Xəzər dənizində zəlzələ qeydə alınıb
22:54 17.05.2025
0
0
0
NAXÇIVAN :
18 May 2025, Bazar
80-ci illərin sonu – 90-cı illərin əvvəlləri Azərbaycanda təlatümlü tarixi hadisələr dövrü kimi xarakterizə oluna bilər. Bu dövrdə xalqımız öz qəhrəmanlıq və mübarizə tarixinin yeni səhifələrinin astanasında idi. 1987-ci ildən alovlanan mənfur qonşularımızın ərazi iddiaları və o dövrdə Azərbaycanda hakimiyyət və müxalifət arasındakı fikir ayrılığı 20 yanvar 1990-cı ildə xalqımıza qarşı törədilən böyük vəhşilik üçün zəmin yaratdı. 20 Yanvar xalqımızın həm faciə, həm də qəhrəmanlıq tarixidir. Bu hüznlü gün xalqımız böyük həmrəylik, sarsılmazlıq, iradə nümayiş etdirərək tankların qarşısına əliyalın çıxdı. Öz sinəsini gözünü qırpmadan ağır texnikanın qarşısına verdi. Azərbaycanın sonrakı müstəqillik tarixində çox mühüm yerə və rola malik olan bu gün xalqımız üçün dönüş nöqtəsidir. 20 Yanvar gecəsi başlanğıcı xeyli əvvəldən qoyulan hadisələrin kulminasiya nöqtəsi oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıda, o cümlədən ölkənin digər bölgələrində böyük qırğın törətdi. Bakıya daxil olan hərbi qüvvələrin əsasını erməniəsilli şəxslər təşkil edirdi. Lakin əvvəlcədən planlaşdırılmış bu insanlığa qarşı amansız cinayət, qanlı hadisə öz müstəqilliyi uğrunda mübarizə aparan xalqın əzmini qıra bilmədi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı şəhərə yeridilən hərbi qüvvələr Azərbaycanda misli görünməmiş faciə törətdi.
20 Yanvar hadisəsinə gətirib çıxaran yolda baş verənlərə nəzər salsaq, doğrudan da, hadisənin xüsusi bir ssenari əsasında əvvəlcədən planlaşdırıldığı aydın görünür. Çünki hələ hadisələr başlamamışdan əvvəl teleradio şirkətinin enerji bloku partladılaraq əhali informasiya blokadasına alınmış, elan edilmiş fövqəladə vəziyyət haqqında insanlar məlumatlandırılmamış, o dövrdə “milis” adlandırılan yerli polis orqanlarının nümayəndələri tərk-silah edilmiş, strateji əhəmiyyətli bir sıra yerlərin, o cümlədən xəstəxanaların elektrik enerjisi kəsilmişdi.
Küçələrə çıxan dinc əhaliyə qarşı törədilən bu vəhşilik nəticəsində Bakıda və ətraf rayonlarda 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin xidməti vəzifəsini yerinə yetirən təcili yardım işçiləri və milis nəfərləri də var idi.
Təəssüflər olsun ki, xalqın bu cür ağır faciəsinə ozamankı ölkə rəhbərləri lazımi reaksiyanı verə bilmədilər və ona görə də hadisəyə siyasi-hüquqi qiymət çox gec verildi. Lakin o zaman Moskvada yaşayan Ulu Öndərimiz Heydər Əliyev hər zaman olduğu kimi, bu dəfə də xalqın taleyinə biganə qalmadı və faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi və bu qırğını törədənlərin layiqincə cəzalandırılmasının vacibliyini vurğuladı. Elə həmin il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bu hadisəyə ilk siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə isə yenə ölkə Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış 20 Yanvar faciəsinə qiymət verən sənəd Milli Məclis tərəfindən təsdiq olundu.
Adətən, mübarizənin ön sıralarında olanlar daha çox zərər görür. Azərbaycan xalqı da SSRİ-nin dağılması ilə başlayan müstəqillik mübarizəsinin ön sıralarında idi. Ona görə də bu faciəni məhz biz yaşadıq. 20 Yanvar faciəsi bizə qurbanlar bahasına başa gəlsə də, xalqımız bir daha göstərdi ki, onun əzmini heç kim və heç bir ordu qıra bilməz. Bu hadisə xalqın müasir dövr qəhrəmanlıq dastanına çevrildi. Sonrakı dövrdə azadlıq mübarizəmizin məcrasını dəyişdi, onun əsas istiqamətverici qüvvəsi oldu. Məhz bu hadisələrin təsiri altında, burada öz canından keçmiş şəhidlərin mübarizliyindən nümunə götürən qəhrəman, vətənpərvər bir gənc nəsil yetişdi. O nəsil ki məhz 1987-ci ildən – torpaqlarımızın işğalının başlanması tarixindən 20 Yanvar hadisələrinə, o cümlədən sonrakı dövrdə verilən şəhidlərin timsalında Vətən torpaqları uğrunda canından keçməyi öyrənərək 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdi. Bu faciə Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri kimi ədəbiyyatımıza ilham verdi. Müstəqillik dövründə yaranan qəhrəmanlıq mövzulu ədəbiyyatın əsas mənbəyinə çevrildi. 20 Yanvar hadisəsinin qəhrəmanları obrazlaşdırıldı. Bu hadisə Azərbaycan Respublikasının suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş hər bir şəhidimiz xalqın qəlbində əbədi yaşayacaqdır.
Nuray ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər