NAXÇIVAN :

15 Yanvar 2025, Çərşənbə

“20 Yanvar — Qəhrəmanlıq və qürur günümüzdür” mövzusunda 3 nömrəli tam orta məktəbdə tədbir keçirilib

...

“20 Yanvar – Qəhrəmanlıq və qürur günümüzdür” mövzusunda 13-16 yanvar tarixlərdə Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində və körpələr evi-uşaq bağçalarında qrafik əsasında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Qrafikə uyğun olaraq növbəti tədbir yanvarın 14-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 nömrəli tam orta məktəbdə keçirilib. 
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Qumral Fərəcova, məktəbin müəllim və şagirdləri iştirak ediblər. 
3 nömrəli tam orta məktəbin direktoru Jalə Hacıyeva giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb. Daha sonra “20 Yanvar Qəhrəmanlıq və qürur günümüzdür” mövzusunda çıxışlar dinlənilib. 
Tədbirdə çıxış edənlər 20 Yanvar 1990-cı ildə sovet qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıblar. Bildirilib ki, 35 il keçsə də, bu faciə öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi tarixi zəfərimizlə başa çatdı. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Xalqımız qəhrəman oğul və qızlarımızın şücaətini daim yüksək qiymətləndirir, onların xatirəsini hər zaman uca tutur.
Çıxışlar dinlənildikdən sonra 3 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, kompozisiyalar göstərilib və şəhidlərin xatirələri anılıb.

Nəşr edilib : 14.01.2025 22:14