NAXÇIVAN :

23 Yanvar 2026, Cümə

Akademik İsmayıl Hacıyev: Elə yaşamalısınız ki, dönüb geriyə baxanda yaşadığınız həyata təəssüflənməyəsiniz

img

Yanvarın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin 75 yaşı tamam olur. Bu münasibətlə İsmayıl müəllimlə görüşdük və elmə, tarixə, milli yaddaşa həsr olunmuş zəngin ömür yoluna nəzər saldıq. Söhbət zamanı onun elmi düşüncəyə çevrilmiş həyat fəlsəfəsi, uzun illər boyu daşıdığı ziyalı məsuliyyəti və prinsipial mövqeyi xüsusi diqqət çəkdi. Akademik İsmayıl Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi və ideoloji irsinə elmi sədaqəti, milli tarixin saxtalaşdırılmasına qarşı barışmaz mövqeyi ilə seçilən alimlərdəndir. O, tarixə yalnız keçmişin xatirəsi kimi deyil, gələcəyin düzgün qurulması üçün möhkəm elmi əsas kimi yanaşır. İsmayıl müəllimlə söhbətimizi onu həm alim, həm də şəxsiyyət kimi formalaşdıran əsas dəyərlər və həyat dərslərindən başladıq.

– Keçdiyiniz 75 illik həyat yolu prizmasından baxsaq, sizcə İsmayıl Hacıyevi bir alim və şəxsiyyət kimi formalaşdıran əsas dəyərlər və həyat dərsləri nələrdir?
– İnsanın həyat fəlsəfəsi yaşamaqdır. Çünki canlı orqanizm bunun üçün həyata gəlib. Müdriklərimizin “Yaşamaq yanmaqdır, yanasan gərək” ifadəsi hər bir insana aiddir. “Yanmaq” rəmzi məna daşıyır, necə yaşamağı ifadə edir. İnsan həyatda insan kimi yaşamalıdır, insan üçün nə caizdirsə, həyatını ona uyğun qurmalıdır. Hər bir insan həyatda formalaşır. Onun, ilk növbədə, insan kimi formalaşmasına bir sıra amillər təsir edir: gendən gələnlər və həyatda qazanılanlar. İkinci tərəf həlledici yer tutur. İnsanın təhsili, qarşılaşdığı yoldaşlar, ictimai mühit, ailə mühiti, ən başlıcası isə şəxsi nümunə insanın formalaşmasına əsaslı təsir göstərir. 
Konkret olaraq əsas dəyərlərə gəldikdə həmin dəyərlər həm insanı formalaşdırır, həm də formalaşmış dəyərlər insanın şəxsiyyətini müəyyən edir. Bu, milli-mənəvi dəyərlərdir: danışığına, hərəkətlərinə, insani münasibətlərə, özündən böyüklərə hörmət, kiçiklərə diqqət və qayğı, ailəyə hörmət, yaşadığın ölkənin əsl vətəndaşı olmaq, səliqə-sahmanlı olmaq, hər yerdə adını və şərəfini uca tutmaq və sair. Həmişə bunlara əməl etməyə çalışmışam.
Alim də birdən-birə formalaşmır. Bunun üçün də çoxlu amillər saymaq olar. Alim olmaq istəyənlərdə müəyyən mənada qabiliyyət və istedad olmalıdır. Qabiliyyət və istedad isə təhsillə, şəxsi mütaliə ilə, əməksevərliklə, çalışqanlıqla inkişaf etdirilir. Alim adı heç də hər tədqiqatçıya yaraşmır. “Hər oxuyan alim olmur” ifadəsi təsadüfən deyilməmişdir. “Elmlə” “helm” alimliyə gedən yolda vəhdət təşkil etməlidir. Alim hər gün öyrənməlidir. Alim həm də ziyalı olmalıdır. 
Bütün bunlar insanları həyatdan dərs almağa, öyrənməyə sövq etməlidir: insan insan olmalıdır, insani keyfiyyətlərə yiyələnməlidir, üzərinə düşən vəzifələri ləyaqətlə və əvəz gözləmədən yerinə yetirməlidir, həyatı öyrənməlidir, naqis hərəkətlərdən uzaq olmalıdır. Bunlar alim tövsiyəsi deyil, alimi və şəxsiyyəti formalaşdıran dəyərlərdir, həyat dərsləridir. 
– Uşaqlıq illərinizin keçdiyi Xanəgah kəndi və Əlincə mühiti sizin dünyagörüşünüzə və tarixçi kimi formalaşmağınıza necə təsir göstərib?
– Doğulduğum və yaşadığım Xanəgah kəndi tarix və mədəniyyət abidələri ilə tanınır. Əlincə qalası, Xanəgah türbə kompleksi, Əmirxan türbəsi, XVIII əsr məscidi, Yuxarı Çeşmə abidəsi və başqaları hər bir uşağın yaddaşında əsaslı izlər buraxır. Bu o demək deyildir ki, bu abidələrin əhatəsində yaşayan uşaqlar tarixçi olmalıdır. Bu amil var, bundan kimisi faydalanır, kimisi də yox. Əmir Teymurun ordusunun 14 il Əlincə qalasını mühasirədə saxlaması, Hürufilik təlimi, onun banisi Şeyx Fəzlullah Nəiminin Xanəgahda yaşamasını tez-tez yaşlılardan eşitsək də, hələ onun mahiyyətini o qədər də dərk etmirdik. Lakin bir cəhət bizi qürurlandırırdı ki, bizim kənd tarixi kənddir, yeni yaranmayıb. Yaşadığımız evin yanında üzüm bağı var idi, o, Xan bağı adlanırdı. Sonradan bildik ki, bu, Naxçıvan xanlarına aid imiş. Təbii ki, bütün bunlar və mühit, yaşlıların söhbətləri istər-istəməz dünyagörüşümə müsbət təsir göstərib. Bu sahədə ailə mühitimiz və tarix müəllimlərimin rolunu da qeyd etməliyəm. 
– Azərbaycan tarix elminə verdiyiniz töhfələr arasında sizin üçün ən əziz və məsuliyyətli hesab etdiyiniz tədqiqat hansıdır? Naxçıvanın dövlətçilik tarixinin araşdırılması niyə sizin elmi fəaliyyətinizin əsas xəttinə çevrildi?
– Azərbaycan tarixinin, xüsusilə də Naxçıvan tarixinin bəzi problemlərinin tədqiqi ilə məşğul olmuşam. Tədqiqat işlərinə başladığım ilk illərdə məndən soruşurdular ki, Naxçıvanşahlıq haqqında nə deyə bilərsiniz? Mən bunun Naxçıvan xanlığı olduğunu güman edirdim. Sonradan öyrəndim ki, Naxçıvan şahlığı 980-1066-cı illərdə, Naxçıvan xanlığı isə 1747-1828/40-cı illərdə mövcud olub. Hər iki qurum dövlətçilik atributlarını özündə cəmləşdirmişdi. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin (1136-1225) paytaxt şəhəri olması, Naxçıvan tüməni, Naxçıvan sancağı, Araz-Türk Cümhuriyyəti və başqalarının dövlətçilik tarixində mühüm rol oynamaları mənim bu istiqamətdə marağımı artırdı və tədqiqat işimdə Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində tutduğu yeri öyrənməyə çalışdım.
İstənilən mövzunun öyrənilməsi tədqiqatçıdan məsuliyyət tələb edir. Tədqiqatçı həmin mövzunu əsaslı tədqiq edib özünə hörmət qazandıra da bilər, əksinə, özünü hörmətdən sala da bilər, ciddi tədqiqatçı olmadığı fikrini özünə yönəldə bilər. Ona görə də tədqiqatçı nəyi tədqiq etdiyini bilməlidir. 
Mənim üçün ən əziz və məsuliyyətli hesab etdiyim tədqiqat işi Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın yeri və roludur. Bu istiqamətdə 1985-ci ildən tədqiqat aparıram. Bununla əlaqədar 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” mono­qrafiyam Bakıda 2018-ci ildə, 2020-ci ildə isə Sankt-Peterburqda işıq üzü görmüşdür. Bu istiqamətdə başqa kitablarım da nəşr edilib. 
– Bu gün Azərbaycan tarix elminin qarşısında duran əsas çağırışları nədə görürsünüz? Tarixin saxtalaşdırılmasına qarşı elmi mübarizədə alim məsuliyyəti sizcə nədən ibarətdir?
– Tarix elmi elə bir ictimai elm sahəsidir ki, onun tədqiqat obyekti müxtəlif olsa da, təəssüf ki, onun tədqiqində müxtəlif baxış bucaqları da ortaya çıxa bilir. Burada tarixçinin obyektiv mövqeyi ilə yanaşı, bəzi hallarda  dövlətin də mövqeyi özünü göstərir. Son dövrlərin adi bir misalı: Azərbaycan təyyarəsinin qəzaya uğramasına müxtəlif baxışlar. Rusiya nümayəndələri əvvəlcə bunu quş topası ilə əlaqələndirirdilər, sonra isə buludlu, çənli hava ilə ört-basdır etməyə çalışdılar. Lakin əsl həqiqət, fakt onu söyləməyə əsas verir ki, təyyarə açılan atəş nəticəsində zərbə almış və idarəetmə itirilmişdir. 
Bəzən tarixi fakt və hadisələrə belə münasibət özünü göstərir. Sovetlər birliyi dövründə bir sıra problemlərin öyrənilməsi ya mümkün olmamış, ya da təhrif olunmuşdur. N.Nərimanov, H.Aslanov və başqa görkəmli azərbaycanlıların ölüm səbəbi və b. Ona görə də Azərbaycan tarix elminin qarşısında duran əsas vəzifə beşminillik dövlətçilik tarixi, itirilmiş ərazilərin tarixi, görkəmli şəxsiyyətlərin tarixi, mədəniyyət tarixi və başqa problem məsələlər obyektiv və hərtərəfli tədqiq edilməlidir.  
– Heydər Əliyev şəxsiyyəti və siyasi irsi sizin elmi baxışlarınıza hansı yeni ölçülər gətirdi? Ümummilli Liderin fəaliyyətinin Naxçıvan dövrünü tədqiq edərkən sizi ən çox təsirləndirən məqam nə olub? Bu gün gənclərin Heydər Əliyev irsini öyrənməsində alimlərin rolu nədən ibarət olmalıdır?
– Ulu Öndər Heydər Əliyev dünyanın nadir dövlət və ictimai-siyasi xadimlərindən biridir. O, hərtərəfli inkişaf etmiş dövlət xadimidir. Ümummilli Lider siyasəti bildiyi kimi, iqtisadiyyatı da yüksək səviyyədə bilirdi, idarəetmənin isə ustadı idi.
Fəaliyyətim dövründə Ulu Öndərin siyasi irsini və şəxsi keyfiyyətlərini öyrənməyə çalışmışam. Onun şəxsiyyəti çox ucada idi, təsadüfi deyildir ki, dünyanın ən nüfuzlu dövlət adamları, elm, mədəniyyət xadimləri onunla münasibət qurmağa çalışırdılar. Heydər Əliyevin şəxsiyyəti hər birimiz üçün nümunədir, biz bundan şərəf duyuruq. Onun şəxsiyyətinin elə yüksək və nadir keyfiyyətləri vardır ki, dünyada onun bənzəri yoxdur.  Ulu Öndərin şəxsiyyəti öyrənilməmiş dünyadır, bu gün də öyrənilir, bundan sonrakı illərdə də daim öyrəniləcəkdir. “Elmi baxışlarıma hansı yeni ölçülər gətirdi?” fikri qeyri-adi səslənir. Onun yüksək vətənpərvərliyi, azadlıq və müstəqillik duyğuları, tarixi yaddaşın bərpası, özünüdərk və soy-kökə qayıdış, xalqa bağlılıq, milli dövlətçilik məfkurəsi, milli-mənəvi dəyərlərin qiymətləndirilməsi və bu kimi ölçüləri öyrənir və bunlara əməl etməyə, yerinə yetirməyə səy göstəririk.
Ümummilli Liderin Naxçıvan dövrü fəaliyyəti mahiyyəti və əhəmiyyətinə görə çox qiymətlidir və buna Ulu Öndərin özü də yüksək dəyər vermişdir. Qüdrətli dövlət xadimi Naxçıvanın xilası naminə düşmən ölkənin Prezidenti ilə Sədərək ərazisində danışıq aparırdı. Bu təsiredici bir səhnə idi. İkinci bir xoş təsir isə 28 may 1992-ci ildə “Ümid” körpüsünün açılışı idi. Ulu Öndər ürəklə, yüksək sevinc hissi ilə çıxış edirdi. Bu hadisədən qürur duyur, sevinirdik.
Heydər Əliyev irsi hər birimiz üçün təlimdir, proqram sənədidir, özümüz öyrəndiyimiz kimi, gənc nəslə də öyrətməliyik. Təkcə alimin yox, müəllimin, hər bir ziyalının borcudur. Borc isə yerinə yetirilməlidir.
– İsmayıl müəllim, istərdik ki, rəhbərlik etdiyiniz AMEA Naxçıvan Bölməsinin fəaliyyətinə nəzər salaq...

– AMEA Naxçıvan Bölməsi Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə yaradılıb. Həmin vaxt 500 ştat, 100 faiz əlavə əməkhaqqı ilə 6 elmi-tədqiqat müəssisəsi fəaliyyətə başlamışdı. Fəaliyyətimiz dövründə hər cür diqqət və qayğı ilə əhatə olunmuşduq. Qürurverici anlardan biri Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin AMEA Naxçıvan Bölməsinin yaradılmasına həsr edilmiş (12 avqust 2002-ci il) müşavirəyə sədrlik etməsi idi. Həmin müşavirə Naxçıvanda keçirildi və Ulu Öndər proqram xarakterli nitq söyləyərək bölmənin qarşısında duran vəzifələrdən bəhs etdi.
İkinci belə bir an isə Prezident İlham Əliyevin AMEA Naxçıvan Bölməsinin ikinci binasının (Təbii Ehtiyatlar İnstitutu, Əlyazmalar Fondu, Batabat Astrofizika Rəsədxanası və b. yerləşdiyi bina) açılışında iştirak etməsi idi. Bu hadisələr bu gün də Naxçıvan Bölməsi əməkdaşlarının hafizəsindən silinməyib, xoş xatirə kimi tez-tez xatırlanır.
23 illik fəaliyyətimiz dövründə Azərbaycan Milli Elmlər Akademiyasında ən yüksək göstəricilər bölməmizə aid olmuşdur. Təkcə belə bir faktı qeyd edim ki, bizdə bir elmi işçiyə düşən əsər sayı həmişə 8-12 faiz arasında olub. 2025-ci ildə bu 10,4 faizdir.
Elmi mühitin uğur qazanması isə qayğı və tələbkarlıqdan asılıdır. Əməkdaşlar hər ay 150 faiz miqdarında əlavə əməkhaqqı alırdılar, 15-ə yaxın elmlər doktoru AMEA-nın həqiqi və müxbir üzvü seçildilər, 5 nəfər əməkdaş şəhərdə evlə təmin olundu. Bütün bunlar elmi əməkdaşların fəallığını artırırdı.
Azərbaycan elminin inkişafı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Prezident İlham Əliyevin ötən il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində şəxsən iştirakı bu sahəyə verilən yüksək dəyərin və ziyalı təbəqəyə göstərilən ehtiramın aydın təzahürüdür. Dövlət başçısının həmin tədbirdə səsləndirdiyi fikirlər elmi ictimaiyyət üçün strateji baxışın ifadəsi olmaqla yanaşı, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm mesajlar kimi dəyərləndirilir. Bu çıxış, əslində, elmin qarşısında dayanan çağırışları və dövlətin elmə verdiyi davamlı dəstəyin mahiyyətini özündə birləşdirən konseptual sənəd rolunu oynayır.
– Onlarla elmlər doktoru və fəlsəfə doktoru yetişdirmisiniz. Müəllim olaraq ən böyük qazancınız nədir? Gənc tarixçilərə verdiyiniz ən əsas tövsiyə nədir?

– Hər bir alim, xüsusilə də elmlər doktoru, akademik və müxbir üzvlər öz məktəbini yaratmağa çalışmalı, yetirmələri olmalıdır. Elmlər doktoru tanıyıram ki, fəaliyyəti dövründə 1 nəfər də olsa, fəlsəfə doktoru hazırlamayıb. Bu alim deyilən ziyalı üçün çox böyük qüsurdur. Elmi rəhbər və məsləhətçiliyimlə 32 nəfər elmi dərəcəli tarixçi kadrlar hazırlanıb ki, bunlardan 10 nəfəri elmlər doktorudur. 25 nəfərin fəlsəfə və elmlər doktoru dissertasiya müdafiəsində rəsmi opponent olmuşam. Bu işləri bu gün də davam etdirirəm. Bunlar arasında xarici ölkə tədqiqatçıları da olmuşdur.

1974-cü ildən orta ümumtəhsil məktəbində, 1978-ci ildən isə ali təhsil müəssisələrində müəllimliklə də məşğul oluram. Mənə elə gəlir ki, yaxşı müəllim orta məktəbdə yetişir. Ali məktəbdə isə müəllim həm də tədqiqat işini yerinə yetirir. Müəllim olaraq ən böyük qazancım dərs dediyim tələbələrin hörmətini qazanmaqdır. Tələbələr müəllimi bütün keyfiyyətləri ilə düzgün müəyyən edə bilir. Bir faktı xatırlayıram. 2025-ci ilin sonlarında      NDU-nun Filologiya fakültəsini 30 il bundan əvvəl bitirmiş bir qrup məzun mənimlə görüşmək istədiklərini bildirdilər. Düzü bunu bir qədər təəccüblə qarşıladım. Mən onların tarixçi məzunlar olduğunu düşünürdüm. Söhbət əsnasında məlum oldu ki, onlar filoloqdurlar və tələbəlik dövründə onlara mühazirə aparmışam. Yaxşı və təmənnasız müəllim böyük bir ömür qazanmış olur.
Gənc tarixçilər həmişə öz üzərlərində işləsinlər, mütaliədən qalmasınlar, araşdırmalar aparsınlar, arxivlərə getsinlər, orijinal tədqiqatlar üçün aktual mövzulara müraciət etsinlər.
– Boş vaxtlarınızda nə işlə məşğul  olmağı sevirsiniz?

– 50 ildən artıqdır ki, kitab əldə etməklə məşğulam. Kitabxanamda bir sıra xarakterli kitablar toplanıb. Zəngin kitabxanası olan alim, müəllim üçün boş vaxt tapmaq bir qədər çətindir. Çünki kitablar qulluq tələb edir, səliqəliliyi, təmizliyi sevir. Bu vaxt oxumadığın, yaddan çıxan kitablar rastına çıxır. Həmin kitablar boş vaxtını alır, lakin sənə yeni məlumatlar verir. 
Vaxtımın bir hissəsini dövri mətbuata ayırıram. 1978-ci ildən bu günə qədər qəzetlərə baxmasam, özümü narahat hiss edirəm. Qəzetlər boş vaxtımın yoldaşıdır. Düzdür, bəzi adamlar bunu sosial şəbəkələrlə əvəz etməyi düşünürlər. Mən bunun əleyhinəyəm. Sosial şəbəkələrə baxmaq vaxt itirməkdir.
Təbiəti, yaşıllığı da çox sevirəm. Bağçamızda, əgər ona bağça demək mümkünsə, əkdiyim güllərə və ağaclara qulluq edirəm. 
– Sizcə əsl ziyalı hansı xüsusiyyətləri özündə birləşdirməlidir?
– Məncə ziyalı “ziya” sözündən yaranıb. Ziya isə işıqsaçan mənasında işlənir. Yəni ziyalıda müəyyən insani keyfiyyətlər olmalıdır ki, o da insanlara təsir edə bilsin. İlk növbədə, təhsilli olmalıdır. Təhsili olmayan ziyalılar istənilən qədərdir. Demək, təhsil vacibdir, lakin əsas şərt deyil. Ziyalı bilikli və geniş dünyagörüşlü olmalıdır. Bir çox sadə adamları tanıyırıq ki, mükəmməl biliyə və geniş dünyagörüşünə malikdir. Orta məktəb müəllimi Əsəd müəllimi Naxçıvanda  çox adam tanıyırdı. O, elmlər doktoruna dərs demək gücündə olan ziyalı idi. Ziyalı dürüst olmalı, sözü ilə əməli üst-üstə düşməlidir. Bunlar mənim düşüncələrimdir. Hər bir insanın buna istənilən qədər əlavəsi ola bilər. 
– Həyatda sizi ən çox sevindirən və ən çox narahat edən məqamlar barədə nə deyə bilərsiz?
– Ölkəmizin müstəqilliyinin bərpa edilməsi, ərazi bütövlüyü, suverenliyimizin qazanılması, işğal edilmiş torpaqlarımızın azad edilməsi, qaçqınlarımızın öz yurdlarına qayıtmaları ən çox sevindirici hadisələrdəndir.
Bəzi adamların öz yerini bilməmələri, ikiüzlülüyü, insan adı daşısa da, nalayiq hərəkətlərə yol verməsi cəmiyyətimizi narahat etdiyi kimi, məni də narahat edir.
– Bu gün geriyə baxanda “Yaxşı ki, belə etdim” dediyiniz qərar var?
– Həyatda hər bir insan bir iş dalınca gedəndə, özünə həyat amalı seçəndə fikirləşməli olur, yekunda müəyyən qərara gəlir. Qərardan sonra düz və ya səhv etdiyini başa düşür. Mənim də həyatımda belə anlar istisna deyil. AMEA Naxçıvan Bölməsinin sədri vəzifəsi mənə təklif ediləndə imtina etmişdim. Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi müşavirədə çıxış edən zaman qərarımı dəyişdim, həmin vəzifəni qəbul etdim. Bölmənin sədri işləyərkən isə Bakıdan vəzifə üçün başqa bir təklif aldım. Həmin təklifi qəbul etmədim. Yaxşı ki, belə etdim.
– 75 yaşdan sonrakı dövr üçün hansı elmi planlarınız və arzularınız var?
– İnsanın yaşlanması dağa çıxmağa bənzəyir. Dağa çox ağır-ağır çıxırsan. Zirvədən yenərkən isə çox sürətlə yenirsən. İnsanın həyatı da belədir. 50 yaşa qədər illər sanki uzanır. 50 yaşdan sonra isə illər bir-birini sürətlə əvəz edir. Elmi planlar çoxdur. Ömür vəfa etsə, biblioqrafiyamı təkmilləşdirib yenidən nəşrinə nail olmaq, seçilmiş əsərlərin çapını həyata keçirmək, görkəmli şəxsiyyətləri özündə əks etdirən “Şəxsiyyətlər” kitabını tamamlamaq, Naxçıvan Muxtar Respublikasının müstəqillik dövr tarixini monoqrafiya kimi çap etdirmək və sair.
Plan və arzular insanın sağlamlığından da asılıdır. Bu imkan olarsa yerinə yetirilməsi işlər çoxdur. 
– Hörmətli İsmayıl müəllim, biz də “Şərq qapısı” qəzetinin kollektivi adından sizi təbrik edir, möhkəm cansağlığı, uğurlar arzulayırıq. Çox sağ olun...

Müsahibəni apardı: Sara Əzimova 
“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalisti

 

DAHA ƏTRAFLI