FHN: Ötən həftə ərzində 172 yanğına çıxış olub, 9 ...
09:48 20.04.2026
0
0
0
NAXÇIVAN :
20 Aprel 2026, Bazar ertəsi
Yubileylər ömür karvanının bir-birindən fərqli dayanacaqlarına bənzəyir. Yubilyar hər dayanacaqda arxada qalan yola nəzər salır, bu gününün sevincini, göy qurşağı qədər əsrarəngiz görünən gələcək günlərinin ümidini yaşayır. Naxçıvan Dövlət Universiteti Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Tofiq Əliyev də ömür qatarının 75-ci dayanacağını mənalı həyatının və gərgin əməyinin təntənəsi ilə, şərəflə qarşılayıb ömrünün müdriklik zirvəsini, 75 illik yubileyini qeyd edir.
Tofiq Abbasəli oğlu Əliyev 1951-ci il mart ayının 25-də Naxçıvan şəhərinin Əliabad qəsəbəsində qulluqçu ailəsində anadan olub. 1958-ci ildə qəsəbə məktəbində ibtidai təhsilə başlayan Tofiq Əliyev 38 yaşlı atası Abbasəli Əliyevi avtomobil qəzası nəticəsində itirdikdən sonra təhsilini Naxçıvan şəhərində yenicə açılmış internat məktəbində davam etdirib və 1968-ci ildə təhsilini “gümüş” medalla başa vurub. Elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olub, 1973-cü ildə ali təhsilini başa vurduqdan sonra təyinatı üzrə bir il Saatlı rayonunda müəllim işləyib, 1974-cü ildən isə taleyini Naxçıvan Dövlət Universiteti ilə bağlayıb. O burada baş laborant, assistent, müəllim, baş müəllim, dekan müavini və Kimya kafedrasının müdiri vəzifələrində çalışıb. Professor T.Əliyev 2019-cu ilin oktyabr ayından AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutuna rəhbərlik edir. Bütün bu illər ərzində T.Əliyev istedadlı tədqiqatçı, gözəl pedaqoq, geniş dünyagörüşünə malik ziyalı kimi tanınıb. Pedaqoji fəaliyyətini elmi fəaliyyətlə əlaqələndirməyi bacaran T.Əliyev NDU tarixində ilk dəfə olaraq eksperimental xarakterli tədqiqatlar aparıb, ilk dəfə xarici ölkəyə elmi ezamiyyəyə göndərilib. Tofiq Əliyevin apardığı tədqiqat işlərinin əsas hissəsi böyük elmi-praktiki əhəmiyyət kəsb edən məsələyə – neft və qaz sənayesində istismar olunan polad avadanlıqların korroziya, abraziv və mikrobioloji dağılmadan mühafizəsi məsələlərinə həsr olunub.
O, 1988-ci ildə Azərbaycan Respublikası EA Qeyri-üzvi və Fiziki kimya İnstitutunda Fiziki kimya ixtisası üzrə müvəffəqiyyətlə “xidməti istifadə üçün” qrifinə malik namizədlik dissertasiyası, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Fiziki-kimya və Neft kimyası ixtisasları üzrə “Fenollar, merkaptosirkə və ksantogenat turşularının bəzi funksional törəmələrinin inhibitor təsirinin fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Tofiq Əliyev 1991-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adına layiq görülüb. Professor Tofiq Əliyev 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Bütün bu illər ərzində Tofiq müəllim hərtərəfli biliyə malik olmaqla milli və mənəvi dəyərlərin mütərəqqi cəhətlərini üzvi şəkildə əlaqələndirmiş, çalışdığı təhsil ocağının ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. O, dəfələrlə Rusiya Federasiyası, Ukrayna və Türkiyənin bir çox şəhərlərində keçirilən beynəlxalq konfrans, simpozium və qurultaylarda iştirak etmiş, maraqlı məruzələri ilə həmkarlarının diqqətini cəlb etmişdir. Onun məqalələri Rusiya Federasiyası, Ukrayna, Hollandiya, Türkiyə, eləcə də respublikamızda nəşr olunan müxtəlif nüfuzlu jurnallarda dərc edilmiş, elmi tədqiqatları istər ölkəmizdə, istərsə də xaricdə yaşayan bir çox tanınmış alimlər tərəfindən yüksək dəyərləndirilmişdir.
Çoxsaylı tədqiqat işləri nəticəsində Tofiq Əliyev əlverişli xammallar əsasında nisbətən sadə üsullarla alınmış və bir neçə aqressiv sistem və polad nümunələri üçün yararlı olan yüksək effektli korroziya inhibitorları təklif etmişdir. Bununla da müxtəlif qruplardan olan birləşmələrin quruluşları ilə effektivliyi arasındakı asılılıqla bağlı T.Əliyevin müəyyən etdiyi qanunauyğunluqlar həmin sahədə olan ziddiyyətli fikirlərə və qaranlıq məqamlara aydınlıq gətirmiş, korroziyadan inhibitor mühafizəsi nəzəriyyəsini daha da təkmilləşdirmişdir. Tofiq Əliyev 2019-cu ilin oktyabr ayından Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirməklə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutuna direktor vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası ərazisində böyük ehtiyatları olan təbii sərvətlərin, mineralların araşdırılması və tətbiqinə dair əməli fəaliyyəti və faydalı məsləhətləri ilə həmkarlarına yaxından köməklik göstərir. Tofiq Əliyevin apardığı tədqiqatlar 180-dən artıq elmi və elmi-metodik əsərdə, o cümlədən 5 kitabda, 1 dərs proqramında, keçmiş sovetlər ittifaqının 1 ədəd “xidməti istifadə üçün” qrifinə malik müəlliflik şəhadətnaməsində, Azərbaycan Respublikasının 2 patentində, çoxsaylı məqalə və tezislərdə öz əksini tapmışdır.
Hərtərəfli elmi potensiala malik olan Tofiq müəllimin yaradıcılığında fundamental elmlərin vəhdəti, elmi araşdırmaların təcrübəyə tətbiqi sahələrində praqmatik qabiliyyət nümayiş etdirir, bu gün də çoxillik məhsuldar yaradıcı fəaliyyəti ilə bu amilləri yüksək səviyyədə davam etdirir.
Son illər muxtar respublikanın mineral sərvətlərinin öyrənilməsi istiqamətində Tofiq müəllimin rəhbərliyi ilə aparılan nəzəri və praktiki tədqiqatlar öz səmərəliliyi ilə fərqlənir. O həmçinin onlarla elmi populyar məqalənin müəllifidir. T.Əliyev müxtəlif vaxtlarda “Şərq qapısı”, “Nuh yurdu”, “İki sahil” qəzetlərində dərc olunmuş günün aktual məsələlərinə, o cümlədən Azərbaycanın enerji strategiyasına həsr olunmuş məqalələri ilə geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
T. Əliyevə məxsus elmi nəzəri tədqiqatlar öz orijinallığı, praktiki əhəmiyyəti və yeniliyi ilə seçilir. Ömrünün 51 ilini kimya elminin inkişafına həsr etmiş alim, bu elmin analitik xüsusiyyətlərinin ən incə nüanslarının bilicisi, sözün həqiqi mənasında, kimya elminin fədaisidir. Elmi fəaliyyəti dövründə fiziki-kimya sahəsində əldə etdiyi fundamental nəticələr Tofiq Əliyevi təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaq ölkələrdə də geniş miqyasda tanıtmışdır.
Tofiq müəllim kimya elminin sirlərini və öz zəngin təcrübəsini böyük həvəslə gənc nəslə öyrədir, onların elmi işçi kimi formalaşmasında aparıcı rol oynayır. Onun namizədlik dissertasiyalarına rəhbərlik etməsi bunun bariz nümunəsidir. Tofiq müəllim öz qayğıkeşliyi, səmimiyyəti və sadəliyi ilə çalışdığı kollektivin böyük hörmətini qazanmışdır. O öz tabeçiliyində olan əməkdaşların mülahizə və fikirlərinə həmişə çox diqqətlə yanaşır və onları lazımi dərəcədə qiymətləndirir.
Tofiq müəllimin elm və təhsil sahəsində uğurları, elmi-metodik hazırlığının yüksək məhsuldarlığı, təcrübəli pedaqoq olması nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 16 oktyabr tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsi onun əməyinə və elmi fəaliyyətinə verilən qiymətin əyani sübutudur.
Tofiq müəllim həm də gözəl ailə başçısıdır. Onun gözəl tərbiyə edilmiş övladları və nəvələri var. İstedadına və iş qabiliyyətinə yaxşı bələd olduğumuza görə heç şübhə etmirik ki, Tofiq müəllimin bundan sonrakı fəaliyyəti də məhsuldar olacaq, bizləri yeni-yeni uğurları ilə sevindirəcəkdir.
Naxçıvan Dövlət Universiteti Təbii Ehtiyatlar İnstitutu və AMEA Naxçıvan Bölməsinin kollektivi Tofiq müəllimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun, sağlam ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayır. 75 yaşınız mübarək, Tofiq müəllim!
Fizzə MƏMMƏDOVA
Naxçıvan Dövlət Universiteti Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral
sular” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent
Qorxmaz HÜSEYNOV
Naxçıvan Dövlət Universiteti Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent
Digər xəbərlər