Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin ...
23:44 19.04.2025
0
0
0
NAXÇIVAN :
20 Aprel 2025, Bazar
“Qadın zərif məxluqdur. Biz qadını sevməliyik, qadına hörmət etməliyik, qadını həmişə yüksək tutmalıyıq və qadının cəmiyyətdə rolunu daim yüksəltməliyik. Qadınlar dövlətimizin, müstəqilliyimizin, bu günümüzün dayağıdırlar”, – deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qadınlar haqqında söylədiyi bu qiymətli fikirlər Azərbaycan qadınına verilən ən böyük dəyərdir.
Adı hər zaman şərəf və iftixarla çəkilən qadına Tanrı ən xoşbəxt cəhətləri bəxş etmişdir. Azərbaycan qadınının tarix salnaməsində özünəməxsus yeri vardır. Azərbaycan qadınının ruhuna, qanına Tomris ədaləti, Sara xatın siyasəti, Məhsəti döyüşkənliyi, Natəvan səxavəti və xeyirxahlığı, Heyran xanım həsrəti hopub. Təbiətin ecazkar gözəlliklərini sirli-sehrli rəssam təxəyyülü ilə ağ kətanlara nəqş edən Maral Rəhmanzadə, dərinmənalı, könül oxşayan, incə ruhlu şeirləri ilə yaddaşlara həkk olunan Məhsəti Gəncəvi, hər misrasına həsrət yağışı çilənən Heyran xanım, səxavəti ilə millətinin yoluna maarif ziyası yayan Xurşidbanu Natəvan, yaradıcılıqları ilə ürəkləri ovsunlayan Mirvarid Dilbazi, Nigar Rəfibəyli və yüzlərlə belə qadınlarımız öz yaradıcılıq ilhamları sayəsində elə uca zirvələr fəth ediblər ki, yüz illər keçsə də, əsərləri təzə-tər qalacaqdır.
Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, dərin zəkası və mətin iradəsi ilə seçilmiş, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, zənginləşdirilməsi və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Azərbaycan qadını bəşəriyyətə ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, müdrik siyasi xadimlər bəxş etmişdir. Azərbaycan qadınının füsunkar gözəlliyi ülviyyət çələngi, ilahi nurdan yoğrulmuş ismət dəryasıdır. Azərbaycan qadını, yeri gələndə, Vətəninin azadlığı üçün bu ülviyyəti qılınca çevirməyə, döyüş paltarı geyinərək Azərbaycan oğulları ilə çiyin-çiyinə döyüşüb Vətən torpaqlarını yağı düşmənin tapdağından azad etməyə qadirdir.
Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın seçdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Cəmiyyətimizdə qadının artan nüfuzu və hazırkı yüksək ictimai mövqeyi Azərbaycanın müasir həyatının güzgüsüdür. Müasir Azərbaycan qadını indi nəinki ictimai-siyasi həyatda, elm, təhsil, mədəniyyət, dövlət quruculuğu və hərbi sahələrdə kişilərlə bərabər çalışır, eyni zamanda dünya miqyasında xalqımızı layiqincə təmsil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları, tariximizin hər bir mərhələsində olduğu kimi, bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq Vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər”.
Dövlət qadın siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Muxtar respublikamızda yaşayan qadınlar yeni ictimai münasibətlər sisteminin, demokratiya və bazar iqtisadiyyatının, habelə sosial ədalət prinsiplərinin bərqərar olduğu cəmiyyətimizdə yüksək hüquq və azadlıqlara malikdirlər. Onlar öz bilik və bacarıqlarını yeni nəslin təlim-tərbiyəsinə və cəmiyyətin inkişafına sərf edirlər.
Hər il istedadlı qadınların əl işlərinin satış-sərgisi təşkil olunur, mədəni-kütləvi tədbirlərdə yaradıcı qadınların sənət əsərləri nümayiş etdirilir. Bu gün qədim və gündən-günə gəncləşən diyarımızın ictimai-mədəni həyatında öz fəallıqları ilə seçilən qadınların əməyi yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülür.
Dünyada qloballaşma prosesinin getdiyi bir vaxtda gənc nəslin tərbiyəsində, milli-mənəvi və ailə dəyərlərimizin qorunub saxlanmasında qadınlarımızın rolu müstəsna dərəcədə artmışdır. İnanırıq ki, Azərbaycan qadınları, bütün zamanlarda olduğu kimi, bundan sonra da adət-ənənələrimizi, ailə dəyərlərimizi yaşadacaq, ictimai fəaliyyətləri ilə muxtar respublikamızın inkişafına, onun çiçəklənməsinə öz töhfələrini verəcəklər.
Qafar QƏNBƏROV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər