NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

50 yaşlı kollec yubileyinə hazırlaşır

...

Naxçıvan Muxtar Respublikasının mədəni həyatında mühüm yer tutan, hazırda Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kolleci 50 illik zəngin tarixi ilə ölkənin musiqi mədəniyyətinin inkişafına böyük töhfələr vermişdir. Kollec yarıməsrlik dövr ərzində Azərbaycan musiqi sənətinə yüzlərlə istedadlı musiqiçi, bəstəkar və müəllim qazandırmışdır.

Hələ sovet dönəmində Naxçıvan şəhərinin mədəni quruculuq işlərinə xüsusi diqqət yetirilirdi. Dahi Üzeyir Hacıbəyli də bu prosesin öncüllərindən biri idi. O, Naxçıvana səfəri zamanı yerli musiqi və teatr mühitinin inkişafı ilə bağlı görüşlər keçirir, yerli musiqiçilərlə görüşərək onların fəaliyyətinə dəstək olurdu. Daha bəstəkarın Naxçıvana səfərləri, əsasən, musiqi, teatr və mədəniyyət sahəsində inkişafı təşviq etmək məqsədi daşıyır, Azərbaycan musiqisinin klassik nümunələrini Naxçıvanda yaymaq üçün tədbirlər təşkil edirdi. Məlumatlara əsasən Üzeyir Hacıbəyli Naxçıvanda Azərbaycan Xalq çalğı alətləri orkestrinin yaradılması təşəbbüsünü irəli sürmüş və bu orkestrə Məmməd Məmmədovu dirijor və bədii rəhbər təyin etmişdir. O, Naxçıvan şəhərində musiqi məktəblərinin açılmasına da vacib sayırdı. Bunun ifadəsidir ki, 1937-ci ildə Naxçıvan şəhərində 1 nömrəli uşaq musiqi məktəbi yaradılmışdır.

1974-cü ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 50 illik yubiley tədbirində iştirak etmək üçün Naxçıvana gələn Ulu Öndər Heydər Əliyevin şəxsi tapşırığı və təşəbbüsü ilə 28 aprel 1975-ci ildə Naxçıvan orta ixtisas musiqi məktəbinin təməli qoyulmuşdur. Bu, musiqi təhsilinin region səviyyəsində inkişafına yeni bir səhifə açmışdır. Məktəbin yaradılmasında əsas məqsəd peşəkar musiqiçi kadrların hazırlanması, milli musiqi mədəniyyətinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi idi.

1975-1976-cı illərdə ilk tələbə qəbulu keçirən məktəbə 4 ixtisas üzrə 31 nəfər cəlb olunmuşdur. İlk illərdə 4 musiqiçi-pedaqoq ixtisaslı musiqiçi kadrların hazırlanmasında xidmət göstərmişdir. Hazırda isə məktəbdə 400-ə yaxın tələbə təhsil alır. 100-dən çox alitəhsilli pedaqoq isə onların təlim-tərbiyəsi ilə məşğul olur. Müsbət haldır ki, bu müəllimlərin əksəriyyəti orta ixtisas təhsilini bu texnikumda almışlar.

Qeyd edək ki, bu təhsil ocağı 1975-1992-ci illərdə Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-2005-ci illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumu, 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci statusu almışdır. Hal-hazırda kollecdə Ümumi nəzəri fənlər, Xalq çalğı alətləri, Orkestr alətləri və vokal sənəti, Fortepiano, Ümumtəhsil və humanitar fənlər, Aktyor sənəti və dekorativ-tətbiqi sənət, Ümumi fortepiano və konsertmeysterlik olmaqla, 8 fənn birləşmə komissiyası fəaliyyət göstərir.

9 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli Qərarına uyğun olaraq Naxçıvan Musiqi Kolleci Naxçıvan Dövlət Universitetinin, 9 noyabr 2024-cü il tarixdən isə Elm və Təhsil Nazirliyi kollegiyasının Qərarı ilə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kolleci Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyinə verilmişdir.

2021-ci ildən etibarən kollecdə bir neçə ildir ki, fəaliyyətini dayandırmış Xalq çalğı alətləri orkestri, Simfonik orkestr və Nəfəsli alətlər orkestri yenidən fəaliyyətini bərpa etmiş, bir neçə yeni qrup yaradılmışdır: “Muğam” ansamblı, “Gənclik” instrumental ansamblı, “Harmoniya” instrumental ansamblı, “Estrada” anamblı, Xor kollektivi, “Naxçıvanqala” ritm qrupu, “Sazçalanlar” ansamblı, “Nəfəsli alətlər” ansamblı, “Sevincin inciləri” qanunçalanlar ansamblı, “Qədim musiqi alətləri” ansamblı, “Kamançaçalanlar” ansamblı, “Qarmonçalanlar” ansamblı, Vokal qrupu, “Bəmzi cahan” rəqs və “Yallı qrupu”, “Teatr qrupu” və sair.

Bu yaradıcı kollektivlərin yalnız musiqi ifaları ilə deyil, həm də xalqımızın repertuarları Azərbaycan xalq və bəstəkar musiqisinin ən gözəl nümunələri ilə yanaşı, dünya klassikasının inciləri ilə zəngindir. Kollektivlər peşəkar ifaları ilə respublikada keçirilən festivallarda, dövlət tədbirlərində və beynəlxalq səviyyəli musiqi yarışlarında çıxış edərək böyük uğurlar qazanmışlar. Xüsusilə “Muğam” ansamblı, “Sevincin inciləri” qanunçalanlar ansamblı və “Qədim musiqi alətlər”i ansamblı qədim musiqi irsimizin yaşadılmasında önəmli rol oynayır.

Musiqi kollektivləri öz fəaliyyəti ilə respublikada və xarici ölkələrdə keçirilən mühüm tədbirlərdə respublikamızı layiqincə təmsil edirlər. Belə ki, kollecin tələbələri 1977-ci ildə Bakıda keçirilən ifaçıların I Respublika müsabiqəsində, 1980-1988-ci illərdə Bakı, Gəncə, Şuşa şəhərlərində keçirilən “Xarı bülbül” beynəlxalq folklor festivalında, 1980-1983-cü illərdə Bakıda keçirilən “Naxçıvan günləri”ndə, 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 60 illik yubileyi ilə əlaqədar Xankəndidə, 2000-2004-cü illərdə ifaçıların VIII və IX Ümumrespublika müsabiqələrində iştirak etmiş və uğur qazanmışdırlar. 2008-ci ildə Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Gənc ifaçıların I Respublika müsabiqəsi”ndə kollecin I kurs tələbəsi müsabiqənin baş mükafatı olan “Qran Pri”, 2019-cu ildə Bakı şəhərində keçirilən “Testene Art Baku” Beynəlxalq incəsənət festival-müsabiqəsində kollecin bir tələbəsi “Qran Pri”, mükafatına kollecin 1 müəllimi I yerə, digər tələbələri isə II və III yerlərə layiq görülmüşdürlər.

2021-ci ildə Nyu-Yorkda keçirilən “American Edition” Beynəlxalq müsabiqə-festivalında kollecin müəllimi, Prezident mükafatçısı Sevinc Babayevaya “Qran Pri” mükafatı verilmişdir. Bu uğur təkcə Sevinc Babayevanın fərdi nailiyyəti deyil, eyni zamanda Naxçıvan Musiqi Kollecinin uğurudur.

Qazanılan uğurlar bununla bitmir. 2023-2024-cü illərdə kollecin tələbələri Bakı şəhərində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqələrində 3 nominasiya üzrə I yerin qalibləri olmuş, muxtar respublikada keçirilən hüquq olimpiadası, intellektual bilik və idman yarışlarında uğurla çıxış edərək mükafata layiq yerlər tutmuşdurlar. 17 mart 2025-ci ildə isə Gənclərin Respublika Bədii Yaradıcılıq Evi publik hüquqi şəxsin təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 102-ci il dönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində Xoreoqrafiya sənəti nominasiyası üzrə 3 tələbəmiz I yer, 8 nəfər II yer, vokal nominasiyası üzrə 1 nəfər III yarin qalibləri olmuşlar.

Kollec yalnız tədris və ifaçılıq fəaliyyəti ilə deyil, eyni zamanda elmi-pedaqoji sahədə də fəallığı ilə bir sıra uğurlara imza atıb. Burada çalışan müəllimlər elmi yaradıcılıqla məşğul olur, musiqi təhsili, metodika və ifaçılıq sənətinə dair araşdırmalar aparırlar. Müəllim heyətinin bir çoxu müxtəlif respublika və beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edir, elmi məqalələri mətbuatda dərc olunur.  Onların bu fəaliyyəti Azərbaycan musiqi təhsilinin nəzəri bazasının zənginləşdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Kollecin müəllimi iki dəfə beynəlxalq müsabiqələr “Qran Pri” və Prezident mükafatçısı Sevinc Babayevanın onlarla elmi məqaləsi respublika və xarici jurnallarda işıq üzü görmüş, muxtar respublikanın  Əməkdar  müəllimi  Məhəbbət  Babayevanın  40-dan  artıq  elmi məqaləsi, Sevinc Babayeva ilə həmmüəllif olduqları üç dərs vəsaiti, 15-ə yaxın fənn proqramı, monoqrafiya və sair kimi elmi-tədqiqat işləri yerli və xarici indeksli jurnallarda dərc olunmuşdur.

Kollecin müəllim heyəti son 4 il ərzində respublikamızın bütün uşaq musiqi məktəblərində ustad dərslər keçirmiş, muğam lektoriyaları təşkil etmiş, istedadlı tələbələri ilə müxtəlif konsert proqramlarında, televiziyada, rayon və kənd məktəblərində çıxışlar etmiş, bunlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. 2023-cü il 31 may tarixdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sevincin inciləri” qanunçalanlar ansamblının Naxçıvan Dövlət Milli Dram Teatrında solo konserti ictimaiyyətə təqdim olunmuşdur. 2023-cü il 23 noyabr tarixdə “Qərbi Azərbaycana qayıdış” festival-konqresində kollecin “Naxçıvanqala” ritm qrupu, Simfonik orkestri, Sazçalanlar ansamblı, Muğam üçlüyü, Yallı qrupu və Xor kollektivi yaxından iştirak etmiş, elmi konfransda kollecin müəllimləri Sevinc Babayeva və Məhəbbət Babayeva “Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda elmi məqalə ilə çıxış etmişlər.

2023-cü il 29-30 dekabr tarixdə NDU və Musiqi Kollecinin birləşmiş simfonik orkestri ilk dəfə Van şəhəri Yüzüncü il Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə Van şəhərində yeni uğurlara imza atmışdır. Bu möhtəşəm tədbirdə səsləndirilən əsərlər həm Azərbaycan milli musiqisinin dərin ruhunu, həm də beynəlxalq musiqi dünyasına uyğun peşəkarlığı əks etdirmişdir.

2024-cü ilin aprel ayında isə həmin kollektiv ilk dəfə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir. Kollecin müəllimi Sevinc Babayeva Bakı şəhərində keçirilən Əhsən Dadaşovun 100 illik yubileyinə həsr olunmuş “II Qanun festivalı”nda uğurlu çıxış edərək mükafatlandırılmışdır.

2024-cü il 21-22 iyun tarixlərdə Zəngəzur Milli Parkında “Qərbi Azərbaycana qayıdış” festival-konqresində kollecin yaradıcı kollektivləri yaxından iştirak etmişdir. Kollektivlərin hazırlıq səviyyəsi və ifaçılıq ustalığı xüsusi rəğbətlə qarşılanmışdır.

Həmçinin 2024-cü 4 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş Heydər Əliyev Sarayında “Sevincin inciləri” qanunçalanlar ansamblının solo konserti ictimaiyyətə təqdim olunmuş, böyük rəğbətlə qarşılanmışdır. 2025-ci ilin mart ayında kollecin “Qədim xalq çalğı alətləri” ansamblının geniş konsert proqramı ictimaiyyətə təqdim edilmişdir.

Bu gün ixtisaslı gənclərin aşkara çıxarılaraq musiqi təhsilinə cəlb olunması, xalqımıza məxsus musiqi ənənələrinin yaradılmasında, xalq musiqimizin, eləcə də dünya və klassik musiqinin təbliği və öyrənilməsi sahəsində də məktəbin fəaliyyəti təqdirəlayiqdir.

Kollecdə fəaliyyət göstərən müəllimlərin əməyi yüksək qiymətləndirilmiş, onlar müxtəlif fəxri adlarla təltif olunmuşlar. Belə ki, 7 müəllim Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 7 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, 1 nəfər “Azərbaycan Respublikasının Əməkdar artisti”, 3 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi”, 2 nəfər “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülmüşlər.

Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan, 2025-ci il aprel ayının 28-də 50 yaşı tamam olan Naxçıvan Musiqi Kollecinin bu dövr ərzində 4000-dən çox məzunu olmuş, məzunların bir çoxu fəxri adlarla təltif edilmiş, elmi dərəcələr almışdır. Məktəb özünəməxsus tədris ənənələri, yaradıcı kollektivləri, elmi və ifaçılıq uğurları ilə seçilərək Azərbaycan musiqi təhsilində layiqli yerini tutmuşdur. Bu gün də məktəb həm təhsil, həm yaradıcılıq, həm də elmi sahələrdə ölkəmizin musiqi mədəniyyətinə və təhsil sisteminə dəyərli töhfələr verməyə davam edir. Kollektivimizin müəllim və yaradıcı heyətini yubiley münasibətilə ürəkdən təbrik edir, işlərimizdə və təhsil sahəsində yeni uğur və nailiyyətlər arzulayırıq.

Məhəbbət BABAYEVA

Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi,

Naxçıvan Dövlət Universiteti nəzdində

Naxçıvan Musiqi Kollecinin direktoru

Nəşr edilib : 28.04.2025 12:51