NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

103 yaşlı mətbu orqanın gənc jurnalistləri

...

Gənclər cəmiyyətin parlaq gələcəyidir. Muxtar respublikamızda da onların öz bilik və bacarığı ilə cəmiyyətdə layiqli yer tutmalarının təmin edilməsi üçün lazımi şərait yaradılıb. Yaxın günlərdə 103 yaşını qeyd edən, muxtar respublikamızın əsas mətbuat orqanı olan “Şərq qapısı” qəzeti də gənclərdən qayğısını əsirgəməyib. Bu illər ərzində neçə-neçə insanın yoluna işıq tutan bu mətbu orqanın onların inkişafındakı rolu inkaredilməzdir. Bu reallığın ən yaxın şahidlərindən biri də mənəm... Əminliklə demək olar ki, 103 yaşlı bu qocaman söz çinarı biz gənc jurnalistlər üçün bir məktəbdir. Hazırda burada gənclərimiz həm işləyir, həm də jurnalistikanın bir-birindən zəngin, maraqlı tərəflərini öyrənirlər.

“Şərq qapısı” qəzetinin ən gənc jurnalistlərindən biri də həmkarım Rafiq Təhməzdir: “Mətbuat elə sahədir ki, haqqında nə qədər yazsam da, inanmıram ki, fikirlərimi yekunlaşdıra biləm. Bir əsrdən çox müddətdə baş verənləri müxtəlif zamanlarda, ərəb, kiril və latın əlifbası ilə bizə çatdıran bir mətbuat... Şərq mətbuatının açıq qapısı... “Şərq qapısı” qəzetdən daha çox bir məktəb kimi Xalq yazıçısı Mirzə İbrahimov, Əli Vəliyev və başqa şəxsiyyətlərin yetişdirdiyi jurnalistlərin yaratdığı məktəbin imzası altında uzun bir tarixi geridə qoymuşdur. Hazırda isə bu qəzetin ən gənc jurnalisti kimi doğma qəzetlə əməkdaşlıq edirəm. Akademik İsa Həbibbəylinin belə bir sözü var: “Yazmasam xəstələnər, oxumasam ölərəm”. “Şərq qapısı” 1921-ci ildən bu yana hər il yeni bir daş daha qoyaraq mətbuat qalasını inşa etmək yolunda irəliləyir... Mən də bu qəzetin bir ilə yaxındır ki, əməkdaşıyam. Bir əsrdən çox yaşı olan mətbuatın tarixində az bir zamandır çalışsam da, fəxr edirəm ki, “Şərq qapısı” adlanan mətbuat qalasının 103-cü yaşına şahidlik edirəm...”

Gənc jurnalist Araz Quliyev isə deyir: “Şərq qapısı” qəzeti ilə tanışlığım mənim üçün böyük məsuliyyətdir. Naxçıvanın hər guşəsini əks etdirən, illərin salnaməsi olan bir nəşrdə yer almaq tələbə bir jurnalist üçün gələcək həyatımda böyük bir təcrübə meydanıdır.

“Şərq qapısı” qəzeti Naxçıvanın mədəniyyətini, tarixini və sosial həyatını özündə əks etdirən bir nəşr olaraq regionun ən mötəbər və etibarlı media orqanıdır. Hətta ölkəmizin sayılan mətbu orqanı olan “Şərq qapısı” hər səhifəsində özünəməxsus bir rəng, hər cümləsində dərindən düşünülmüş bir məsuliyyət daşıyır. O, bir informasiya vasitəsi olmaqla qalmır, həm də əsl jurnalistlik sənətini gənclərə öyrədir. Bu qəzetdə çalışmaq, Naxçıvanın və Azərbaycanın tarixi irsinə xidmət etmək üçün əvəzolunmaz bir fürsətdir.

Həqiqətən, jurnalist olmaq hər gün yeni bir dünyanı, fərqli insanları tanımaq deməkdir. Lakin bu, sadəcə, gördüyünü yazmaq deyil. Hər yazıda vicdanın, ədalətin, obyektivliyin ön planda olmalıdır. İlk dəfə redaksiyaya daxil olduqda məni qarşılayan bu mənəvi məsuliyyət özünü bir az həyəcanla göstərdi. Müxtəlif sahələrdən xəbər hazırlamaq, məqalələr yazmaq və oxuculara Naxçıvanın nəbzini çatdırmaq... Bunların hər biri mənim üçün həm çətin, həm də xüsusi bir vəzifə borcudur”.

Bu gün gənc qələm sahibləri Ümummilli Lider Heydər Əliyevin qəzetimiz haqqında söylədiyi “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm... O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” fikrini özlərinə rəhbər tutublar. Çalışdığımız 103 yaşlı mətbuat orqanında gənc jurnalistlərdən yalnız əməli fəaliyyətləri, operativ, iti və kəsərli qələmləri ilə onlara göstərilən inamı doğrultmaq tələb olunur.

Bülbül Quliyeva

Nəşr edilib : 21.11.2024 16:46