NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təxribatlara yönəlmiş pərdəarxası maliyyə yardımı

...

ABŞ-nin sabiq prezidenti Con Kennedi tərəfindən 1961-ci ildə “soyuq müharibə” dövründə yaradılmış ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılmış təşkilat olsa da, məsələnin pərdəarxası məqamları bunu deməyə əsas verir ki, bu qurum yardım adı altında insanlığa yaraşmayan bütün çirkin əməllərə əl atmaqla öz istəyinə nail olmağa çalışmışdır. ABŞ Beynəlxalq İnkişaf Agentliyi iqtisadi cəhətdən onlardan asılı olan dövlətlərə yardım adı altında dəstək olmaqla onların daxili işlərinə qarışmış, vətəndaş qarşıdurması, qeyri-sabit mühit yaratmış, onları çevriliş və xaos təhlükəsi ilə üz-üzə qoymaqla özlərinin məkirli siyasətini ötr-basdır etməsi üçün müxtəlif regionlarda layihələr gerçəkləşdirməsi də onlara qeyri-qanuni əməllərini gizləmək üçün lazım olmuşdu.

Qərbin Ukraynada “narıncı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının əsas maliyyə qaynağı olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin xoşagəlməz əməllərinin ifşa edilməsi, qurumun fəaliyyətindəki çox təhlükəli məqamların dünya ictimaiyyətinə çatdırılması günümüzün gözlənilən hadisələrindən idi. Onlar eyni ssenarini Azərbaycanda da həyata keçirməyə cəhd göstərsələr də, Azərbaycan xalqı təxribatlara, yalançı vədlərə uymadı, dövlətin, hakimiyyətin yanında oldu və suveren respublikamızın uğurlu inkişafına birmənalı dəstəyini ifadə etdi. Azərbaycan rəhbərliyi illər öncə USAID-in fəaliyyətindəki arzuolunmaz nüansları həm təşkilatın, həm də ABŞ rəhbərliyinin diqqətinə çatdırmışdı. Azərbaycan hökuməti haqlı xəbərdarlıqdan sonra USAID-lə müqaviləni dayandırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hər məsələdə olduğu kimi, burada da qətiyyətli mövqe nümayiş etdirməsi bu gün həm də uzaqgörən bir siyasətin çalarları kimi təqdir olunmalıdır. Ona görə də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətinin dayandırılmasını 2025-ci il üçün qlobal mənada uğur adlandırmaq olar. Çünki USAID-in səpdiyi şər toxumlarının arealı böyükdür, yaratdığı xaos xalqlar, ölkələr arasında nifaq yaratmağa hesablanmış əməl göstəriciləridir.

Haqlı olaraq Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin USAID-in illik büdcəsinin 50-60 milyard dollar olan şəbəkəyə çevrildiyini bildirib. Volodinə görə, USAID tərəfindən terrorçular və yaraqlılar, eləcə də ABŞ və Rusiyada qadağan olunmuş “Əl-Qaidə”yə yüzminlərlə dollar köçürülüb. Həmçinin də agentlik xaşxaş yetişdirmək və narkotik maddələr istehsal etmək üçün istifadə olunan avadanlıq və gübrələrə yüz milyonlarla dollar xərcləyib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin fikrincə, bu qurum öz maliyyəsindən xeyriyyə məqsədləri üçün deyil, bu və ya digər ölkələrdə, o cümlədən Gürcüstanda da konkret olaraq inqilablar təşkil etmək, iğtişaşlar yaratmaq və ölkədə sabitliyi pozmaq üçün istifadə edib.

İlon Mask USAID-i “məhvə məhkum qurum” və “cinayətkar yuva” adlandırıb. Göründüyü kimi, ortada çox ağır ittihamlar var. Bu gün bu təşkilata qarşı səslənən əsaslı ittihamlara nəzər yetirmək kifayətdir ki, hansı əməllərin daşıyıcısı olduğu görünsün: bioloji silahların hazırlanmasını və Əfqanıstanda narkotik məhsulların istehsalını maliyyələşdirmək, ciddi korrupsiyaya yol vermək, xalqların ənənəvi dəyərlərinə qarşı dağıdıcılıq faktoru, qəsbkar ölkələrin maliyyəsinə dəstək verməsi kimi amillər. Amma hər şeyin sonu olduğu kimi şərin də sonu mütləqdir. Artıq ABŞ prezidenti Donald Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib, Ağ Ev təşkilatı maliyyələşdirməkdən imtina edib.

“Tesla”, “SpaceX”, “Neuralink” və “The Boring Company” kimi yüksək texnologiyalı şirkətlərin təsisçisi və rəhbəri İlon Mask bildirib ki, ABŞ vətəndaşlarının vergi pulları ilə USAID xaricdə bioloji silahlar üzrə tədqiqat laboratoriyalarını maliyyələşdirib. Onun sözlərinə görə, COVID-19 pandemiyası bu cür tədqiqatlardan birinin nəticəsidir. Mask sosial şəbəkədə bu barədə yazıb: “Bilirdinizmi ki, USAID, sizin vergi pulunuzla, milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silah tədqiqatları maliyyələşdirib?”

USAID fəaliyyət göstərdiyi bütün ölkələrdə radikal qüvvələri dəstəkləyib, milli dəyərlərə hörmət göstərməyib. Azərbaycanın haqq davasına qarşı tutduğu əks mövqe, düşmən ölkənin militarizasiyasına verdiyi dəstək, ölkəmizin dəyərlərinə, suverenliyinə etinasızlıq bu qurumun əsl mahiyyətini göstərmək üçün yetərli amillərdir. 30 ildən çox Azərbaycan torpaqlarının işğalına göz-yuman, heç bir sülh təşəbbüsü ilə çıxış etməyən ABŞ Beynəlxalq İnkişaf Agentliyi heç vaxt torpaqlarımızın işğalına dair bəyanat yaymayıb, qaçqınların problemlərinin həllinə ciddi dəstək verməyib. USAID 1992-ci ildə Xocalı soyqırımına səssiz qalıb, Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, Qərbi azərbaycanlıların dogma yurdlarına qayıdış hüquqlarına etinasız yanaşıb. 2020-ci ilin sentyabrında başlamış və 44 gün davam edən II Qarabağ müharibəsində Azərbaycan Ordusu ərazi bütövlüyünü təmin edəndə USAID sözdə müharibə əleyhinə, əslində isə ordumuza, dövlətimizə qarşı güclü kampaniyaya start verdi, ermənilərin müdafiəsinə qalxdı. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycana qarşı qərəzli mövqeyi qəbuledilməzdir. Ölkəmizə qarşı bu cür münasibət dövlətimizin müstəqil siyasət həyata keçirməsini, regionda yeni reallıqlar yaratmasını adıçəkilən təşkilatın həzm edə bilməməsindən qaynaqlanan boş hay-küydən başqa bir şey deyil. Azərbaycan dövlətinin USAID ilə bağlı qərarı olduqca düzgün və ədalətlidir. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətinə qadağa qoyulması dövlətimizi təhlükələrdən qorudu. Bu gün respublikamız Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, qətiyyəti və uzaqgörən siyasəti nəticəsində uğurla inkişaf edir.

Bəhruz MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 14.02.2025 15:47