Sahil Babayev əlillik pensiyası kəsilən şəxslərə y...
14:56 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
"Şərq qapısı" xəbər verir ki, 100 yaşlı Naxçıvan Muxtar Respublikasında uşaq hüquqları qorunur, onlara xüsusi həssaslıqla və qayğı ilə yanaşılır.
20 noyabr Ümumdünya Uşaq Hüququları Günüdür. 1954-cü ildə BMT-nin Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. Düz 65 il əvvəl, yəni 1959-cu il noyabrın 20-də BMT-nin Baş Məclisi Uşaq hüquqları Bəyannaməsini, 35 il əvvəl isə, yəni 1989-cu ilin həmin günündə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Uşaq hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır.
Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. Dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. 19 may 1998-ci ildə Azərbaycan Respublikasının “Uşaq Hüquqları Haqqında”, 22 iyun 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunları qəbul edilib. Bu hüquqi sənədlərdə uşaqların hüquq və azadlıqları, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələri müəyyən olunub. Bundan əlavə, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları Haqqında” Konvensiyasına qoşulub, “Uşaq Hüquqları Haqqında” Bəyannaməni qəbul edib.
Bu gün dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Prezident İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə ölkəmizdə uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün Dövlət proqramları qəbul edilir, ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə sosialyönümlü layihələr icra olunur.
Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. Onların hərtərəfli inkişafı təmin edilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında digər sahələr kimi uşaqlarla bağlı məsələlərin, xüsusən də təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib.
2023-cü il ərzində yerli icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının, 2024-cü il ərzində isə bələdiyyələr yanında gender komissiyalarının yaradılması, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın fəaliyyəti muxtar respublikada uşaq hüquqlarının pozulması halını sıfır səviyyəyə endirib. Komissiyalar tərəfindən uşaq müəssisələrində və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ünvanlarda, eləcə də uşaq əməyinin istismarı hallarının qarşısının alınması məqsədilə ictimai iaşə obyektlərində və sahibkarlıq subyektlərində monitorinqlər təşkil olunur. Komitə tərəfindən aparılan qabaqlayıcı-profilaktiki tədbirlərin nəticəsidir ki, monitorinqlər zamanı uşaq hüquqlarının pozulması ilə bağlı ciddi nöqsanlara rast gəlinmir.
2024-cü ilin 10 ayı ərzində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 15 sentyabr – Bilik Günü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında keçirilən tədbirlərdə 112-si aztəminatlı ailədən, 40-ı təkvalideynli, 4-ü sağlamlıq imkanları məhdud, 15-i çoxuşaqlı, 7-si qazi, 1-i şəhid uşağı olmaqla, ümumilikdə, 179 uşaq məktəbli geyimləri ilə təmin edilib. Əlavə olaraq Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə 34-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və 6-sı aztəminatlı ailələrdən olan uşaqlar olmaqla, ümumilikdə, 40 uşağa məktəbli geyimi, məktəbli çantası və ayaqqabı təqdim edilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində tələbə adını qazanan ali və orta ixtisas təhsili müəssisələrinə daxil olan 5-i valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və 16-sı sağlamlıq imkanları məhdud 21 uşaqla görüş keçirilib və hədiyyələr təqdim edilib.
2024-cü ilin 10 ayı ərzində komitə tərəfindən uşaqlarla bağlı keçirilən 49 tədbir, 7 seminar və 25 təlimdən 4073 nəfər iştirakçı yararlanıb, 1258 təbliğat materialı paylanılıb, uşaq hüquqlarının müdafiəsi ilə bağlı 42 monitorinq keçirilib. Yetkinlik yaşına çatmayan qızlara toy mərasimlərinin keçirilməsi ilə bağlı komitəyə daxil olan məlumatlar əsasında 8 dəfə uşaq evliliyinin qarşısı alınıb, 4 uşaq təhsildən yayındığı üçün təhsilə cəlb olunub. Qadın və uşaq hüquqlarının təbliği ilə bağlı “Erkən nikaha yox!” və “Uşaq əməyinə yox!” adlarında maarifləndirici posterlər, “Yaşıl dünya naminə həmrəy olaq” və “Sağlam həyat tərzi ilə gələcəyini qoru” adlı broşürlər və 2 mövzuda əlavə təqdimat materialı hazırlanıb.
Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, eyni zamanda sərbəst fikir söyləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yaradılan “Uşaq Səfirlər Məclisi”ndə muxtar respublikadan təmsil olunmaq üçün 13-16 yaş aralığında dünyagörüşü, biliyi, özünüifadə bacarığı və fəallığı ilə seçilən 13 uşaq platformaya qəbul olunub.
Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə 10 mart – Milli Teatr Günü ilə əlaqədar 120 nəfər uşağın cəlb olunduğu tamaşaya baxış olub, “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində isə xüsusi qayğıya ehtiyacı olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təkvalideynli, çoxuşaqlı ailələrdən olan 18 uşağın Naxçıvan şəhərində yerləşən muzeylərə ekskursiyası təşkil olunub.
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar keçirilən tədbirlər “Muxtariyyətin uşaqları – 100” mövzusunda muxtar respublikanın bütün rayonlarını əhatə edən silsilə tədbirlər keçirilib. Tədbirlərdə rayonlar üzrə incəsənət, təhsil və idman sahələri üzrə fərqlənən 45 oğlan və 23 qız olmaqla, 68 uşaq fəxri fərman və hədiyyələrlə təltif olunub. “Uşaqların rəngli dünyası” mövzusunda Naxçıvan şəhəri Əcəmi seyrəngahında keçirilən tədbirdə komitə tərəfindən Naxçıvan şəhəri üzrə incəsənət, təhsil və idman sahələri üzrə fərqlənən 16 uşaq fəxri fərman və hədiyyələrlə təltif olunub, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində təhsil alan 8 sağlamlıq imkanları məhdud uşağa Komitə tərəfindən, M. Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində təhsil alan və gecələyən 52 şagirdə isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən hədiyyələr təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlarının iştirakı ilə hemofiliyalı, talassemiyalı və leykozlu uşaqlar üçün qanvermə aksiyası keçirilib. 52 nəfərin iştirak etdiyi aksiyada 26 litr qan ehtiyatı toplanıb. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə xüsusi kateqoriyadan olan 45 nəfər uşaq (valideyn himayəsindən məhrum və bir valideynini itirmiş, eləcə də çoxuşaqlı ailələrdən olan) üçün Ağbulaq İstirahət Mərkəzində 3 günlük (28-29-30 iyun) “Yay məktəbi” keçirilib.
Bir sözlə, muxtar respublikada bütün kateqoriyadan olan uşaqların hüquqlarının qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi, təhsildə və sosial həyatda bərabər imkanlara malik olmaları üçün müxtəlif tədbirlər həyata keçirilir. Bundan sonra da Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət uşaq siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uşaq hüquqlarının qorunması ilə əlaqədar fəaliyyətini daha da çoxşaxəli və məqsədyönlü prinsiplər əsasında qurmağa çalışacaqdır.
Digər xəbərlər