məsələsi bütün tərəflər üçün eyni nəzərdə tutulub. Hər iki valideynin hüquq və vəzifələri bərabərdir.

Aliment və uşaqla ünsiyyətlə bağlı yaranan münaqişələr ailədə uşağın psixologiyasına mənfi təsir göstərir. Valideyn uşağına aliment ödəmirsə və ya onunla görüşə bilmirsə, təbii ki, ilk zərərçəkən uşaq olur. Natamam ailədə böyüyən uşaq nəinki maddi baxımdan, həm də mənəvi baxımdan əziyyət çəkir. Belə ki, alimentdən öncə boşanma prosesinin başlaması, ata-ana arasında olan münaqişələr –  fərqi yoxdur ki, bu fiziki təzyiqdir, yoxsa sözlə bir-birini təhqir etməkdir – bunlar uşağa çox pis təsir göstərir. Bu da var ki, alimentin ödənilməməsi də uşağın psixikasını pozur. Oğlan uşağına daha böyük zərbə dəyir. Çünki onsuz da yanında atanın olmaması onu incidir, bir də atanın aliment ödəməməsi və ananın bundan əziyyət çəkməsi, əlbəttə ki, müxtəlif situasiyalara gətirib çıxarır. Qız uşağı isə böyüyəndə ailə qurmaq fobiyası, kişilərə qarşı bir inamsızlıq yaşayır. Bu cür hallar isə kiçik psixoloji travmalardan tutmuş çox böyük fəsadlara yol aça bilir.

Qanunvericiliyə əsasən, alimentlərin alınması haqqında məhkəmə qərarları dərhal icraya yönəldilir. Alimentin tutulması tələbinə dair məhkəmə qərarlarını icra etməkdən boyun qaçıran, gizlənən və ya yeri məlum olmayan şəxslər barəsində icra qanunvericiliyinə əsasən tədbirlər görülür: məsələn, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi və sair. Bu tədbirlər nəticə vermədikdə şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilir. Bundan da nəticə çıxarmayan şəxsə sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin açılması üçün qanunvericiliyə uyğun tədbirlər görülür. Həmin maddə ilə şəxs cərimə, ictimai işlər, islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Alimentin ödənilməsində ən böyük çətinlik isə aliment ödəməli olan valideynin ölkədən kənarda olması zamanı yaranır. Təcrübədə aliment ödəmədiyinə görə illərdir axtarışda olan şəxslərə belə rast gəlinir. Aliment ödəməli olan valideynin yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən, borclunun axtarılması haqqında qərar qəbul edir. Həmin qərar icra olunması üçün daxili işlər orqanlarına göndərilir. Eyni zamanda Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) alimenti qəsdən ödəmədikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər.

Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə ünsiyyətinə mane olmamalıdır.

Uşaqla görüş və ünsiyyətdə olmaq hüququnun təmin edilməsi ilə bağlı hər bir valideyn üzərinə düşən öhdəlikləri lazımınca bilməli və onlara əməl etməlidir. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra və probasiya qurumlarının icraatında uşaqla görüş və ünsiyyətdə olmaq tələbi ilə bağlı icrası davam edən 300-dən çox icra sənədi vardır. İcraatımızda olan uşaqla görüş və ünsiyyətdə olmaq hüququ ilə bağlı icra sənədlərinin demək olar ki, əksəriyyəti qanunvericiliyə uyğun icra edilir.

Lakin bir neçə işdə obyektiv və subyektiv səbəblərdən bu qəbildən olan icra sənədlərinin icrası zamanı çətinliklər yaranır. Məsələn, tələbkar hər həftənin müəyyən günləri uşağı ilə görüşüb ünsiyyətdə olmalı vaxt başqa şəhərdə və ya dövlətdə yaşadığından övladı ilə birbaşa ünsiyyətdə ola bilmir. Uşaq xəstə olduqda, məktəbdə və ya məktəbdənkənar hansısa tədbirə getdikdə isə həmin hüququ həyata keçirmək mümkün olmur.

Məlumdur ki, boşanmaq üçün iddia ərizəsi verən valideynlər barəsində məhkəmə qərarının qüvvəyə minməsi müəyyən vaxt alır. Bu zaman kəsiyində elə hallar olur ki, uşağın yanında qaldığı valideyn həmin uşağı atadan gizlətməyə çalışır. Körpə uşaq uzun zaman, yəni 2-3 il kimi bir müddətdə atanı görmür. Sonradan gördükdə isə ataya yad bir adam kimi baxır, ona getmək istəmir. Həmçinin uşaq həftənin 5 günü məktəbə, məktəbdənkənar məşğələyə gedir, həyətdə oyun oynayır, lakin şənbə və ya bazar günləri uşaq görüşünün həyata keçirilməsi zamanı borclu tərəf bir sıra səbəb gətirərək məhkəmə qərarını icra etməkdən yayınır.

Bəzən də elə hallar olur ki, ailədə uşağa edilən təsir nəticəsində uşaqla görüş günü digər valideynə getmək istəmir, qarşı tərəf isə bu hüququnun həyata keçirilməsini icra məmurundan tələb edir. Belə olan hallarda isə tərəflər, uşaq, müvafiq qurumdan psixoloq icra və probasiya qurumuna dəvət olunurlar. Psixoloqun verdiyi rəylər, həmçinin, uşağın yaşı, psixoloji vəziyyəti və digər hallar nəzərə alınaraq növbəti icra tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasında dövlətin adından çıxarılan və icraya yönələn məhkəmə qərarları icra məmurları tərəfindən icrası mütləqdir. Məhkəmə qərarları çıxarılarkən onların icra mexanizmi elə müəyyənləşməlidir ki, icra məmuru onları icra edərkən qanunvericilikdə öz əksini tapmayan, sual yaradan hallar baş verməsin. Məhkəmələr tərəfindən uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Məsələn, əgər ata həftənin 5 günü saat 9:00-18:00-dək işləyirsə, uşaqla görüş saatı iş günləri və iş saatlarına salınırsa, bunun təyin edilməsi simvolik bir xarakter daşıyır və təbiidir ki, ata bu hüquqdan istifadə etməsi çətinləşəcək. Ona görə də, bu kimi halları məhkəmə nəzərə alır və görüş saatlarının adətən, iddiaçı tərəfin asudə vaxtına salınması barədə qərar verir. Beləliklə, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə alır.

Bütün bu qeyd etdiyimiz məsələlər valideynlər arasında olan mübahisələrin həll edilməsi istiqamətində olan prosedurdur. Lakin, nəzərə almaq lazımdır ki, valideynlər arasında olan istənilən münasibət, uşağın psixoloji durumuna və gələcəkdə bir fərd kimi formalaşmasına böyük təsir göstərir. Çünki uşaqlar bizim gələcəyimiz və ölkəmizin taleyini həll edən bir şəxsiyyətdirlər.

Rəşad ALLAHVERDİYEV

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəis müavini, kiçik ədliyyə müşaviri

Nəşr edilib : 20.11.2024 10:27