Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamə...
08:35 09.04.2025
0
0
0
NAXÇIVAN :
09 Aprel 2025, Çərşənbə 05:17
Ömürboyu çoxlu çətinliklərlə qarşılaşan və hər birinə iradə ilə sinə gərən Misri Quliyeva 102 yaşında tarixə şahidlik edən bir insan olaraq bizimlə söhbət edir. Onun həyat hekayəsi təkcə özünün deyil, həm də Azərbaycanın bir çox nəslinin həyat yolunun izlərini daşıyır.
Misri nənə 1923-cü ildə Qərbi Azərbaycanın Qəmərli rayonunun Torpaqqala kəndində dünyaya gəlib. Uşaqlıq və gənclik illərinin bir hissəsi burada keçib, lakin 1948-ci ildə ailəsi ilə birlikdə ermənilərin təzyiqləri səbəbindən Şərur rayonuna köçməyə məcbur olub.
“Bizi orada sıxışdırırdılar, yaşamağa imkan vermirdilər. Yoldaşım Yusif və qızımız Müşkünazla birlikdə Şərura, Çəmənli kəndinə köçdük. Bu bizim üçün yeganə çıxış yolu idi”, – deyə Misri nənə o illəri ah çəkərək xatırlayır.
İkinci sinfə qədər təhsil alan Misri nənə məktəbin ermənilərin yaşadığı ərazidə olması səbəbindən təhsilini davam etdirə bilməyib. Qızların təhsil almasına icazə verilmədiyi üçün o da təhsilsiz qalıb. Lakin buna baxmayaraq, o, hər zaman müstəqil düşüncə və öz əməyi ilə həyatını qurmağa çalışıb.
“İkinci sinifdən sonra bizə oxumağa icazə vermirdilər. Oxuduğum məktəb ermənilərin sıx məskunlaşdığı yerdə idi. Təhsilim yarımçıq qaldı, amma həyat davam edirdi,” – deyə Misri nənə qeyd etdi.
Misri Quliyevanın həyatında zəhmət önəmli bir yer tutub. Şərur rayonuna köçdükdən sonra kolxozda sağıcı kimi işə başlamış və orada çalışaraq ailəsinin dolanışığına köməklik etmişdir. Kolxozda işlədiyi vaxtlar 15 iribuynuzlu heyvan təsərrüfatla məşğul olması üçün ona verilib.
“Həyatımın çox hissəsi əmək üzərində qurulub. Kolxozda işləyərkən hər şey əl ilə edilirdi, çox çətin idi. Amma biz heç vaxt çalışmaqdan qorxmadıq”, – deyə Misri nənə əlindəki gənclik fotosuna baxaraq gülümsünür.
7 övlad anası, 15 nəvə və 8 nəticə... Söhbət zamanı Misri nənənin övladları və nəvələri böyük bir diqqətlə söhbətimizi izləyir, nəticələri isə ətrafımızda qaçaraq oynayırdı. Misri nənənin xatirəsindən silinən hadisələri ailə üzvləri xatırladır və söhbətimizi davam etdirirdi...
Misri nənə uzun ömründə İstanbul və İran kimi bir çox yerə səfər edib. Onun dediyinə görə, İranda xalasını tapmaq və illər sonra ona qovuşmaq onun həyatındakı ən yaddaqalan anlardan biridir. O, uşaq yaşlarında xalasının İrana aparıldığını və illər sonra övladları ilə birlikdə İrana gedərkən onu tapdığını bildirir. Həmin hadisəni Misri nənə belə xatırlayır:
“Uşaq vaxtı mənə deyirdilər ki, xalam uşaq yaşlarından İrana aparılıb. Oğlanlarım da məni İrana aparan vaxt orada onu tapdım. O anı heç vaxt unuda bilmərəm”.
Bizim gəlişimiz zamanı Misri nənə “Şərq qapısı” qəzetindəki ilk çıxışı olmadığını, lakin çıxış etdiyi həmin tarixi dəqiq xatırlamadığını söylədi. Bu dəfə isə qəzetimizin gənc jurnalisti olaraq onunla söhbət etmək mənə qismət oldu.
Misri nənənin həyatı, keçdiyi yollar, təzyiqlərə, çətinliklərə qarşı göstərdiyi dözüm və ailəsinə olan sevgisi onun bir ömür boyu mübarizəsini və iradəsini göstərir. “Şərq qapısı” olaraq bu cür dəyərli insanların həyat yolunu oxucularımıza çatdırmaqdan böyük qürur duyuruq.
Rafiq TƏHMƏZ
Digər xəbərlər