NAXÇIVAN :

02 Oktyabr 2026, Cümə

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

...

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev “ADEX-2026” və “Securex Caspian-2026” sərgiləri çərçivəsində oktyabrın 1-də bir sıra görüşlər keçirib.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, nazir Belarusun Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus, Türkiyənin milli müdafiə nazirinin müavini Salih Ayhan, Özbəkistanın Müdafiə Sənayesi Komitəsinin sədri Akmal Jumanazarov Ruzikuloviç, İtaliyanın Milli Silahlanma qurumunun sənaye siyasəti və beynəlxalq əlaqələr bölməsinin rəisi Luigi Casali, Çinin “Norinco”, Birləşmiş Ərəb Əmirliklərinin “Tavazun”, Pakistanın “Heavy Industry Taxila” və İspaniyanın “INDRA” şirkətinin rəhbər şəxsləri ilə görüşüb.

Sərginin ikinci günü, həmçinin müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Uqandanın Xalq Müdafiə Qüvvələri Artilleriya diviziyasının komandiri Daniel Kakono Mugumya və Belarusun müdafiə nazirinin silahlanma üzrə müavini Andrey Fedin, müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov isə Braziliya Müdafiə Nazirliyinin Ticarətin təşviqi departamentinin direktoru Joelson Rodrigues De Carvalho ilə görüşüblər.

Görüşlər zamanı müdafiə sənayesi üzrə tərəfdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və müxtəlif istiqamətlərdə birgə fəaliyyət imkanları müzakirə olunub. Tərəflər müdafiə sənayesi müəssisələri arasında münasibətlərin möhkəmləndirilməsi, texnoloji əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, “ADEX-2026” və “Securex Caspian-2026” sərgiləri oktyabrın 2-də başa çatacaq.

Nəşr edilib : 02.10.2026 00:12